YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdam dünyaya bir Azərbaycan möcüzəsi kimi təqdim olunacaq

Bəxtiyar Mustafayev

YAP Mingəçevir şəhər təşkilatı sədrinin müavini

Bu gün Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərinə həyat yenidən qayıdır. Prezident İlham Əliyevin azad edilmiş rayon və bölgələrə hər səfəri zamanı bu ərazilərdə bir neçə yeni obyektin açılış və ya təməlqoyma mərasiminin keçirilməsi də artıq bir ənənə halını alıb. Bu ənənə aparılan işlərin birbaşa dövlətimizin nəzarətində olduğunun ən bariz sübutudur.

O cümlədən Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın oktyabr ayının 4-də Ağdam rayonuna etdikləri səfər bir çox önəmli hadisələrlə əlamətdar oldu. Səfər çərçivəsində Prezident və birinci xanım Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, City Hotel Agdam mehmanxanasının, Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yolu və avtovağzal kompleksinin, rayonun Sarıcalı kəndinin təməlqoyma mərasimlərində və Xurşidbanu Natəvanın abidəsinin açılışında iştirak ediblər.

Məlumdur ki, işğal dövründə Ağdam şəhəri də ermənilər tərəfindən tamamilə dağıdılıb, viran qoyulub. Oktyabr ayının 5-də Ağdamda təşkil olunmuş Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, xarici jurnalistlər tərəfindən “Qafqazın Xirosiması” adlandırılmış Ağdam şəhərinin tamamilə dağıdılması erməni faşizminin xüsusi qəddarlıq və barbarlığından xəbər verir. Həmçinin işğal dövründə eyni dağıntılara Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının da şəhər və kəndləri məruz qoyulub. Qeyd edək ki, Forumun 40-dan artıq xarici ölkəni təmsil edən iştirakçıları da erməni barbarlığı və vandalizminin acı nəticələrini görmək imkanı əldə etdilər.  Bütün binaların dağıdılmadığı yeganə yerlər isə Şuşa, Laçın və qismən Kəlbəcər olub. Bunun yeganə səbəbi də odur ki, Ermənistan dövləti müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti yürüdürdü. Bu isə, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması hesab olunur.

Ən çox təəssüf doğuran məqamlardan biri də budur ki, bütün bu cinayətlər faktiki olaraq aşkar şəraitdə, dünya ictimaiyyətinin gözü qarşısında baş verib. 30 il ərzində ATƏT-dən mandatı olan Minsk Qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar. Bu isə öz növbəsində erməniləri daha da azğınlaşdırıb. Ermənilər işğal dövründə 1 milyondan çox mina basdırıblar. Posrmüharibə dövründə təxminən 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Bu rəqəm hər həftə artır. Başqa sözlə desək, Azərbaycana və azərbaycanlılara qarşı erməni terroru bu gün də davam edir. Dövlət başçımızın dediyi kimi, BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların və digərlərinin Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etməsinə, xüsusilə BMT Təhlükəsizlik Şurasının 30 il ərzində kağız üzərində qalan 4 qətnaməsinə və Azərbaycanın Ermənistana qarşı müvafiq sanksiyalar tətbiq etməklə bağlı bütün müraciətlərinə baxmayaraq rəsmi İrəvan öz işğalçı siyasətindən əl çəkmədi.

Lakin bütün bunlara baxmayaraq, Azərbaycan yenə də sülh çağırışlarına davam edir. Prezident İlham Əliyev bu məsələyə də toxunaraq bildirib ki, bu yaxınlarda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin baş tutmuş görüşmələri sülh prosesi ilə bağlı müəyyən nikbinlik yaradıb. Artıq Ermənistan da gedən prosesləri obyektiv təhlil etməli, Azərbaycan xalqının iradəsini, Azərbaycanın potensialını düzgün qiymətləndirərək sülh sazişinin bağlanması yönümündə adekvat qərarlar qəbul etməlidir.