YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Artıq Azərbaycan torpaqlarında nəzarətdən kənar bölgələr olmayacaq

Vüqar Seyidov

YAP Suraxanı rayon təşkilatının sədri

Bəzən deyirlər ki, zaman özü hər şeyi həll edir. Bir çox hallarda isə insanlar zamanı və hadisələri özləri müdrikliklə idarə edirlər. Doğru zamanda doğru yerdə olmaq, doğru qərar vermək, hərəkət etmək və ya ətalətdə dayanmağın özü belə hadisələri idarə etməyə kömək edir. Çox yaxşı xatırlayıram ki, 44 günlük Vətən müharibəsindən sonra silahlı qüvvələrimizin Xankəndinə daxil olmamasını qınayanlar, hətta ittiham edənlər var idi. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ifadəsi bu dəfə də özünü sübut etdi. O bilir ki, nəyi, nə vaxt etmək lazımdır.

Ümumiyyətlə sentyabr ayı müasir erməni tarixi üçün “dərs, nəticə çıxarma, hadisələrə dərindən baxma ayı” kimi də qiymətləndirilə bilər. Baxmayaraq ki, Ermənistan Respublikası sentyabr ayında öz müstəqillik gününü qeyd edir. Onlar son üç ildə bu günü sevinclə qeyd edə bilməmişlər. Səbəbi isə hər ilin sentyabr ayında təxribatların törədilməsi və buna cavab olaraq Azərbaycan ordusunun əks-həmlə və anti-terror əməliyyatlarını icra etməsidir. Hər dəfə daha böyük itkilər verən düşmən sülhə, sülh müqaviləsinin imzalanmasına, Azərbaycan Respublikasının qanunlarına və ərazi bütövlüyünün təmin olunmasına dəmir yumruq hesabına sözün bütün mənalarında məcbur edilir.

Beynəlxalq hüquq və ədalət işləməyəndə Azərbaycan öz haqlarını öz biləyinin gücünə əldə edir. Nə regiondan çox uzaqda yerləşən qüvvələr, nə də yalnız sözlə Ermənistana dəstək verənlər real hərbi əməliyyatlar başlayarkən faktiki addımlar atmamışlar. 19 sentyabr 2023-cü il tarixli anti-terror əməliyyatları öncəsində də verilən irrasional bəyanatlar döyüş meydanında heç bir işə yaramadı.

Bəzi xarici qüvvələr məqsədli şəkildə lokal anti-terror əməliyyatını genişmiqyaslı hərbi əməliyyatlarla və ya müharibə ilə qarışdırmaq istəsələr də Azərbaycan ordusu çox peşəkar, həssas davranmış və sivillərə qarşı çox ehtiyatlı olmuşdur. Hətta qeyri-qanuni hərbi xunta rejiminin ordumuzla bacara bilmədiyi hallarda döyüşlərə cəlb etdiyi sivillərin olduğu döyüş epizodlarında belə Azərbaycan ordusu öz təmkinini qorumuş və heç bir vətəndaşa zərər dəyməməsi üçün xüsusi diqqət yetirmişdir. Nöqtə atışları ilə legitim hərbi hədəflər vurulmuş və düşmən təslim olmağa məcbur edilmişdir. Bu, tam hərbi-siyasi Zəfərdir! Bununla da bəzi məhşur ermənilərin sosial şəbəkələrdə ifadə etdikləri kimi Qarabağ bitməməmişdir. Əslində “Qarabağ oyunu bitmiş, Qarabağ düyünü çözülmüşdür”. Qarabağın xoş günləri indi başlayır.

Müzəffər Ali Baş Komandanın dediyi kimi oldu hər şey. Onun sözü sözdür. Bütün erməni cəmiyyəti və erməni xalqı məhz cənab İlham Əliyevi eşitməli, onun fikirləri ilə hesablaşmalıdır. 20 sentyabr 2023-cü il tarixi etibarı ilə Azərbaycan Qarabağ məsələsinin kitabını birdəfəlik bağladı. Və ya yenidən çiçəklənən Qarabağ kitabı açıldı. Artıq Azərbaycan torpaqlarında “boz” ərazilər, nəzarətdən kənar bölgələr olmayacaq. Artıq Azərbaycan dediyi və israr etdiyi kimi öz vətəndaşları ilə özü danışacaq. Vasitəçilər olmadan. Onların mülki və munisipal (bələdiyyə) hüquqlarını təmin edəcək. Reinteqrasiya prosesi başlayacaq və bütün Qarabağda yaşayan ermənilər üçün Azərbaycan bayrağı altında və Azərbaycan vətəndaşı kimi xoş güzəranlı günlər başlayacaq. Dırnaqarası bayraqlarını da ciblərinə büküb getməlidirlər. Əlbəttə, əgər kimsə Azərbaycan vətəndaşı kimi yaşamaq istəmirsə, onlar üçün dəhlizlər yaradılacaq və onlar regionu sülh və əminamanlıqla tərk edəcəklər. Qalan insanları isə gözəl və rifah günlər gözləyir.

