YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məqsədyönlü siyasətin real nəticəsi

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri           

Yanvar ayının  5-də Prezident İlham Əliyevin  imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı həyata keçirilən sosial islahatların növbəti mərhələsi kimi dəyərləndirilməlidir. Qeyd olunan Sərəncama əsasən minimum aylıq əməkhaqqı 2023-cü ilin yanvarın 1-dən 15 % artırılaraq 345 manata, minumum pensiya isə 280 manata yüksəlib. Həmçinin prosesin davamı olaraq müavinət və təqaüdlər artırılacaq. Qeyd edək ki, son dörd ildə minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb. Bütün bunlar deməyə əsas verir ki, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi, yoxsulluğun aradan qaldırılması Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindən biridir.

Aztəminatlı əhaliyə dövlət qayğısını əks etdirən göstəricilər içərisində ayrı-ayrı qrup vətəndaşlara müxtəlif güzəştlərin və imtiyazların verilməsi xüsusi qeyd edilməlidir. Təkcə 2018-ci ildən bu günə qədər sosial müdafiəyə ehtiyacı olan insanların maddi durumunun yaxşılaşdırılmasına yönəldilən tədbirlərlə yanaşı, onların bəzi zəruri tələbatlarının ödənilməsi üçün də dövlət büdcəsindən ayrılan vəsaitlərin miqdarı dəfələrlə artırılıb.

Xüsusən şəhid ailələri və qazilər dövlətimiz tərəfindən maddi və mənəvi qayğı ilə əhatə olunur. Nümunə üçün deyə bilərik ki, “YAŞAT” fondu post müharibə dövrü üçün həyata keçirilən ən uğurlu layihələrdən biridir. Azərbaycan Respublikası Prezidenti tərəfindən 8 dekabr 2020-ci ildə imzalanmış bu layihə bu gün də fəaliyyətini uğurla davam etdirir. Dövlətimizin apardığı uğurlu siyasətin nəticəsidir ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əmək haqlarının, təqaüdlərin davamlı şəkildə artırılması, ölkədə sosial infrastruktur layihələrinin ən müasir standartlara cavab verən səviyyədə üçün xüsusi tədbirlərin həyata keçirilməsi vətəndaşlar tərəfindən rəğbətlə qarşılanır.

Əlbəttə ki, müharibədən yeni çıxmış bir ölkə üçün bu cür çətin məsələlərin öhdəsindən gəlmək o qədər də asan deyil. Lakin dövlətimiz bu çətin vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacarır, ölkəmizdə heç bir sosial layihə təxirə salınmır, əhalinin rifahının yaxşılaşdırılması ardıcıl şəkildə davam edir. Bütün bunlar- ölkəmizdəki sağlam yaşam mühiti, təhlükəsiz həyat şəraiti, şübhəsiz ki, dövlətimizin başçısı İlham Əliyevin apardığı və qarşıya qoyduğu məqsədyönlü, qabaqcıl siyasətinin nəticəsidir.