YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lənətlənmiş dairə…

Makron oradan çıxa biləcəkmi?

Diplomatik mənbələrdən KİV-ə verilən məlumata görə, Fransa Azərbaycan və Ermənistan sərhədində yerləşən Avropa İttifaqının mülki missiyasının hərbi-siyasi kontingentə çevrilməsi təşəbbüsünü fəal şəkildə müzakirə edir. Belə ki, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin sözlərinə görə, 100-dək müşahidəçinin daxil olacağı missiyaya 70 fransız jandarmı daxildir. Fransada jandarm ölkənin silahlı qüvvələrinin bir hissəsidir və Müdafiə Nazirliyinə tabedir. Bu yaxınlarda Fransanın aparıcı “Le Figaro” nəşrinin baş redaktor müavini Jan Kristof Buisson da Fransa hərbi missiyasının Ermənistana göndərilməsi barədə məlumat yayıb. “Buissonun bu məlumatı Fransa prezidentindən aldığını düşünməyə bütün əsaslar var. Yanvarın sonunda Makron Yelisey sarayında jurnalisti qəbul edib. Məhz Makronla görüşdən sonra Buisson hərbi missiya haqqında danışıb”, - deyə sayt yazır.

Fransanın niyyəti barədə Fransa parlamentinin deputatı Natali Loizeau da danışıb. Onun sözlərinə görə, o, Azərbaycanın “missiya ilə əməkdaşlıq edəcəyinə” ümid bəsləyir. Loizeau hesab edir ki, Avropa İttifaqı “özünü münaqişədən çox uzun müddət uzaqlaşdırıb. İndi isə Aİ və ATƏT daha çox iş görməlidir”. Bu günlərdə haqqın.az-a müsahibəsində Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov da sərhəddə fransız jandarmlarının yerləşdiriləcəyi barədə məlumat olduğunu təsdiqləyib. Səfir  həmçinin müsahibəsində rusiyalı sərhədçilərin sərhəddə olmasını yada salaraq, eləcə də Rusiya sülhməramlı qüvvələrinin mövcudluğunu nəzərə alaraq, Fransa hərbçilərinin yerləşdiriləcəyi təqdirdə regionda yeni təhdidlərin olacağını deyib.

“De Fünesin jandarmları" və ya danqıldayan boş başlar…

Fransız "jandarmeriyası" Azərbaycan tamaşaçısına və ya oxucusuna məşhur Lui De Fünesin jandarmlarla bağlı filmlərindən tanışdır. Bu jandarmeriyanın 1960-cı illərdə başına gələn "macəralar" deyəsən 70 ilə yaxın müddətdən sonra yenidən təkrarlanır. Ötən əsrin 60-cı illərində "yad planetliləri" qarabaqara izləyən jardarmların bu dəfə Makron tərəfindən Cənubi Qafqaza "yönəldilməsi" "kef edən" fransız xalqına nələr vəd edir? Bu addımın acı sonluq, hətta "lənətlənmiş dairə" içində əriməkdən savayı heç bir perspektivi yoxdur…

Hətta "De Fünesin jandarmları"nın məram və məqsədi "Makronun jandarmları"ndan daha parlaq idi desək, yanılmarıq. Özünü ən səfeh tərəfləri ilə tamaşaçıya sevdirən "De Fünesin jandarmları" "lənətlənmiş çevrədə" dövrə vura-vura yaranan problemdən çıxış yolunu axtarırdılar, dayanıb fikirləşirdilər, ağıllarına heç nə gəlməyəndə başlarını "dınqılladırdılar" – ən azından nəyəsə yarımağa ümid edirdilər. Amma "Makronun jandarmları" isə bu kor, lənətlənmiş Ermənistan adlı dairədə özlərini tamam-kamal itirəcəklər – çünki əlləri ilə vurmağa başları da olmayacaq – başlarını o qədər itirəcəklər ki...

