YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bütün çətinliklərə rəğmən…

Abbas Əliyev

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri

Qardaş ölkə  Türkiyənin tarixində ən faciəli hadisələrdən biri də 6 fevral tarixində baş verən dəhşətli zəlzələ oldu. Azərbaycan və Türkiyə "Bir millət-iki dövlət" olaraq həm sevincli, həm də kədərli günlərdə hər zaman bir birinin yanında olmaqda davam edir və davam edəcək. Bir neçə gün öncə Türkiyənin cənub bölgəsində baş verən güclü zəlzələnin nəticələrinin aradan qaldırılmasında Azərbaycanın dəstəyi də bu reallığı təsdiqləyir.

Hər bir soydaşımız, dünyanın harasında yaşamasından asılı olmayaraq, bu ağır günlərdə qardaş ölkəyə dəstək verməyə çalışır. Bizim bu da xalqımızın zəngin milli-mənəvi keyfiyyətlərinin daha bir nümunəsidir. Dəhşətli zəlzələ nəticəsində çoxlu sayda insan tələfatının olması ölkəmizdə böyük hüznlə qarşılandı. Qardaş ölkədən gələn acı xəbər Azərbaycan xalqını və dövlətini dərin kədərə boğdu. Dəhşətli zəlzələdən sonra dövlət və millət olaraq səfərbər olduğumuz göz önündədir. Çünki zəlzələnin aldığı canlar bizim qanımızdan canımızdan olanlardır. Prezidenti İlham Əliyev Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlamış, daha sonra zəng edərək bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirmişdir. Bütün bunlar eləcə də Cənab Prezidentin 8 fevralda Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olması, başsağlığı verməsi əsl qardaşlıq nümunəsidir.

Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirdik. Türkiyədə baş verən dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə bu ölkəyə ilk yardım əlini uzadan məhz Azərbaycan oldu. Bundan başqa cür də ola bilməzdi. Çünki Azərbaycan və Türkiyə iki dost, qardaş, canı, qanı bir ölkələrdir. Prezident İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı fevralın 8-dən etibarən Kahramanmaraşda fəaliyyətə başlayıb. Ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, hərbi tibb personalı baş vermiş zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi məqsədilə hadisənin ilk saatından etibarən qardaş ölkəyə ezam olunub. Yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və sair, habelə zərər çəkmiş əhali üçün humanitar yardımı əhatə edir. Xalqımız bu gün də könüllü olaraq qardaşlarımıza dəstəyini davam etdirir, zəlzələnin acı nəticələrinin aradan qaldırılması üçün bütün imkanlardan yararlanaraq, yorulmaz kömək göstərir. Bütün bunlar dünyaya təkcə dövlətlərarası səviyyədə deyil, eyni zamanda xalqlararası münasibətlərdə əsl qardaşlıq əlaqələrinin mövcudluğunu bir daha nümayiş etdirir. Türkiyə xalqı yenə də ayaqda qalaraq bütün çətinliklərə qalib gələcək.