YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fərqli coğrafiyalarda yaşasaq da…

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Azərbaycan və Türkiyə eyni soykökə malik, qədim tarixi, mədəniyyəti, dini bir olan, həmçinin eyni dil qrupuna mənsub qardaş ölkələrdir. Bizim qardaşlığımızın və sarsılmaz dostluğumuzun uzun tarixi keçmişi vardır. Bu gün biz fərqli coğrafiyalarda yaşasaq da, tarixi faktlara əsasən türk etnosunun nümayəndələri olduğumuz və hər məsələdə birlik, həmrəylik nümayiş etdirməyimiz bütün dünyaya məlumdur. Ulu Öndər Heydər Əliyevin müdrik kəlamı “Bir millət, iki dövlət” bütün Türk dünyasının şüarına çevrilmişdir. Türkiyə ilə bütün sferalarda olan əlaqələrimiz ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə necə yüksək səviyyədə idisə məhz bu gün də Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət nəticəsində dövlətlərimiz arasındakı münasibətlər Ulu öndər irsinə sadiq şəkildə yüksələn xətlə inkişaf edir. Vətən müharibəsində qardaş Türkiyə dövlətinin və xalqının mənəvi dəstəyi bir dövlət və xalq kimi motivasiya edən, qələbə ruhunda kökləyən addım olmuşdur. Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan Türk dünyasının iki qardaş Lideri kimi tanınır. Bir neçə gün öncə Türkiyədə baş vermiş zəlzələ bizi-bütün xalqımızı çox kədərləndirdi. Baş vermiş bu faciədən dərhal sonra Prezident İlham Əliyevin Türkiyənin Azərbaycandakı səfirliyinə gedərək bütün Türkiyə xalqına başsağlığı verməsi, ölkəmizin və xalqımızın qardaş Türkiyənin yanında olmasını ifadə etməsi, eləcə də dövlət qurumları ilə yanaşı, sadə vətəndaşlarımızın da yardım kampaniyasına qoşulması əsl qardaşlığın bariz nümunəsi idi. Dövlətimizin başçısının Türkiyənin Bakıdakı səfirliyini ziyarət etməsi, matəm kitabına ürək sözlərini yazması, səfirlə söhbətində Azərbaycan dövlətinin və xalqının bu çətin gündə qardaş Türkiyənin yanında olması barədə fikirləri “Bu dəhşətli zəlzələ bizi çox sarsıtdı. Yəni, hər birimizə böyük mənəvi əzab verdi. Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik.”

Bütün bu fikirlər və atılan addımlar Türkiyə xalqının yanında olduğumuzu təcəssüm etdirdi. Prezident İlham Əliyevin tapşırıqları əsasında Azərbaycan dövləti bu günə qədər Türkiyəyə 7 təyyarə və 14 yük avtomobili ilə humanitar yardım göndərib. Zəlzələ bölgəsində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 34 nəfər tibbi heyəti olmaqla 725 xilasedicisi fəaliyyət göstərir. Azərbaycan Müdafiə Nazirliyinin hərbi həkimləri və tibb bacıları da zəlzələ bölgəsində xidmət edir. Qeyd etmək lazımdır ki, dövlət qurumları ilə yanaşı, sadə vətəndaşların və QHT-lərin də humanitar yardım aksiyasında fəal iştirak etməsi, toplama məntəqələrinə fasiləsiz yardımlar gətirməsi, eyni zamanda bu çətin gündə qardaş Türkiyə ilə həmrəylik rəmzi olaraq Heydər Əliyev Mərkəzinin binasının Türkiyənin Dövlət Bayrağı rəngində işıqlandırılması bizim bir qardaş ölkə kimi mövqeyimizi nümayiş etdirmiş oldu. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən Türkiyədəki zəlzələdən zərər çəkənlərə çoxlu sayda humanitar yardımlar göndərilmişdir. Mehriban xanım Əliyeva bu faciədən dərin kədərləndiyini özünün sosial platformadakı hesabında bəyan edərək, vurğulamışdır ki;-“Zəlzələ nəticəsində həlak olanların sayının artması bizi olduqca kədərləndirir. Həlak olanlara Allahdan rəhmət diləyir, onların doğmalarına və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram!” Əminəm ki, Türkiyə xalqı öz iradəsi və mətinliyi sayəsində bu ağır sınaqdan sarsılmayacaq! Uca Tanrı dünyamızı qorusun! Türkiyə, səninləyik!

Bəli, cənab Prezidentin qeyd etdiyi kimi "Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır. Biz belə görürük, Türkiyə və Azərbaycan vətəndaşları da belə görürlər".

Bizim qardaşlığımız əbədi və sarsılmazdır. Allah qardaş Türkiyə xalqını qorusun.