YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hədəflər böyükdür

 “Hazırda enerji təhlükəsizliyi olduqca mühüm strateji məsələlərdən biri hesab edilir. Ölkəmizin uğurlu enerji siyasəti nəticə etibarı ilə özünün müsbət nəticələri ilə ortadadır. Bu gün Azərbaycan enerji təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirdiyi strategiya nəticəsində kənar asılılığa son qoyulub. Eyni zamanda Azərbaycan özünün uğurlu enerji siyasəti sayəsində qlobal müstəvidə aparıcı dövlətlərdən birinə çevrilib. Fevral 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlinin qoyulması da Azərbaycanın bu sahədə həyata keçirdiyi uğurlu siyasətin təzahürü hesab edilir.” Bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, əsası qoyulan yeni enerji strategiyası sayəsində yaxın zamanlarda Azərbaycan qlobal miqyasda etibarlı enerji təchizatçısına çevriləcək: “Heç təsadüfi deyil ki, müstəqil Azərbaycanın malik olduğu müstəqil elektrik enerji sisteminin əsası ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Mingəçevir şəhərində Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) birinci bloku 1981-ci ildə istismara verilib. Bu stansiya sovet dövründə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası idi. Məhz bu elektrik stansiyası 1990-cı illərin əvvəlində Sovet İttifaqının dağılması ərəfəsində müstəqil Azərbaycanın enerji tələbatının böyük hissəsini ödəyib. Bu günlərdə təməli qoyulan 1280 MVt gücündə müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyası isə Azərbaycanla yanaşı Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində atılmış mühüm addımlardan biri kimi qiymətləndirilir”.

Deputat dünyada karbon emissiyalarının azaldılması və iqlim dəyişikliyinə diqqət çəkərək buna qarşı mübarizədə qlobal səylərə Azərbaycanın vermiş olduğu dəstəkdən bəhs edib: “Bu çərçivədə enerji balansında bərpa olunan enerjinin mövqeyini möhkəmləndirən istiqamətlərdə ölkəmizdə mühüm işlər görülməkdədir. “Azərbaycan 2030”: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizdə “yaşıl enerji” istehsalının genişləndirilməsi məsələsi xüsusi olaraq öz əksini tapıb”.

Millət vəkili ölkəmizin bərpa olunan enerji sahəsində qarşısında duran hədəflərin böyük olduğunu deyib: “Ölkəmizin qarşısında bu istiqamətdə dayanan başlıca hədəf ümumi enerji istehsalı gücündə bərpaolunan enerjinin payını indiki 17,3 faizdən 2025-ci ildə 24, 2030-cu ildə isə 30 faizə çatdırmaqdır. Bu sahədə qanunvericilik bazası da mövcuddur. 2021-ci ildə qəbul edilmiş “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunun qəbul edilib. Eyni zamanda “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydaları” və “Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi”nin layihələri hazırlanıb”.

Sevinc Hüseynova işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına daxil edilməsinin əhəmiyyətinin yüksək olduğunu söyləyib: “30 ildən sonra erməni işğalından azad edilən ərazilərdə artıq bir neçə su-elektrik stansiyası inşa edilərək fəaliyyətə başlayıb. Paralel olaraq bu ərazilərdə külək və günəş enerjisi potensialının da yüksək olduğu müəyyənləşib. Hazırda azad edilmiş ərazilərdə günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparılır”.