YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müasir tariximizin unudulmaz səhifəsi

Vüsar İsmayılov

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatınınm sədri

2020-ci ilin 27 sentyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın müxtəlif vaxtlarda və istiqamətlərdə, eləcə də həmin gün bütün cəbhəboyu ərazilərimizdə başlatdığı hərbi təxribatlarına qarşı həyata keçirilən əks-hücumu əməliyyatı nəticəsində tarixi zəfər qazandıq. Bu qalibiyyət dövlətimizin və xalqımızın yenilməzlik, məğrurluq, qəhrəmanlıq salnaməsi olmaqla yanaşı, 30 ilə yaxın müddətdə erməni işğalı altında olan tarixi torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası idi. Bütün dünya azərbaycanlıları, eləcə Azərbaycana dost, qardaş dövlət və millətləri sevindirən bu zəfər müasir tariximizin ən unudulmaz səhifəsinə çevrildi. Bu gün dövlət başçıssı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaəti sonsuz qürur hissi ilə xatırlayırıq. Vətən müharibəsindəki qələbəmizdən sonra məhv edilmiş, dizi üstə çökdürülmüş Ermənistan silahlı qüvvələri təslim olaraq, öz acizliyini etiraf etmiş və 2020-ci ilin 10 noyabrında kapitulyasiya aktına imza atmağa məcbur olmuşdur. Bu üçtərəfli sənədin imzalanması Azərbaycanın qalibiyyətini sübut etməklə yanaşı, həmçinin Ermənistanın biyabırçı və utancverici acı məğlubiyyətinin isbatı idi.

Qeyd etmək lazımdır ki, bu bəyannamənin imzalanması ilə işğalçı Ermənistan öz üzərinə bir sıra öhdəliklər götürdü. Təəssüflər olsun ki, postmüharibə dövrününü davam etdiyi 3 il ərzində Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ilə yanaşı, müxtəlif vaxtlarda atəşkəs rejimini kobud şəkildə pozaraq, xalqımıza qarşı təxribatlarını davam etdirdi. Ermənistandakı şovinist, revanşist qüvvələr baş qaldıraraq ölkəmizə və ərazi bütövlüyümüzə qarşı siyasi və hərbi təxribatları özündə əks etdirən sərsəm bəyanatlarla özlərinin əsl mahiyyətlərini bir daha ortaya qoymuş oldular. Mina terrorunun hələ də davam etməsi, postmüharibə dövründə 300 nəfər azərbaycanlının bu terrorun qurbanı olması, Azərbaycana təhvil verilən mina xərtitələrinin sadəcə 25 faizinin uyğunluğu, hazırkı dövrdə 2021-ci il Ermənistan istehsalı olan minaların torpaqlarımızda basdırılması erməni xislətinin, onun mənfur niyyət və əməllərinin bariz nümunəsidir. Görünür istər Vətən müharibəsindəki məğlubiyyəti, istərsə də 10 noyabr kapitulyasiya aktı onlara dərs olmayıb. Ermənistanın təxribatlarına qarşı Azərbaycan hər zaman qətiyyətli mövqe nümayiş etdirib. İstər qarşı tərəflə təmaslar zamanı, istərsə də müxtəlif beynəlxalq tribunalardan baş verənlərə son qoyulması haqqında xəbərdarlıqlar edilib. Lakin Ermənistan bu xəbərdarlıqlardan nəticə çıxarmayaraq daha da azğınlaşaraq ölkəmizə hücumlarını və təhdidlərini davam etdirib.

Bu təxribat və təhdidlərə cavab olaraq Azərbaycan Ordusunun bu ilin sentybarın 20-də başlatdığı antiterror tədbirləri zamanı ölkəmizin Qarabağ bölgəsində yerləşmiş qanunsuz erməni silahlı birləşmələri yenidən ağır məğlubiyyətə uğradılaraq təslim olmağa vadar edilmişdir. Beləliklə, beynəlxalq tərəfdaşların vasitəçiliyi ilə erməni silahlı qüvvələri təslim olduqlarını bildirmiş və Azərbaycanın irəli sürdüyü təklifləri qəbul etdiyini açıqlamışdır.

Yevlax şəhərində Azərbaycan tərəfinin və Qarabağdakı erməni icmasının nümayəndələri arasında baş tutan görüş bu məğlubiyyətin nəticəsi idi. Beləliklə, qanunsuz erməni silahlı birləşmələri Qarabağ tərk edəcəyini, tərkisilah olacaqlarını, bütün silah, hərbi texnika və sursatlarını təhvil verəcəklərini öhdələrinə götürüblər. Yalnız bundan sonra antiterror tədbirləri dayandırılıb.

Cəmi bir gün ərzində lokal xarakterli antiterror tədbirləri ilə ordumuz qarşısına qoyulan vəzifələri uğurla yerinə yetirərək Azərbaycanın suverenliyini bərpa etdi.

Hər birimiz müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla ordumuzla, zabit və əsgərlərimizlə fəxr edirik. Ordumuzun qəhrəmanlığı bütün dünya üçün əsl nümunədir.