YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransa, Almaniya və Aİ-nin ədalətsiz mövqeyi onların qərəzli siyasi məqsədlərini təsdiqləyir

Sentyabrın 21-də BMT Təhlükəsizlik Şurası (TŞ) Ermənistanın və onun əsas dəstəkçisi rolunda çıxış edən Fransanın təkidi ilə Qarabağdakı vəziyyətlə bağlı iclas keçirdi. Onu da qeyd edək ki, hələ ötən ay Ermənistan və Fransa BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycanın Laçın-Xankəndi yolunu “bağlamasından” sonra guya Qarabağın ermənilər yaşayan hissəsində yaranmış “humanitar böhran”ın müzakirəsinə nail olmuşdular. Şübhəsiz, eyni dəyərlərin birləşdirdiyi Ermənistan və Fransanın fürsət düşdükcə Azərbaycana qarşı əsassız iddialarla çıxış etmələri, bu yalanlarına, böhtanlarına dəstək qazanmaq üçün BMT-yə üz tutmaları müxtəlif sualların yaranmasına səbəb olmaya bilməz. Dünyada sülhün və təhlükəsizliyin təminatı missiyasını yerinə yetirməli olan BMT Təhlükəsizlik Şurasının ötən əsrin 90-cı illərinin əvvəllərində qəbul etdiyi 4 qətnamədə Qarabağın Azərbaycan ərazisi olduğu, ən əsası erməni silahlı birləşmələrinin bu torpaqlardan qeyd-şərtsiz çıxarılmasının vacibliyi birmənalı şəkildə öz əksini tapsa da sözügedən sənədlərin qəbulundan ötən 27 ildə onların icrası istiqamətində heç bir addım atılmamışdı. İkinci Qarabağ müharibəsi başlayana qədər bu barədə qətiyyən düşünməyən, işğal dövründə bir milyondan artıq soydaşımızın pozulmuş hüquqlarına, torpaqlarımızın 20 faizinin işğal altında qalmasına biganə yanaşan BMT TŞ-nin son bir ay ərzində ikinci dəfə Qarabağla bağlı heç bir real fakta söykənməyən dinləmələr təşkil etməsi haqlı suallar doğurmaya bilməz.

Unutmaq lazım deyil ki, 27 il müddətində BMT-nin arxivində lazımsız kağız parçası kimi qalıb saralan bu qətnamələri Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində təkbaşına icra etdi. Azərbaycan bu qətiyyətli addımı ilə ikili standartlara əsaslanan siyasətləri nəticəsində özlərinə qarşı etimadsızlıq mühiti yaradan əksər dünya güclərinə sübut etdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar var, sadəcə olaraq onların icrası üçün vahid mexanizm müəyyənləşdirilməyib. Bəzən qətnamələr bir sıra ölkələr üçün 1-2 saat ərzində icra edilir, Azərbaycana gəldikdə isə nəinki on illərlə gözləməli oluruq, hətta əsassız iddialarla qarşılaşırıq. Belə bir şəraitdə bu gün beynəlxalq hüquq problemini yaşayan dünya güclərindən hansısa bir məsələnin həllinə ədalətli yanaşma gözləməyə dəyərmi? BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı sentyabrın 21-də keçirilən iclası bu sualımıza bir daha aydınlıq gətirdi və aydın oldu ki, məsələlərə ikili standartlar prizmasından yanaşanlardan ədalətli mövqe gözləməyə dəyməz.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

O qeyd edib ki, sözügedən iclas Ermənistanın və onun havadarlarının beynəlxalq hüquqa zidd, ikiüzlü siyasətlərinin iç üzünü açıb bütün dünyaya göstərdi. İclasda Fransa, Almaniya və Avropa İttifaqı (Aİ) Azərbaycana qarşı çox haqsız və ədalətsiz ittihamları ilə diqqətdə oldular. Hər zaman qeyd etdiyimiz kimi, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq Qarabağla bağlı 4 qətnamənin hazırlanmasında və qəbulunda iştirak edən, eyni zamanda, artıq tarixin arxivinə atılan Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in keçmiş Minsk qrupunun həmsədri, ən əsası yeri gəldi-gəlmədi digər dövlətlərə beynəlxalq hüquq dərsi keçməyə çalışan, amma özü bu anlayışdan xəbərsiz olan Fransa Azərbaycanın atdığı hər bir addımın ədalətə və beynəlxalq hüquqa söykəndiyini çox yaxşı bilir. Tarixi Zəfərimizi, Azərbaycanın müstəqil siyasətinin uğurlarını həzm edə bilməyən Fransa dünya siyasətinə ədalətsizlikdən başqa heç nə verə bilməyib. Almaniya, Fransa və Avropa İttifaqının BMT Təhlükəsizlik Şurasının iclasında nümayiş etdirdikləri mövqe bir daha onların Azərbaycana və azərbaycanlılara qarşı dini və etnik nifrət əsasında ayrı-seçkiliklərini təsdiqlədi.

