YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Hər bir beynəlxalq əhəmiyyətli tədbir ona ev sahibliyi edən, eyni zamanda, iştirakçı ölkələrin malik olduqları imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Bu baxımdan sentyabrın 29-da  BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu diqqətçəkən oldu. Açılış mərasimində “Sizi burada - Azərbaycanın qədim bölgəsində, Şərqi Zəngəzurda salamlayıram. Bu gün bu region Azərbaycanın bütün Qarabağ bölgəsi kimi, sıfırdan yenidən inşa edilir. İlk olaraq bütün qonaqlarımıza təşəkkürümüzü bildirirəm. Bu gün burada 53 ölkədən qonağımız var. 200-ə yaxın xarici qonaq və ümumilikdə 400 iştirakçı bu gün bizimlədir. Bu, bizim ikinci Azərbaycan Milli Şəhərsalma Forumumuzdur, bizim dostluğumuzun təzahürüdür. Bizim birgə marağımızın təzahürüdür ki, işğal dövründə tamamilə dağıdılmış əraziləri yenidən inşa edək” söyləyən dövlət başçısı İlham Əliyev bu fikirləri ilə Azərbaycanın bütün sahələrdə malik olduğu təcrübəni bölüşməkdə maraqlı olduğunu, əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün səylər göstərdiyini diqqətə çatdırdı.

Ötən il Ağdam şəhərində keçirilən birinci Azərbaycan Milli Şəhərsalma Forumuna qatılan ölkələrin və iştirakçıların say tərkibi ilə builki tədbiri müqayisə etdikdə böyük artımın şahidi oluruq. Bu, Azərbaycana göstərilən etimadın göstəricisidir. Ədalətə və beynəlxalq hüquqa söykənərək hər bir məsələnin sülh yolu ilə həllində maraqlı olan Azərbaycanın 30 illik işğal və postmünaqişə dövründə atdığı addımlara diqqət yönəldən cənab İlham Əliyev bildirdi ki, biz sıfırdan yeni şəhər və kəndlər inşa edirik. Ona görə də burada müasir texnologiyalar tətbiq etməliyik ki, bununla da keçmiş köçkünlərimizə ən yaxşı şərait yaradaq. Onların bir hissəsi artıq qayıdıbdır. Ötən il  birinci Şəhərsalma Forumunu Ağdam şəhərində keçirmişdik. Həmin şəhər də sıfırdan inşa edilir, çünki o, işğal dövründə darmadağın edilmişdir. Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb: “Ağalı “ağıllı kəndi”nə, - burada videoda da siz onu gördünüz, - ötən bahar aylarında həyat qayıdıb. Orada sakinlər xoşbəxt yaşayırlar. Mən Ağalı kəndində dəfələrlə olmuşam - sakinlərin qayıdışından əvvəl və sonra. Mən onun şahidi oldum ki, oraya qayıdan insanlar öz köklərinə nə dərəcədə bağlıdırlar. Heç zaman öz vətənini görməyən gənc nəsil qayıdıb. Bu, onu nümayiş etdirir ki, Azərbaycan xalqı öz köklərinə necə dərindən bağlıdır. Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, bizim torpaqlar azad edilsin və onlar qayıtmaq imkanına malik olsunlar. Onlar bu imkandan 30 il ərzində Ermənistan tərəfindən məhrum edilmişdi. Ancaq üç il əvvəl biz bu işğala son qoyduq.”

Artıq bu gün işğaldan azad edilmiş ərazilərimiz  beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu, dövlətimizin bu ərazilərdə qısa müddətdə yaratdığı yüksək şəraitin təqdimatıdır. Beynəlxalq tədbirlərə tarixi sahibinə qovuşmuş torpaqlarımızın ev sahibliyi etməsi dünyaya bir çağırışdır. Bu torpaqlar bizimdir və biz burada əbədi olacağıq. Dövlət başçısı Forumda belə bir  çağırışı etdi: “Bunu Ermənistan hakimiyyəti də bilsin, onun arxasında duran himayədarları da bilsin, bu gün Azərbaycana qarşı qəbuledilməz planlar cızan tərəflərə buradan mesaj verirəm: Bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki, bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir.”

