YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnkişaf tarixində yeni səhifə

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Ulu Öndər Heydər Əliyevin ilk dəfə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçildiyi tarixi gündən 30  il ötür. Ümummilli Lider Heydər Əliyevin 3 oktyabr 1993-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin inkişaf tarixində yeni səhifə açıldı.

Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçildikdən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ümummilli lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir.

1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan müstəqil həyat yaşayır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız qəbul olundu, azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji əsaslarımızı təşkil edir. Siyasi islahatlar aparılmağa başlamışdır, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edilmişdir. İqtisadi sahədə liberallaşma siyasəti aparılmağa başlamışdır və bazar iqtisadiyyatına keçid məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə baş vermişdir.

Azərbaycan dünyanın zəngin təbii sərvətlərinə malik olan ölkələrindən biridir. Respublikamızın neft sənayesinin uğurları Azərbaycana rəhbərlik etmiş ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu öndər Heydər Əliyev çox gözəl bilirdi ki, respublikanın inkişafı ilk növbədə onun iqtisadi qüdrətini artıran enerji təminatının yaxşılaşdırılmasından, sənaye potensialının yaradılmasından, elm və mədəniyyətinin, ən başlıcası, insan potensialının inkişaf etdirilməsindən asılıdır. İttifaq rəhbərliyinin göstərdiyi maneələrə baxmayaraq o, iradəsindən dönmür, bütün vasitələrlə bu maneələri aradan qaldırmağa çalışır və bunu bacarırdı. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. 1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. “Əsrin müqaviləsi” adlandırılan bu saziş həqiqətən müstəqil Azərbaycanın neft salnaməsinə əbədi həkk olundu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "1994-cü ildə "Əsrin müqaviləsi" imzalanarkən bəziləri bunun uğuruna inanmırdı və hesab edirdilər ki, müqavilə elə kağız üzərində qalacaq. Çünki onun həyata keçirilməsi üçün təkcə iqtisadi deyil, eyni zamanda, siyasi və coğrafi-siyasi məsələlər öz həllini tapmalı idi. Heydər Əliyevin neft strategiyası və Heydər Əliyev diplomatiyası qarşımızda duran bütün məsələlərə nail olmaq üçün imkan yaratdı".

“Əsrin müqaviləsi” Azərbaycanın müstəqil dövlət kimi öz sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmində olduğunu təsdiqləyən tarixi sənəddir. Bu gün Azərbaycanın enerji siyasəti regional müstəvidən çıxaraq qlobal müstəviyə yüksəlib. Azərbaycan neft-qaz ixrac edən ölkə kimi dünya birliyi üçün etibarlı tərəfdaşa, enerji təhlükəsizliyi məsələlərində isə fəal subyektə çevrilib.

DİGƏR Xəbərlər Arxiv