YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Laçın rayonunun yeni inkişaf dövrü başlayıb

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Hər bir tarixi gün keçilən yolun təhlilini  bir zərurətə çevirir. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli Bəyanatın şərtlərinə uyğun olaraq 1 dekabr 2020-ci ildə Laçın Azərbaycana qaytarıldı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu xəbəri xalqa çatdırarkən səsləndirdiyi “Bu 17 il ərzində dəfələrlə bizə müxtəlif yerlərdən, xarici dairələrdən belə siqnallar gəlirdi ki, indi beş rayonu alın, bununla da kifayətlənin. Siz müharibədə məğlubiyyətə uğramısınız, Ermənistan müharibədə, - Birinci Qarabağ müharibəsi nəzərdə tutulurdu, - qələbə qazanıb. Siz reallıqlarla razılaşın. İndi beş rayon ki, sizə vəd verilir, o da böyük şeydir, siz onu alırsınız, Laçın, Kəlbəcər də qalsın sonraya, siz nə vaxt müstəqillik versəniz Dağlıq Qarabağa, o vaxt da o rayonların bir hissəsi sizə qayıda bilər. Mən isə həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz” fikirlər bu tarixi ana qədər keçilən yolun ümumiləşdirilmiş ifadəsidir.

Azərbaycan dövləti heç zaman  müharibə variantını  istisna etmirdi. Bütün bu illər ərzində bütün gücümüz səfərbər edilərək ölkəmiz gücləndirildi, həm beynəlxalq müstəvidə, həm ölkə daxilində böyük güc topladıq. Birliyimizi, həmrəyliyimizi möhkəmləndirdik. Bu güc dəmir yumruq formasına gətirilərək düşmənin belini qırdıq və yeni reallıqlar yaratdıq.

Digər ərazilərimiz kimi, Laçın rayonunda da bərpa və quruculuq işlərinin miqyası genişdir. Belə ki, rayonda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Prezident İlham Əliyev bildirmişdi: “Bu, azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır və bunun çox böyük əhəmiyyəti, böyük rəmzi mənası var. Biz qayıdırıq bu torpaqlara. Biz Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik. Düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Onların hamısı bərpa ediləcək.” Prezident İlham Əliyevin Sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq. Laçın rayonunda Beynəlxalq Hava Limanının tikintisinə start verilib. Azad edilmiş torpaqlarda ümumilikdə üç beynəlxalq hava limanı fəaliyyət göstərəcək. Hava limanlarının mülki aviasiya, yükdaşıma və hərbi əhəmiyyəti danılmazdır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa edilən hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Laçın Beynəlxalq Hava Limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq. Prezident İlham Əliyev bildirmişdir: “Hesab edirəm ki, bu, bir çoxları üçün gözlənilməz oldu. Bəziləri bunu möcüzə hesab edirdilər. Çünki sovet dövründə heç vaxt bu bölgədə - Kəlbəcər-Laçın zonasında hava limanı olmayıb. Məhz bu səbəbə görə. Çünki çox bahalı bir layihə ola bilərdi və məqbul yer də tapmaq mümkün deyil. Ancaq biz bunu edirik. Müstəqil Azərbaycan dövləti buna da qadirdir. Buna texniki imkanlarımız da, maliyyə imkanlarımız da və güclü iradəmiz də var.”

Göründüyü kimi, işğaldan azad edilmiş ərazilərimiz  artıq yeni  mərhələyə qədəm qoyub. Artıq keçmişlə deyil, gələcəklə yaşamaq zamanıdır. Azərbaycan daim irəli baxır, gələcəklə bağlı planlarını açıqlayır. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir.