YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xeyirxahlığın ilə ən ali zirvəsi

Nurəddin İbrahimov

YAP Gəncə şəhər təşkilatının sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru

Nəcib keyfiyyətləri ilə Azərbaycan xalqının əbədi sevgisini qazanan Zərifə xanım Əliyevanın bənzərsiz, işıqlı, şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı üçün örnəkdir. Dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş həkim-oftalmoloq Zərifə xanım Əliyevanın adı XX əsr Azərbaycan tarixinin görkəmli simalarından biri kmi yaddaşlara əbədi həkk olunub.

Böyük dövlət xadimi Əziz Əliyevin qızı, müasir və müstəqil Azərbaycanın qurucusu, xalqımızım Ümummilli Lideri Heydər Əliyevin həyat yoldaşı, hər bir azərbaycanlının Prezidenti İlham Əliyevin anası Zərifə xanım Əliyeva layiqli övlad, vəfalı ömür-gün yoldaşı, yaxşı ana, missiyanı şərəflə yerinə yetirib.

Doğma ocağa, xalqa və Vətənə böyük məhəbbətlə bağlı olan Zərifə xanım eyni zamanda tibb sahəsində də çox böyük nailiyyətlərə sahib olub. Müxtəlif dövlət mükafatlarına layiq görülərək, peşəkar həkim kimi layiqli qiymətini alan Zərifə xanımın ən böyük amalı vətəndaşlara xidmət etmək olub. Əməksevərliyi, təmənnasız xeyirxahlığı, fitri istedadı hesabına ən ali zirvəni fəth edən Zərifə xanım Əliyevanın həkim və alim kimi nümunəvi fəaliyyəti oftalmologiya tarixinə əbədi həkk edilib. Həkimlik sənətinə, insanların sağlamlığı keşiyində durmağa kiçik yaşlarından həvəs göstərən Zərifə xanım oftalmologiya elminin inkişafı yolunda əldə etdiyi nailiyyətləri, mükafatları hər zaman Azərbaycan oftalmologiya elminə verilən yüksək qiymət kimi dəyərləndirib. Zərifə xanım Əliyevanın Azərbaycan xalqını traxoma xəstəliyi adlı müdhiş bəladan xilas etməkdə misilsiz xidmətləri olub. Zərifə xanım Azərbaycanın traxoma ocağı aşkar edilən bütün rayonlarını qarış-qarış gəzib, əhali arasında məqsədyönlü söhbətlər aparıb, traxoma və digər göz xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi haqqında əməli tədbirlər planını inamla həyata keçirib. Traxomanın ləğvi yolunda yorulmaq bilmədən aparılan intensiv elmi axtarışlar, əldə edilən dəyərli nəticələr Zərifə xanım Əliyevanın namizədlik dissertasiyası işinin dayaq nöqtəsini, ana xəttini təşkil edib. Zərərli müəssisələrdə işləyənlərin görmə orqanlarına mənfi təsir göstərən amilləri diqqətlə öyrənən, zərərli peşələrin törətdikləri göz xəstəliklərini elmi surətdə əsaslandıran, onların qarşısını almaq üçün əməli tədbirlər görən Zərifə xanım Əliyeva bu xeyirxah işi ilə, belə müəssisələrdə çalışanların görmə orqanlarını təhlükədən xilas edirdi.

M.İ.Averbax adına mükafatına layiq görülən Zərifə xanım həm də həkimlik peşəsini tələbələrə öyrədən böyük pedaqoq idi. Onun “Yüksək əqidə” adlı kitabı tibb təhsili alan tələbələrin, müəllimlərin stolüstü kitabına çevrilib.

Vətənpərvər, xeyirxah, gözlərə və qəlblərə nur gətirən Zərifə xanım cəmi 62 il ömür yaşadı. Hər zaman səmimiliyi ilə insanların qəlbində taxt qurmağı bacaran Zərifə xanımın bu gün ocağında onun yolunu davam edən, xeyirxahlıq və ümid təcəssümü olan Mehriban xanım Əliyeva var. Azərbaycanın Birinci vitse prezidenti Mehriban xanım Əliyeva fəaliyyətində milyonların qəlbində, nurlu xatirələrdə əbədi yaşayan Zərifə xanımın nəcib keyfiyyətlərini davam etdirir.