YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnsan amili əsasdır

Təhmasib Rüstəmov

YAP Qubadlı rayon təşkilatının sədri

Türkiyədə böyük dağıntılara və çoxsaylı insan təlafatına səbəb olmuş zəlzələ hər bir Azərbaycan insanı tərəfindən dərin üzüntü ilə qarşılanıb.

Təbii fəlakətdən dərhal sonra Azərbaycan dövləti və xalqı qardaş ölkəyə öz dəstəyini göstərib. Acı faciənin fəsadlarının aradan qaldırılması üçün Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişləri ilə təxirəsalınmaz tədbirlər həyata keçirilməkdə və qardaş Türkiyə xalqına humanitar yardım göstərilməkdədir. Eyni zamanda, Azərbaycan xalqının nümayəndələri könüllü olaraq yardım təşəbbüsləri irəli sürür, maddi və mənəvi dəstək göstərirlər. Ayrıca say etibarı ilə ən çox Azərbaycanın xilasedici qrupu və hərbi tibb personalı zəlzələ zonasına ezam olunub. Ümumiyyətlə, bu gün Azərbaycan xalqı Türkiyə üçün səfərbər olaraq əlindən gələni edir.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin ölkəmizdəki səfirliyində olarkən deyib ki, biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir: “Bizim ictimai təşkilatlarımız da öz dəstəyini göstərirlər. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verdi. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulmuşlar”.

Bütün dövlət qurumları bu gün qardaş türk xalqının yanındadır.  Faciə baş verdiyi saatdan FHN-in böyük bir şəxsi heyəti Türkiyəyə göndərilmişdir.

İctimai təşkilatlar da bu faciənin fasadlarının tezliklə aradan qaldırılması istiqamətində öz dəstəyini göstərirlər. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start vermişdir.

Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən qardaş ölkəyə humanitar yardım aparılıb. Heydər Əliyev Fondu faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər göndərilmişdir.

Azərbaycanın səhiyyə sisteminin nümayəndələri ilk gündən qardaş ölkəyə ezam olunublar. Ümumi cərrah, terapevt, qulaq, burun, boğaz xəstəlikləri mütəxəssisi, göz xəstəlikləri mütəxəssisi, neyrocərrahlar, anestezioloqlar, plastik cərrahlardan ibarət 20 nəfərlik hərbi tibb personalı hal hazırda zəlzələ bölgəsindədir.

Azərbaycanın özəl sektoru təbii fəlakətdən əziyyət çəkənlərə böyük həcmdə yardınlar göstərirlər.

Ölkənin ən böyük şirkəti SOCAR Türkiyə xalqı üçün yardımlarını əsirgəmir. Şirkət zəlzələ bölgəsində yaşayan Azərbaycan vətəndaşlarının təxliyəsi çərçivəsində Azərbaycanın Ankaradakı səfirliyinə dəstək göstərir. “SOCAR Türkiyə” şirkəti Hatay, Adıyaman, Qaziantep, Kahramanmaraş və Şanlıurfadakı Hazar yanacaqdoldurma məntəqələrindən bütün təcili yardım, yanğınsöndürmə, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) və digər təşkilatların xilasetmə nəqliyyat vasitələrini pulsuz benzin və dizellə təmin edir. Bundan başqa “SOCAR Türkiyə” AFAD-a 6,4 milyon lirə məbləğində əsas tələbat malları təhvil vermişdir, 3,5 milyon lirə isə bağışlamışdır. Miqrasiya İdarəsi Müdirliyinin göstərişi ilə bölgəyə çatdırılacaq 500 min lirə dəyərində materialı təmin edib. Beləliklə SOCAR şirkətinin Türkiyə dövlətinə böyük dəstəyi danılmazdır.

Böyük bir qrup könüllü artıq qardaş ölkədə fəaliyyət göstərir. Heydər Əliyev Fondunun nəzdində fəaliyyət göstərən könüllülər və ASAN könüllüləri müəyyən təcrübəyə malikdirlər və onlar öz bacarıqlarını əsirgəməyəcəklər. Prezident İlham Əliyevin tapşırığı ilə “ASAN Könüllüləri”, “Gənc Könüllülər”, “BİR Könüllü”, “Aqrar İnkişaf Könüllüləri”, “Naxçıvan Könüllüləri”, “Böyük Qayıdış” könüllüləri və “Ekokönüllülər” təşkilatlarının üzvləri arasından daha təcrübəli və çətin şəraitdə fəaliyyət göstərməyə hazır olan gənclər müəyyən edilərək, ilkin təlimatlandırma keçdikdən sonra türkiyəli həmkarlarına dəstək vermək üçün qardaş ölkəyə yola düşmüşlər. Gənc könüllülərimiz türkiyəli həmkarları ilə zəlzələnin baş verdiyi bölgələrdə zərər çəkmiş vətəndaşlara əsasən yardımların paylanılması, əhalinin istiqamətləndirilməsi, qeydiyyat və müxtəlif əlaqələndirmə işlərində iştirak edəcəklər.

Türkiyə mətbuatı da öz növbəsində Azərbaycan xalqının zəlzələdən zərər çəkənlər üçün səfərbər olduğunu yazır. Dövlət başçımız Türkiyənin Bakıdakı səfirliyini ziyarət etmiş, matəm kitabına ürək sözlərini yazmışdır. Cənab İlham Əliyev səfirlə söhbətində Azərbaycan dövlətinin və xalqının bu çətin gündə qardaş Türkiyənin yanında olmasını dönə-dönə vurğulayıb.

Türkiyə dövlətinin zəlzələnin nəticələrinin aradan qaldırılması üçün həyata keçirdiyi çevik, ardıcıl addımlar bir daha göstərdi ki, insan amili Türkiyə hökuməti üçün ən əsas amildir. Bütün bunlar tam əminliklə deməyə əsas verir ki, Türkiyə dövləti və xalqı bu ağır fəlakətin fəsadlarını tezliklə aradan qaldıracaq və əvvəlki  həyatını qaldığı yerdən uğurla davam etdirəcəkdir.