YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Cavabı Bakı və Ankarada axtarmaq lazımdır”

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 20-də xalqa müraciəti dünyanın bir sıra ölkələrinin mətbuatında geniş işıqlandırılıb.

Türkiyənin nüfuzlu “A Haber”, “TRT Haber”, “CNN Türk”, “TV 100” kanallarında, “Yeni Şafak”, “Takvim”, “Beyaz qazete”, “Star”, “Yeni çağ”, “Haber vitrini” qəzetlərində, “Ensonhaber.com” və digər elektron nəşrlərində dövlətimizin başçısının müraciətində səsləndirdiyi fikirlər oxucuların diqqətinə çatdırılıb. Xəbərlərdə Prezident İlham Əliyevin Ermənistan silahlı qüvvələrinin qanunsuz birləşmələri tərəfindən Azərbaycana qarşı törədilmiş terror aktları və təxribatlar, eləcə də mina terroru nəticəsində hərbi qulluqçuların və mülki şəxslərin həlak olması barədə fikirləri yer alıb.

Prezident İlham Əliyevin müraciətində Azərbaycanın Ermənistana lazımi cavab verməsi barədə fikri xüsusi vurğulanıb. Dövlətimizin başçısının çıxışında Azərbaycan Ordusunun yüksək peşəkarlıq göstərərək yalnız hərbi hədəflərə zərbələr endirdiyi, mülki infrastrukturu və mülki şəxsləri hədəfə almadığını qeyd etdiyi bildirilib, Azərbaycan Prezidentinin “Ordumuzun, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratmışdır” fikri diqqətə çatdırılıb.

Türkiyə KİV-ləri Prezident İlham Əliyevin müraciətində Qarabağın erməni sakinlərinə mesajlarına da xüsusi yer veriblər. Dövlətimizin başçısının Azərbaycan dövləti və xalqının bütün haqsızlıqlara, kriminal Ermənistan rejimi tərəfindən törədilmiş bütün cinayətlərə baxmayaraq, erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmadığını qeyd etməsi bildirilib.

Yazılarda dövlətimizin başçısının kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyinin, bu zəhər yuvasının artıq tarixdə qalması və Qarabağda yaşayan erməni əhalisinin də nəhayət rahat nəfəs ala biləcəyi barədə fikrinə istinad edilib və erməni əhaliyə aşağıdakı mesajları diqqətə çatdırılıb: “Bunu mən demişəm və bir daha demək istəyirəm, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların beyinlərini zəhərləmişdir. Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur”.

Azərbaycanın Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirdiyi antiterror tədbirləri və Prezident İlham Əliyevin sentyabrın 20-də xalqa müraciəti Rusiya mətbuatının da diqqət mərkəzindədir.

TASS agentliyinin materiallarında Prezident İlham Əliyevin xalqa müraciətində antiterror tədbirlərindən sonra regionda vəziyyətin dəyişəcəyi, kriminal rejimin süqutundan sonra gərginlik mənbəyinin keçmişdə qaldığı barədə fikirləri yer alıb. Agentlik dövlət başçısının Azərbaycan Ordusunun qarşıya qoyulan vəzifəni peşəkarlıqla yerinə yetirməsi, qəhrəmanlıq və şücaət göstərməsi barədə dediklərini diqqətə çatdırıb. Eyni zamanda, Prezident İlham Əliyevin hərbçilərə dinc əhalinin zərbə altına düşməməsi və qorunmasına dair tapşırıq verməsi önə çəkilib.

Qazeta.ru” nəşri Azərbaycanın antiterror tədbirləri zamanı qarşıya qoyulan məqsədlərə nail olduğunu yazıb. Nəşr xatırladıb ki, Azərbaycan antiterror tədbirlərinə genişmiqyaslı təxribatlardan sonra başlayıb və erməni qoşunlarını öz ərazisindən çıxarıb.

NTV” telekanalı Azərbaycan Prezidentinin Qarabağda aparılan tədbirlərin tamamilə legitim, qanuni və ədalətli olması barədə fikirlərini sitat gətirir. Materialda qeyd olunub ki, qanunsuz silahlı birləşmələr tam tərksilah olunacaq, onlardan müsadirə olunan texnika məhv ediləcək.

