YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli həmrəyliyin siyasi-ideoloji əsasları

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Milli həmrəyliyin təmin edilməsində dünya azərbaycanlılarının  ümummilli lideri Heydər Əliyevin misilsiz xidməti olmuşdur. 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin iclasında 31 dekabr dünya azərbaycanlılarının həmrəylik günü elan  olunması barədə qərar qəbul edildi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul edilməsi üçün ölkə parlamentinə - Azərbaycan Respublikası Ali Sovetinə müraciət etmişdir. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alıb 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi barədə qərar qəbul etmişdir. Ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin ideoloqu və böyük təşkilatçısı idi. Dünya azərbaycanlılarının dövlət, xalq naminə eyni bir amal uğrunda birləşməsi Heydər Əliyevin milli ideologiyasının bəhrəsidir.

Bu gün dünyanın 70-dən artıq ölkəsində 50 milyondan çox azərbaycanlı yaşayır və 31 dekabr həmrəylik gününü bayram edirlər. Milliyyətçə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub  xaricdə yaşayan insanlar da bu günü bayram kimi qeyd edirlər. Xaricdə yaşayan hər bir azərbaycanlı hansı ölkədə yaşayıb fəaliyyət göstərmələrinə baxmayaraq azərbaycanlı olmaları ilə fəxr edirlər.

2001-ci il dekabrın 9 - 10 da Bakıda dünya azərbaycanlılarının birinci qurultayının keçirilməsi müxtəlif ölkələrdə yaşayan azərbaycanlı icmaların mütəşəkkilliyinin və fəallığının artmasına böyük təsir göstərdi. Bu qurultay ölkənin ictimai siyasi həyatında böyük rol oynadı.

Ulu öndər Heydər Əliyevin 2002-ci il 05 iyul tarixli Fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması ölkə xaricində yaşayan soydaşlarımızla əlaqələrin genişləndirilməsinə və inkişaf etdirilməsinə böyük təkan verdi.

Xarici dövlətlərdə yaşayan Azərbaycanlılar fəaliyyət göstərdikləri ölkə ilə yanaşı digər ölkələrdə yaşayan soydaşlarımızla sıx əlaqələr yaradır, birlikdə erməni lobbisinə qarşı effektli mübarizə aparırlar.

Prezident İlham Əliyev xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirməsini dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevirmişdir. Ölkə başçımız Azərbaycanın hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlının hüquqlarının qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir.  Prezident İlham Əliyevin "Dünya Azərbaycanlılarının ikinci qurultayının keçirilməsi haqqında" 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq həmin il martın 16-da Bakıda keçirilən toplantıda xaricdə yaşayan Azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi yeni addım oldu. Prezident İlham Əliyev Türkdilli ölkələrin diaspor təşkilatlarının birləşməsində müstəsna rol oynayır. 2007- ci martın 9-da Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatlarının birinci Forumu bütün türkdilli xalqların həyatında mühüm rol oynadı.

Vətən Müharibəsində Azərbaycan xalqı hər zaman olduğu kimi Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşdi. Müqəddəs savaş zamanı xaricdə yaşayan soydaşlarımız da böyük fədakarlıq nümayiş etdirdilər. Azərbaycan  həqiqətlərini dünyaya çatdırmaq üçün birləşərək böyük nümayişlər keçirdilər. Ermənipərəst qüvvələrin anti-Azərbaycan təxribatlarının qarşısının alınmasında böyük işlər gördülər. Vətən müharibəsində cənab İlham Əliyevin qətiyyətli siyasəti, hərbi siyasi iradəsi dünya azərbaycanlılarını öz lideri ətrafında birləşdirdi.