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, BMT TŞ-nin Azərbaycanın öz ərazisində apardığı lokal xarakterli antiterror tədbirləri ilə bağlı iclas keçirməsi beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla yanaşı, həm də dövlətlərin daxili işinə müdaxilədir. Azərbaycanın bir sutkadan az müddət ərzində həyata keçirdiyi lokal antiterror tədbirləri hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan dövlətlər tərəfindən dəstəkləndi. Ən əsası, bildirildi ki, bu addım Azərbaycanın daxili işidir. Hətta BMT Təhlükəsizlik Şurasının iclasından öncə Ermənistanın baş naziri Nikol Paşinyan həyata keçirilən lokal antiterror tədbirlərinin Qarabağda yaşayan mülki erməni əhalisinə təhlükə törətmədiyini bildirdi. Bu açıqlamanın ardınca BMT Təhlükəsizlik Şurasında Qarabağdakı vəziyyətlə bağlı iclasın keçirilməsi, Ermənistan rəhbərliyinin əvvəlki açıqlamalarının əksinə olaraq lokal antiterror tədbirləri zamanı guya mülki əhali arasında kütləvi tələfatın, dinc insanlara qarşı təhdidlərin olmasını iddia etməsi bu ölkənin və havadarlarının ikiüzlü, ədalətsiz siyasətlərinə bir daha işıq saldı. Fransa, Almaniya və Aİ-nin Qarabağda yaşayan ermənilər üçün “öz vətənində təhlükəsiz şəkildə və ləyaqətlə yaşamaq” ifadəsini işlədən zaman beynəlxalq hüququ kobud şəkildə pozduqlarını düşünməməklə yanaşı, Azərbaycan torpaqlarının 30 ilə yaxın dövrdə işğal altında qalmasına, ermənilərin zaman-zaman azərbaycanlılara qarşı deportasiya və soyqırımı siyasəti həyata keçirmələrinə, postmünaqişə dövründə hansı təxribatları, günahsız mülki insanları hədəfə alaraq müharibə cinayətləri törətmələrinə biganə münasibətlərini nümayiş etdirdilər. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, İkinci Qarabağ müharibəsi başa çatandan bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşı ermənilərin mina terrorunun qurbanı olub və ya ağır yaralanıb. Sentyabrın 19-da baş verən və lokal antiterror tədbirlərinin başlanmasına rəvac verən terror aktı nəticəsində ikisi mülki şəxs olmaqla 6 Azərbaycan vətəndaşı mina terrorunun qurbanı oldu. Almaniya, Fransa və Avropa İttifaqı BMT Təhlükəsizlik Şurasının tribunasından Ermənistanı müdafiə edərkən nədənsə bu məqamları diqqətə çatdırmağı, Azərbaycanın yaşadığı faciələrin fonunda Ermənistanla münasibətlərində yeni səhifə açmaq üçün sülh sazişi imzalamaq təklifini irəli sürməsindən, qarşı tərəfin bu istiqamətdə hələ də konkret addım atmaq barədə düşünməməsindən bəhs etməyi “unutdular”.

Vüqar Rəhimzadə diqqəti Avropa İttifaqının ikili siyasətinə yönəldərək bildirib ki, qurum bir tərəfdən sülh müqaviləsinin imzalanması prosesində vasitəçilik missiyasını yerinə yetirir, digər tərəfdən BMT Təhlükəsizlik Şurasının tribunasından ölkəmizə qarşı qərəzli ittihamlar səsləndirir. Hələ bu azmış kimi Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Cozef Borelin söylədiyi əsassız fikirləri Aİ ayrıca bəyanat kimi yaymaq istədi. Azərbaycanın Qarabağda lokal antiterror tədbirləri ilə bağlı qərəzli bəyanatı əvvəlcədən Aİ-nin üzvü olan 27 ölkənin hamısı tərəfindən təsdiq edilməli idi, lakin Macarıstanın bu sənədə veto qoyması onların bu niyyətini puça çıxardı. Cozef Borelin bəyanatı bütün reallıqları qəsdən təhrif edir və tamamilə qeyri-adekvatdır. Azərbaycan Xarici İşlər Nazirliyinin Cozef Borelin bəyanatına cavabında da bildirilir ki, bu təşkilat Azərbaycanın suveren ərazilərinin 30 ilə yaxın davam edən hərbi işğalını, azərbaycanlılara qarşı etnik təmizləmə və bəşəriyyətə qarşı cinayətləri pisləməkdən həmişə çəkinmiş və 2020-ci il müharibəsindən sonra Azərbaycanın regionda sülh və sabitliyin bərqərar edilməsi istiqamətində fəaliyyətini heç vaxt təqdir etməmişdir. Azərbaycana qarşı təhdidedici bəyanat səviyyəsinə qədər ikitərəfli yanaşma regionumuzda sülhə xələl gətirir. Azərbaycanın öz suveren ərazilərində yerləşdirilmiş qanunsuz erməni hərbi birləşmələrinin məhv edilməsi üzrə qanuni tədbirləri növbəti təxribatların və hücumların qarşısının alınmasına yönəlib və Azərbaycanın terrorizmə qarşı mübarizə tədbirləri erməni əhalisinə qarşı olmayıb. Yevlaxda Azərbaycanın mərkəzi hakimiyyəti ilə Qarabağın erməni icmasının nümayəndələri arasında erməni sakinlərinin reinteqrasiyası, infrastrukturun bərpası və Azərbaycanın Konstitusiyası və qanunları əsasında fəaliyyətin təşkili ilə bağlı konstruktiv müzakirələrə bir daha Aİ tərəfindən açıq məhəl qoyulmaması Avropa İttifaqı daxilində müəyyən dairələrin qərəzli siyasi məqsədlərini təsdiqləyir.

YAP Xətai rayon təşkilatının sədri bu mühüm məqamı da xüsusi qeyd edib ki, hər zaman biri-birlərinin yanında olan Azərbaycan və Türkiyə bu birliyi BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclasında da nümayiş etdirdilər. Qardaş Türkiyə Azərbaycanı dəstəkməklə bir daha ədalətin və beynəlxalq hüququn yanında olduğunu nümayiş etdirdi.