Cənab Prezidentin xalqa döyüşlərin aktiv fazası bitdikdən və düşmən təslim olduqdan sonrakı müraciətini izləyənlər yəqin ki, regionun gələcək taleyinin necə olacağını anlamışlar. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan növbəti dəfə qalib gəlmiş lider kimi öz xalqına müraciət edirdi. Lakin eyni zamanda da sülhsevər, sülhpərvər bir ritorika ilə Qarabağda yaşayan etnik ermənilərə də öz tarixi ismarıclarını yönləndirdi. Onları da qucaqlayan, onların gələcəklərini müəyyən edən, zəmanət altına alan lider kimi sözləri çox dəyərli idi. Ermənistan və Qarabağdakı etnik ermənilər regionumuzdan kənarda yerləşən və öz şəxsi, dövlət maraqlarını güdən adamlardansa, cənab Prezidenti yaxşı dinləməli, onun sözlərinin mahiyyətini dərk etməlidirlər.

Son lokal anti-terror əməliyyatı zamanı rəsmi İrəvanın mövqeyi və hadisələrə yanaşması yaxşı mənada onlardan gözlənilməyən bir mövqe idi. Paşinyan bütün siyasi karyerasını və gələcəyini təhlükəyə ataraq Ermənistan dövlətçiliyini qorumuşdur. Belə ki, beynəlxalq hüquqla və Paşinyanın özünün imzası ilə tanıdığı Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş hər hansı bir hərbi addım atılsa idi, bu, onun və dövlətçiliyin sonu olacaqdı.

Son anda Paşinyan anladı ki, regiona NATO-nu gətirmək arzusu və ABŞ ilə hərbi təlimlər keçirmək fikri və ideyası onsuz da yanlış siyasi gediş idi. Bu yanlışı davam etdirmək isə dövlətin sonu demək idi. Əgər Paşinyan Azərbaycana qarşı hərbi addım haqqında düşünsə idi, onu Ukraynanın taleyi gözləyə bilərdi. Özü də əmin ola bilərdi ki, Qərb, NATO, ABŞ Cənubi Qafqaz regionunda da Rusiya ilə birbaşa döyüşlərdən çəkinəcək və olanlar yenə erməni xalqına olacaqdı. Bizim isə başımıza gətirilən onlarla müsibətə rəğmən erməni xalqına qarşı nifrətimiz və ədavətimiz yoxdur. Bunu cənab Prezident də öz çıxışlarında dəfələrlə vurğulamışdır.

Prezident İlham Əliyev bildirib və bu, tarixi həqiqətdir ki, heç kim Ermənistanın əvəzindən döyüşməyəcək və artıq regionumuzda müharibələrə ehtiyac yoxdur. Azərbaycan heç kimdən qorxmur, çəkinmir və öz rəhbərinin ətrafında dəmir yumruq kimi birləşmişdir.

Artıq lokal anti-terror əməliyyatlarından sonra döyüşlər dayanıb və Qarabağın erməni icmasının nümayəndələri Yevlax şəhərində Azərbaycanın mərkəzi hakimiyyət orqanlarının nümayəndələri ilə görüşürlər. Əlbəttə, şəhidlər vermədən, döyüş əməliyyatları olmadan bu təklifləri qəbul etsəydilər daha yaxşı olardı. Amma bu da tarixi reallıqdır ki, Azərbaycan ədaləti güc hesabına bərqərar edir. Yevlax şəhərinin xüsusi yeri vardır. Ermənilər öz işğallarını həyata keçirdikləri zaman Qarabağın mənəvi qapısı hesab olunan Yevlaxa qədər, Kürə qədər gələcəklərini deyirdilər. İndi isə tarix və taleh öz çarxını tərsinə çevirdi və ermənilər təslim olmaq üçün Yevlaxa gəliblər.