RBK” agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətinə geniş yer ayırıb, dövlət başçısının Qarabağın erməni əhalisinin tezliklə yaxşılığa doğru dönüşün şahidi olacağı barədə dediklərini vurğulayıb. Agentlik Prezident İlham Əliyevin “Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur” fikirlərini oxucularının diqqətinə çatdırıb.

Life” internet nəşri qeyd edib ki, Azərbaycan qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində cəmi bir günə qarşıya qoyulan vəzifələri yerinə yetirib. Nəşr Azərbaycan Prezidentindən sitat gətirərək yazır ki, terroristlər onların təxribatlarına layiqli cavab veriləcəyini bir daha anladılar.

“Kommersant” qəzeti Prezident İlham Əliyevin xalqa müraciətini ətraflı işıqlandırıb. Nəşr dövlət başçısının müraciətində Ermənistan hakimiyyətinin siyasi səriştə göstərməsi və bunun Ermənistan ilə Azərbaycan arasında gedən sülh prosesinə müsbət təsir göstərəcəyi barədə fikirlərinə yer ayırıb. Nəşrin digər materialında qeyd olunur ki, hazırkı antiterror tədbirlərindən sonra Cənubi Qafqaz regionunda yeni güc mərkəzi yaranır. Bu, Azərbaycan və Türkiyədir. İndi bölgəyə çoxlu sərmayələr, o cümlədən Qərbdən investisiyalar qoyulacaq. “Sual olunur: oyunun qaydalarını kim müəyyənləşdirəcək, həm siyasi, həm də iqtisadi dividendləri kim alacaq. Görünür, sualın cavabını Bakı və Ankarada axtarmaq lazımdır”, - deyə məqalədə vurğulanıb.

Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirlərini uğurla başa çatdırması İran mətbuatında da əks olunub. İranın “Ghatreh”, “Fardanews”, “Ecoiran”, İRNA, “Mehr” və digər informasiya agentliklərinin saytlarında verilən materiallarda Azərbaycan Ordusunun 24 saat ərzində Qarabağda lokal antiterror tədbiri keçirdiyi bildirilib.

Materiallarda Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətindən sitat gətirilib. Qeyd olunub ki, Azərbaycan öz məqsədinə nail olaraq suverenliyini bərpa etdi. Prezident İlham Əliyev orduya antiterror tədbirləri zamanı mülki əhalinin təhlükəsizliyinin təmin olunması haqqında əmr verib. Xəbərlərdə nəzərə çatdırılıb ki, Prezident Qarabağın erməni əhalisinin təhlükəsizliyinə və hüquqlarının qorunmasına zəmanət verib.

Prezident İlham Əliyevin xalqa müraciəti və müraciəti zamanı söylədiyi fikirlər Gürcüstan mediasının diqqət mərkəzindədir. Bu ölkənin “interpressnews.ge”, “netgazeti.ge”, “frontnews.ge”, “newposts.ge”, “ghn.ge”, “apsny.ge”, “kavkasiya.com”, “qafqazturk.com”, “palitranews.ge”, “ambebi.ge”, “24news.ge”, “aktual.ge”, “interpress.ge”, “newsday.ge”, “realnews.ge”, informasiya portallarının, eləcə də “1tv.ge”, “maestro.tv”, “tv.pirveli”, “rustavi2” televiziya kanallarının yaydıqları xəbərlərdə oxuculara və tamaşaçılara Azərbaycan Prezidentinin fikirləri Azərbaycan, rus və gürcü dillərində məlumatlar çatdırılıb. Məlumatlarda Azərbaycan Prezidentinin Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin bundan sonra dinc yaşayacaqları, regionun inkişafı, heç kimin Azərbaycanla ultimatum dilində danışa bilməyəcəyi, regionda yeni dövrün başlanacağı barədə fikirləri xüsusi qeyd olunub. Ümumilikdə Gürcüstan mətbuatında Azərbaycan Prezidentinin müraciəti ilə bağlı 50-dən çox xəbər yayımlanıb.

