YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müttəfiqliyimiz yeni mərhələdə

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

Dünyada söz sahibi və regionda lider dövlətə çevrilmiş Azərbaycanın bu günlərə gəlməsi heç şübhəsiz Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi və daha da inkişaf etdirilərək yüksəklərə qaldırılması olmuşdur. Məhz Prezident İlham Əliyevin apardığı düzgün daxili və xarici siyasi kursun nəticəsidir ki, Azərbaycan otuz ilə yaxın düşmən işğalında olan torpaqlarımızı işğaldan azad etmiş, Qarabağın yenidən qurulması, respublikanın iqtisadi inkişafı istiqamətində əhəmiyyətli addımlar atmışdır. Həm 44 günlük Vətən müharibəsində, Qarabağda aparılan yenidən qurma işlərində, həm də qardaş Türkiyədə baş vermiş təbii fəlakətlərdə bir millət, iki dövlət milli konsepsiyası ilə bir-birinə qucaq açmış Azərbaycan-Türkiyə qardaşlığı sayəsində dünyada tayı-bərabəri olmayan bir münasibətlər sistemi qurulmuşdur.

Belə bir ali münasibətlər sisteminin qurulmasında dayaq nöqtəsi həm də Türkiyə və Azərbaycanın dövlət başçılarının qarşılıqlı qardaşlıq münasibətinin olmasıdır. Təsadüfi deyil ki, Türkiyədəki prezident seçkilərindən sonra cənab Rəcəb Tayyib Ərdoğan ilk səfərini iyun ayında məhz Şimali Kipr Türk Respublikası ilə birlikdə Bakıya etmişdir. Sentyabr ayının 25-də 2008-ci ildəki səfərdən sonra ikinci dəfə Naxçıvana səfər edən qardaş Türkiyənin başçısı Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevi anadan olmasının 100-cü ildönümündə bir daha ehtiramla yad etmiş, Türkiyə-Azərbaycan əlaqələrinin dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədə olduğunu bildirmişdir.

“Bir millət, iki dövlət” şüarı çərçivəsində əlaqə və əməkdaşlığı bütün sahələrdə gücləndirmək üçün fəaliyyətini davam etdirən Türkiyə və Azərbaycanın məlum Şuşa Bəyannaməsi ilə əlaqələri müttəfiqlik səviyyəsinə yüksəlmişdir.

Regionda yaşanan müharibələr, o cümlədən bütün dünyanı cənginə almış koronavirus pandemiyası Xəzər dənizindən keçən Beynəlxalq Şərq-Qərb Orta Dəhlizin əhəmiyyətini gözlər önünə sərdi, hər iki dövlətin nəqliyyat, logistika və enerji sahələrindəki əlaqələrini inkişaf etdirməklə bağlı iradəsini bir daha ortaya qoydu. Bu baxımdan yeni təməli qoyulmuş İğdır-Naxçıvan qaz kəməri layihəsi Azərbaycan ilə Türkiyənin enerji sahəsində ortaqlığını daha da dərinləşdirəcəyi kimi, Avropanın enerji təhlükəsizliyinə də vacib töhfə verəcək. Qars-Naxçıvan dəmir yolu layihəsi ilə yanaşı, yaşayış binaları və elektrik enerjisi ilə bağlı imzalanan müqavilələr Türkiyədə fevralın 6-da baş vermiş zəlzələnin yaralarının sağalmasına, həmçinin modernləşərək açılmış bərpa-istehsalat hərbi kompleksi müdafiə sənayesi sahəsində əməkdaşlığımıza qardaş töhfəsi verəcəkdir.

Mətbuat nümayəndələri qarşısında bəyanatla çıxış edən dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən bölgədə yaşanan kritik proseslər, Azərbaycana İkinci Qarabağ müharibəsindən sonra keçən üç ilə yaxın müddətdə dəfələrlə ifadə olunan legitim və haqlı narahatlıqlar ilə bağlı lazımi cavabın verilməməsi, nəticədə Azərbaycanın öz ərazilərində suverenliyi təmin etmək üçün antiterror tədbirləri həyata keçirmək məcburiyyətində qalması qeyd olundu və Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesinin uğurla gedəcəyinə əminlik ifadə olundu.