Bu gün dövlət başçısı İlham Əliyevin Sərəncamına uyğun olaraq Cəbrayıl Şəhəri Günüdür. 2020-ci il oktyabrın 4-də dövlət başçısı İlham Əliyev Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndinin işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində bir daha bildirdi ki, biz bütün şəhərləri bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq. Biz ermənilər tərəfindən  tarixi adlarımızı dəyişdirib tarixi saxtalaşdırmaq, eyni zamanda, Azərbaycan xalqının tarixi-mədəni irsini silmək cəhdlərinə son qoyduq. Yaşayış məntəqələrinin tarixi adları bərpa edilir və bərpa ediləcək.

Artıq 3 ildir  cəbrayıllılar, ümumilikdə  bütün Azərbaycan xalqı sevinclidir. 44 gündə torpaqlarımızın işğaldan azad edilməsi müjdəsini aldıqca hamı bu münasibətilə biri-birini təbrik edir, göz yaşlarını saxlaya bilmirdi. Bu sevinc göz yaşları idi. Xalqımız 30 il torpaq həsrəti ilə yaşadı. Ermənilərin bu ərazilərimizdə  vəhşiliklər törətmələri, evləri, tarixi və dini abidələrimizi yerlə-yeksan etmələri,  bütün izlərimizi silmək üçün cəhdlər göstərmələri hər kəsdə  mənəvi sıxıntı yaradır,  qürurumuzun, kimliyimizin bərpası, dünyaya bir daha təqdimatı gününü səbirsizliklə gözləyirdi. Torpaqlarımız 30 ilə yaxın dövrdə işğal altında olsalar da tarixi sahibinə qovuşacaqlarına tam əmin idilər. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bu istəyimizə qovuşdurdu.

Bu gün Cəbrayılın, digər torpaqlarımızın  işğaldan azad edilməsi Ermənistana, onun havadarlarına dərs olmalıdır. Dövlət başçısı İlham Əliyev 4 oktyabr 2020-ci ildə xalqa müraciətində bildirmişdir: “Mən hadisələrdən əvvəl demişdim. Orada təxribat törətdi, dərs verdik, dərs olmadı. Burada təxribat törətdi, dərs verdik, dərs olmadı. Nəhayət, bu dəfə təxribat törətdi, dərs verdik, indi dərs oldu.”

Biz haqqın, ədalətin tərəfindəyik. Xalqımızın  tarixində şərəfli anlar, qələbələr çox  olub. Onların sırasında tarixi Zəfərimizin yeri xüsusidir. Dövlətimizin qətiyyəti, Ordumuzun qüdrəti sayəsində ərazi bütövlüyümüz bərpa edildi. Azərbaycan xalqının ümidləri doğruldu. Azərbaycan haqlı tərəf, bu torpaqların sahibi olduğunu bir daha təsdiqlədi. Dövlət başçısı İlham Əliyevin “ Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” tezisi 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrildi.

Bu gün Cəbrayıl, bütün azad edilən torpaqlarımız bərpa-quruculuq dövrünü yaşayır. Ermənilərin 30 ildə törətdikləri dağıntıları quruculuq işləri əvəzləyir. Digər torpaqlarımızda olduğu kimi,  Cəbrayılda da tarixin izini itirmək məqsədilə abidələr dağıdılıb. İşğal dövrünə qədər rayonun ərazisi tarixi, mədəniyyət və memarlıq, mağara, qəbirüstü abidələrlə zəngin olub. Cəbrayıl şəhərində Ağoğlan nekropolu, Sirik kəndində Qala bürcü, Xələfli qəsəbəsində Qız qalası, Dağ Tumas kəndində Divlər sarayı, Tatar kəndində Siklop tikililəri, Şıxlar kəndində şəhərcik qalıqları və qışlaq yerləri, Ağoğlandakı Orxan yazılı abidəsi, Qumlaq kəndində 11 və 15 aşırımlı Xudafərin körpüləri, Cəbrayıl şəhərindəki Sultan Məcid hamamı, Xudyarlı kəndindəki dairəvi və səkkizguşəli türbələr, Şıxlar kəndində dairəvi türbə, XVI və XIX əsrlərə aid məscidlər işğal illərində məhv edildi. Bütün bu cəhdlərə baxmayaraq tarixi silmək mümkün deyildi.  Qarabağ, Şərqi Zəngəzur Azərbaycanın qədim torpaqlarıdır. 27 ildən sonra sahibinə qovuşan Cəbrayıl həyatının yeni mərhələsini yaşayır.