YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyasi iradə var

“Ölkəmizin qarşılıqlı faydalı əlaqələrə malik olduğu tərəfdaş ölkələrdən biri də Rusiya Federasiyasıdır. Azərbaycan-Rusiya münasibətləri ötən illər ərzində uğurla inkişaf edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ölkəmizə səfəri də münasibətlərimizin inkişafının göstəricisidir”.

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, mütəmadi olaraq baş tutan qarşılıqlı səfərlər və görüşlər iki ölkə arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verir. Xüsusilə də, dövlət başçılarının görüşləri ikitərəfli münasibətlərin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından müstəsna önəm kəsb edir. O cümlədən, hökumət rəsmiləri və parlament nümayəndələrinin də qarşılıqlı səfərləri prosesdə  müsbət rol oynayır. Fevralın 27-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən bu səfərin ötən ilin fevralında Moskvada imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci ildönümünə həsr edildiyini bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, bu Bəyannamə mahiyyət etibarilə bizim münasibətlərimizin ruhunu və xarakterini, əlaqələrimizin formalaşmış müsbət resursunu əks etdirir, gələcək illərdə qarşılıqlı fəaliyyətin yollarını müəyyənləşdirir.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın qonşu dövlətlərlə xoş mərama əsaslanan siyasətinin müsbət təzahürlərini, həmçinin Rusiya ilə münasibətdə görmək mümkündür. Ümumiyyətlə, elə bir fəaliyyət sahəsi yoxdur ki, Azərbaycanla Rusiya sıx əməkdaşlıq etməsin. Azərbaycanla Rusiya arasında əməkdaşlığın yüksələn xətlə inkişafına iki ölkənin dövlət başçıları arasında formalaşan dostluq münasibətlərinin rolunu xüsusi vurğulamaq lazımdır. Ölkələrimiz arasında siyasi dialoq yüksək səviyyədədir. İki ölkənin dövlət başçıları və yüksək səviyyəli rəsmiləri mütəmadi görüşlər keçirərək əməkdaşlığın müxtəlif aspektlərini müzakirə edirlər. Ölkələrimiz arasında qarşılıqlı siyasi, iqtisadi, humanitar və digər sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün siyasi iradə mövcuddur.

“Vurğulanmalıdır ki, hər iki ölkə başçısının Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı 2020-ci il 10 noyabr tarixli birgə Bəyanatında nəzərdə tutulmuş məsələlərin icrası ilə bağlı vahid mövqe nümayiş etdirməsi, bu razılaşmanın, həmçinin bütün kommunikasiyaların, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin - Zəngəzur dəhlizinin açılması ilə bağlı fikirləri regionun gələcək inkişafı üçün mühüm amildir. Məlumdur ki, Rusiya Cənubi Qafqzazda sülhün və əməkdaşlığın təmin olunması üçün təşəbbüslər göstərir. Prezident İlham Əliyev Sergey Lavrovu qəbul edərkən “Düşünürəm ki, Rusiya bizim dostumuz, müttəfiqimiz və qonşumuz kimi Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətlərin nizamlanmasına kömək işində xüsusi rola malikdir. Ötən il bu istiqamətdə mühüm səy göstərilib, gələcək sülh müqaviləsinin konseptual xarakterini, məhz iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınmasını müəyyən edən sənədlər qəbul olunub. Bu, ötən ilin oktyabrında Praqada və Soçidə qəbul edilmiş sənədlərlə təsdiqlənib. Bu sənədlər sülh müqaviləsinə nail olmaq üçün istifadə edilə bilən təməldir”,- deyə vurğulayıb. Azərbaycan regionda sülh və təhlükəsizliyin təmin olunmasına, Ermənistanla münasibətlərin normallaşdırılmasına tərəfdardır. Ümid edirik ki, Sergey Lavrovun ölkəmizə səfəri və səfər çərçivəsində aparılan müzakirələr regionda sülhün təmin olunmasına müsbət təsir göstərəcək”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.