Avropanın "adından" Cənubi Qafqaza demarş Fransanın ayağına yazılsa  belə, bu addımdan uğur gözləməyin özü yumşaq desək, xəstəlik əlamətidir – region Fransa üçün yaddır. Hətta burada "kirayəçi bacısı" olsa belə. O ki qaldı "bacısının" evinə yerləşdirməyi planlaşdırdığı jandarmlara … Bura Qafqazdır və Fransa bilməlidir ki, Qafqaz ənənəsinə görə, qonaq ev yiyəsinin qanunlarına tabe olmalıdır. Hətta gürcü atalar sözündə bildirildiyi kimi, çağırılmamış qonaq taundan betərdir… Azərbaycanda isə deyilir ki, "qonaq umduğunu deyil, bulduğunu yeyər"…

25 ilə yaxın 102-ci hərbi bazanın "istisinə qızınanlar", indi də "lənətlənmiş dövrə"yə can atırlar…

Makronun Ermənistanda "jandarmeriya idarəsi" açmaqda umduğu səbəblər də məlumdur:

- Fransa Avropa adına Cənubi Qafqazda gedən proseslərə təsir imkanlarını yenidən qazanmaq istəyir;

- Ermənistan -Fransa – İran şər üçbucağının işbirliyi  regionda yeni anti-Türk koalisiyasının yaradılmasına çalışır;

- Güclü Azərbaycan regionda güclü Türkiyə deməkdir – Makronun timsalında Avropa proseslərin bu istiqamətdə inkişafını arzulamır;

- Nəhayət,  güclü Türk axınının qarşısında "bufer zona" yaratmaq istəyi…

Ermənilər isə tarixən hər kəsin əlində "bufer" olmağa öyrəncəlidirlər. 1828-ci ildən etibarın Qafqazda Türk coğrafiyasının kürəyinə saplanmış "bıçaq" olan ermənilər indi də Avropa üçün "dizi üstədirlər". "Siyasi əngəl" statuslu bu xalq 25 ilə yaxın 102-ci hərbi bazanın "istisinə qızındılar", sonda isə oranı daşladılar. İndi isə fransız jandarmeriyasının kölgəsində "lənətlənmiş dövrə"yə daxil olmaq üçün can atırlar…

Fransa situasiyanı dəyişə bilməz…

"70 jandarm" regionda nəyi dəyişə bilər və ya nəyi dəyişəcək? Fransa düşünür ki, bununla kimisə qorxutmaq və ya nəyisə "leqallaşdırmaq" mümkündür? Səhv edir. Bunu tarix də sübut edir. 1993-cü ildən bu yana regionda ermənilərin dəstəklənməsi, Qarabağda qondarma "dövlət" yaradılması, ermənilərin "təhlükəsizliyinin qorunması", regionda müharibənin "istisna olunması" üçün nələr edilməmişdi.  Şimallı-cənublu havadarlarının bir əli hər zaman Ermənistanın "kürəyində" idi. Azərbaycan isə ədalətli sülh istəyirdi və bunun üçün 30 il dözdü. Nəticə nə oldu? Azərbaycan 2020-ci ildə cəmisi 44 gün ərzində bütün mifləri yerlə-yeksan etdi – öz torpaqlarını azadlığa qovuşdurdu. İndiki halda ölkəmizin tələbi yenə sülhdür – 30 il öncə olduğu kimi. Biz onsuz da nəticədə bu sülhü reallaşdıracağıq – erməni havadarları istəsə də, istəməsə də. Amma itirən Ermənistan olacaq. Yəqin ki, Gümrüdəki bazanı 25 ildən sonra "daşlayan" ermənilərin fransız jandarmeriyasını necə və nə vaxt qovacağı haqda indidən düşünməyə dəyər…

Naxələf Makron…

Və sonda… fransız xalqı unutmamalıdır ki, tarixin bütün dövrlərində "kef etməyib" – cəmisi 80 ilə yaxın keçmişdə fransızlar faşizmin əsarətində əzilərkən onun meşələrində əlində silah döyüşən məhz Azərbaycan oğlu idi – İkinci Dünya Müharibəsi illərində Fransa Müqavimət hərəkatının iştirakçısı, "Armed Mişel", "Ryus Armed", "Xarqo" və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak edən Əhmədiyyə Cəbrayılov bu ölkənin orden və medalları ilə, o cümlədən "Hərbi medal"lar ilə təltif olunub. Makronun sələfi Şarl De Qoll II Dünya Müharibəsindən sonra SSRİ-yə səfəri zamanı ilk olaraq onu axtarmışdı. Makron isə Azərbaycan xalqının Fransanın azadlığı uğrunda döyüşdüyünü yaddan çıxarmaqla öz tarixinə qarşı naxələflik edir.

Pərviz Sadayoğlu

"Yeni Azərbaycan" qəzeti