Macarıstanın kütləvi informasiya vasitələri Azərbaycanın Qarabağ bölgəsində 24 saat ərzində keçirilən lokal antiterror tədbirlərini geniş işıqlandırıb. Siyasi analitik Andraş Raçın “444.hu” nəşrində dərc olunmuş məqaləsində Bakıdakı mərkəzi hökuməti son nəticədə Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin qalıqlarının zərərsizləşdirilməsi qərarına gətirib çıxaran hadisələrin xronologiyası yer alıb. Müəllif antiterror tədbirlərinin keçirildiyi zonanın “Ermənistanın nəzarəti altında” olduğunu və bu ərazidə rəsmi İrəvan tərəfindən idarə edilən qanunsuz hərbi birləşmələrin yerləşdiyini qeyd edib.

A.Raç yazıb: “Formal olaraq, erməni qüvvələrinin təslim olması Moskvanın vasitəçiliyi ilə atəşkəs elan edilməsi kimi qələmə verilib, amma mahiyyət etibarilə bütün bunlar kapitulyasiyadır”. Razılaşmanın əsas müddəalarını qısaca diqqətə çatdıran müəllif xatırladıb ki, cümə axşamı Yevlaxda “Azərbaycanın mərkəzi hökuməti ilə yerli ermənilər arasında görüş olacaq”.

Ərəb ölkələrinin kütləvi informasiya vasitələrində də Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi antiterror tədbirləri və dövlətimizin bu ərazilərdə öz suverenliyini bərpa etməsi haqqında materiallar dərc edilib.

Əl Əhram” qəzetində dərc olunmuş məqalədə Prezident İlham Əliyevin sentyabrın 20-də xalqa müraciətindən əsas məqamlar yer alıb. Oxucuların diqqətinə çatdırılıb ki, Azərbaycanın dövlət başçısı Qarabağda erməni kəşfiyyat-diversiya qrupları tərəfindən mina terrorundan sonra dərhal lazımi addımlar atıldığını, düşmənin layiqincə cəzalandırıldığını bildirib. Vurğulanıb ki, lokal xarakterli antiterror tədbirlərinə başlanılıb və qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirilib. Antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa edib.

Əl-Vəsat” nəşrində dərc olunan “Azərbaycan Qarabağda öz suverenliyini bərpa edib” sərlövhəli yazıda da Prezident İlham Əliyevin xalqa müraciətindən sitatlar verilib. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev uğurlu antiterror tədbirləri nəticəsində qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesinin başladığını, o cümlədən onların Azərbaycanın şərtini qəbul edərək silahları təhvil verdiyini bildirib. Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, Bakının antiterror tədbirlərinə başlaması qanunsuz erməni hərbi birləşmələrinin təxribatları, o cümlədən azərbaycanlı hərbçilər və mülki şəxslərin həlak olması ilə nəticələnən mina terroru ilə bağlı olub.

Arab.48” informasiya portalında dərc olunmuş materialda da Azərbaycanın qısamüddətli antiterror tədbirlərindən sonra öz ərazilərində suveren hüquqlarını bərpa etdiyi, qanunsuz erməni hərbi birləşmələrinin ağ bayraq qaldıraraq təslim olduğu və Xankəndindəki separatçı rejimin Bakının bütün şərtlərini qəbul etdiyi bildirilib. Məqalədə, eyni zamanda, Prezident İlham Əliyevin Qarabağdakı erməniəsilli vətəndaşların Azərbaycan Konstitusiyasına müvafiq şəkildə reinteqrasiyası barədə fikirləri yer alıb. Yazıda qeyd olunub ki, Azərbaycanın dövlət başçısı Qarabağ ermənilərinin bütün hüquqlarının təmin ediləcəyini də söyləyib.

Bundan başqa, “Independentarabia”, “Əl Naşra” informasiya portallarında, həmçinin “Əl Cəzirə”, “SkyNewsArabia” telekanallarında da Azərbaycanın Qarabağda öz suverenliyini tam şəkildə təmin etməsi, sentyabrın 21-də Yevlax şəhərində Azərbaycanın dövlət strukturlarının nümayəndələri və Qarabağın erməniəsilli sakinləri arasında aparılan danışıqlar barədə xəbərlər və reportajlar yayımlanıb.