YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni hədəflərə doğru inamla...

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Fevralın 6-da Türkiyənin 10 vilayətini əhatə edən dəhşətli zəlzələ Azərbaycan xalqını sarsıtdı. Təbii fəlakətin törətdiyi faciəni öz dərdimiz kimi qəbul etdiyimizi sözlə deyil, əməl ilə sübut etdik. İlk dəqiqələrdən göstərilən qardaş dəstəyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən yüksək dəyərləndirilir. Türkiyə Prezidentinin bütün çıxışlarında bu minnətdarlıq ifadə edilir, birliyimizin, həmrəyliyimizin, böyük tarixə söykənən qardaşlığımızın qüruru özünü qabarıq şəkildə büruzə verir.  Təbii ki, tarix boyu bu reallıq təsdiqlənib ki, kədərimiz də, sevincimiz də birdir. “Dost dar gündə tanınır” deyimi iki qardaş ölkənin münasibətlərində  özünün aydın ifadəsini tapır. Xatırlasaq, dövlət başçısı İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsini həqiqət anı kimi dəyərləndirdi və bildirdi ki, kimin haqqın, ədalətin, kimin isə şərin yanında olduğu öz təsdiqini tapdı. Hər zaman ədalətin yanında olan, Azərbaycanın mövqeyini dəstəkləyən qardaş Türkiyə ən yüksək tribunalardan Ermənistanın işğalçılıq siyasətini pisləyərək dünyaya bu çağırışı edirdi ki, işğalçı dövlətə “Dur!” demək zamanıdır.

44 günlük İkinci Qarabağ müharibəsi Türkiyənin mənəvi və siyasi dəstəyini nümayiş etdirdi, ən əsası dünya Azərbaycanın tək olmadığını gördü.

Bu gün isə təbii fəlakətin acısını birgə yaşayan xalqlarımız onun nəticələrinin aradan qaldırılması istiqamətində səfərbər olublar. Zəlzələnin baş verdiyi ilk gündən xalqımız milli birlik nümayiş etdirərək kimin nəyə imkanı çatırsa, qardaş ölkəyə  göndərmək arzusu ilə müəyyən olunmuş yerlərə axın etdilər. Hər gün bu yardımlar  zəlzələdən əziyyət çəkən  insanlara çatdırılır.

Zəlzələ baş verdiyi andan bugünədək xilasedicilərimiz dağıntılar altında qalan insanların çıxarılması üçün  gecəli-gündüzlü çalışırlar. Dövlət başçısı İlham Əliyev Türkiyənin ölkəmizdəki səfirliyində olarkən bu mühüm məqamı da xüsusi qeyd etdi ki, bizim xəstəxanalarda yaralı qardaş-bacılarımızın müalicəsi uçun bütün şərait var. Həm Bakıda, digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında artıq çarpayılar ayrılıb və əgər ehtiyac olarsa, biz xəstələri gətirməyə də hazırıq.

Atılan hər bir addım, səsləndirilən hər bir çağırış  əsl qardaşlığın göstəricisidir. Bu gün xalqımızın Türkiyənin yanında olması həm də dünyaya bizim bir-birimizlə necə möhkəm bağlı olduğumuzu göstərir. Bu sınaqdan da xalqlarımız birlik, həmrəylik nümayiş etdirərək, əl-ələ verərək şərəflə çıxacaq. Türkiyə bundan sonra da yeni-yeni hədəflərə doğru inamla addımlayacaq. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyə dövlətinin operativ və çevik addımları bir daha göstərdi ki, insan amili Türkiyə hökuməti üçün əsas məsələdir və bu ağır sınaq, eyni zamanda, Türkiyənin gücünü bir daha bütün dünyaya göstərəcək. Bu, qardaş xalqımızı sarsıtmayacaq, Türkiyə dövlətinin iradəsinə təsir etməyəcək. Türkiyə dövləti güclü dövlətdir və bu fəlakətlə də mübarizədə öz gücünü göstərir.