YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kəlbəcərin döyüşsüz azad edilməsi şanlı Qələbəmizin nəticəsidir

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi zəfəri siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Kəlbəcər  rayonu qan tökülmədən, şəhid verilmədən geri qaytarıldı.

Noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentlərinin, habelə Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər, Laçın və Ağdam rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etməlidir. Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycana qaytarılmalı idi, lakin Ermənistan tərəfinin müraciəti əsasında Rusiya dövlətinin xahişi ilə sonradan Ermənistana Kəlbəcəri təhvil vermək üçün 10 gün əlavə möhlət verildi. Belə ki, noyabrın 25-də Kəlbəcər  rayonu  artıq işğaldan azad olundu. İşğaldan azad olunan Kəlbəcər rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçib. Beləliklə, 27 illik işğaldan sonra Kəlbəcər azadlığına, öz sahiblərinə qovuşdu.

Qeyd edək ki, Kəlbəcər 1993-cü ilin aprelin 2-də işğal edilmişdi və ermənilər üçün bu bölgəmizin işğalı xüsusi əhəmiyyət daşıyırdı. Kəlbəcərin işğalı nəticəsində onminlərlə soyda­şımız məcburi köçkünə çevrilmişdi. İllərdir tor­paqlarımızı işğal altında saxlayan erməni vandalla­rının əməlləri barədə BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul etmişdi. Bu qətnamə BMT Təhlükəsizlik Şurasının Kəlbəcərin işğalından bir neçə gün sonra, 1993-cü il aprelin 30-da keçirilən iclasında qəbul olunmuşdu. Sənəddə bütün hərbi əməliyyatların dərhal dayandırılması, işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın digər işğal edilmiş rayonlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi.

Lakin ötən 27 ildə Ermənistan bu qətnamənin tələblərini yerinə yetirməyib. Qətnamənin icrasız qalmasının əsas səbəbi isə ATƏT-in Minsk qrupunun həmsədrlərinin danışıqlar prosesi zamanı işğalçıdan bunu tələb etməmələri olub. Lakin 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan işğalçını BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin tələblərini güc yolu ilə yerinə yetirməyə məcbur etdi. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail oldu.

Bu gün Kəlbəcəri tərk edən erməni əhalisi 1993-cü ildə rayonun işğalından sonra orada qeyri-qanuni məskunlaşıb. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən işğalçı Ermənistan Kəlbəcər ərazisində ermənilərin fəal məskunlaşdırılmasına başlayıb. Qeyri-qanuni yaşadıqları əraziləri - Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüblər. Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün bütün şəraiti yaradıb.

Buna baxmayaraq, Kəlbəcər həm də XXI əsrdə erməni vandalizminin əyani nümunəsinə çevrilib. Ermənilər buranı tərk edərkən evləri, məktəbləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər.

Bu gün təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq, 1993-cü ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub, dağ yolları ilə, ayaqyalın, piyada şəkildə erməni təcavüzkarlarından qaçıb xilas olublar. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. Nəticədə Kəlbəcərdə 500-dən artıq dinc sakin həlak olub, yüzlərlə insan girov və ya itkin düşüb. Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı Ermənistan ordusu tərəfindən qarət olunub. Bu gün baş verənlər həm də Azərbaycan və Ermənistan arasındakı fərqi anlamaq üçün mühümdür.

Kəlbəcər ərazisinin dağlıq relyefi, füsunkar təbiət mənzərələri, keyfiyyətli su ehtiyatları və tarixi abidələri buranın gələcəkdə turizm məkanı kimi şöhrət tapacağına zəmin yaradır. Rayon ərazisi nəinki yay turizminin, eləcə də qış turizminin də inkişafı üçün böyük potensiala malikdir. Rayonda infrastrukturun yaradılması, otel və digər turizm mərkəzlərinin qurulması yerli turistlərlə yanaşı, xarici ölkələrdən turistlərin buraya cəlb edilməsinə şərait yaradacaq.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərə də həyat yenidən qayıdır.

DİGƏR Xəbərlər Arxiv