YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cənubi Qafqazda sülhə doğru addım

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri

Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır.

Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana 11-ci səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır. Ölkəmizin başçısı mətbuata bəyanatında bu münasibətlərin inkişafı tarixindən, hazırda birgə tərəfdaşlığın əhəmiyyətindən danışmış, Cənubi Qafqazda sülh prosesinə qonşu Gürcüstan dövlətinin münasibətini xüsusi qeyd edib: “Gürcüstan ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətləri dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulubdur... strateji tərəfdaşlıq əlaqələrimiz demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıbdır. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik”.

Qeyd edək ki, dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. 2022-ci ildə münasibətlərimizin 30-cu ildönümü qeyd olunub. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb.

Ümummilli Lider Heydər Əliyevin və Prezident Eduard Şevardnadzenin dostluq münasibətləri bu əlaqələri inkişaf etdirməyə əhəmiyyətli təkan verib. Ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib, indiyədək ölkələrimiz arasında 125-dən çox sənəd imzalanıb. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb.

Bu münasibətlərin daha da inkişaf etdirildiyini qeyd edən cənab İlham Əliyev bundan sonra da ölkələrimiz arasında əlaqələrin daha da inkişaf edəcəyini bildirib: “Biz - onların davamçıları, bu gün onların yolu ilə gedirik. Təbii ki, bu gün Gürcüstan və Azərbaycan qat-qat daha inkişaf etmiş ölkələrdir. Ancaq çağırışlar demək olar ki, eynidir, problemlər eynidir. Cənubi Qafqazda sülh hələ ki, tam bərqərar olunmayıb və bu gün cənab Baş nazirlə söhbət əsnasında, o cümlədən bu məsələyə də toxunduq. Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb. Baş nazir qeyd etdiyi kimi, biz hər zaman bir-birimizin ərazi bütövlüyümüzü, suverenliyimizi dəstəkləmişik və dəstəkləyirik. Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və digər maraqlarını əks etdirən məsələlərdə bir-birimizi dəstəkləyirik və bir-birimizin yanındayıq. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır.”

Ermənistanla gedən danışıqlar prosesinə toxunan cənab İlham Əliyev bidirdi ki, bu gün sülh prosesinə daha çox yaxınlaşmışıq. Ermənistan rəhbərliyi əgər sülh istəyirsə, kənarda yox, elə Gürcüstanda, ikitərəfli, yaxud üçtərəfli görüşlər keçirmək olar. Əgər sülh istəyirlərsə, bunu sözdə yox, əməldə sübut etmək vaxtı çatmışdır.  Ölkə başçısı deyib: “Əgər biz buna nail olsaq, - mən buna ümidliyəm, - o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu, bütün bunlar, mümkündür. Sadəcə olaraq biz bundan məhrum idik, ona görə ki, Azərbaycan ərazilərinin bir hissəsi uzun illər işğal altında idi və təbii ki, bu vəziyyət imkan vermirdi ki, normallaşmaya doğru addımlar atılsın. İndi məqam gəlib çatıb və hesab edirəm ki, bu şansı əldən vermək böyük səhv olar.”

Prezident İlham Əliyevin bu səfəri Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafına xidmət etməklə bərabər, Cənubi Qafqazda sülhə doğru daha bir addımdır.