YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çağırışlar eynidir

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Qarşılıqlı etimada əsaslanan Azərbaycan-Gürcüstan münasibətləri yüksələn xətlə inkişaf edir. Oktyabrın 8-də dövlət başçısı İlham Əliyevin dost ölkəyə işgüzar səfəri əlaqələrimizin dünəninə baxış əsasında yeni hədəflərə işıq saldı. Cənab İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, əsrlər boyu bizim xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışdır, bu gün də bu, belədir. Bu, həm ölkələrimiz üçün vacibdir, eyni zamanda, bölgə üçün, o cümlədən ilk növbədə Cənubi Qafqaz üçün çox vacib olan bir şərtdir.

İki qardaş ölkənin münasibətlərindən bəhs edərkən ilk olaraq regional əməkdaşlığın inkişafına böyük töhfə olan enerji və nəqliyyat layihələri göz önünə gəlir. Azərbaycan, Türkiyə və Gürcüstan dövlətinin siyasi iradəsi əsasında reallığa çevrilən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tblisi-Ərzurum qaz kəmərlərinin, həmçinin əhəmiyyətinə görə enerji layihələrindən geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin ardınca “yaşıl enerji” layihəsinin reallaşması  dünyanın diqqət  mərkəzində olan bölgəmizdə sabitliyin yaranmasına  inamı  artıracaq. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında onu da qeyd etdi ki,  gələcək planlarımız üzrə birmənalı əməkdaşlığın dərinləşməsinə hesablanmış gündəlik vardır. Böyük məmnuniyyətlə Gürcüstanın yeni infrastruktur layihələrinin yaranmasında iştirak edə bilərik. Səfər çərçivəsində Anakliya limanının inşası ilə bağlı fikir mübadiləsi aparıldı.  Belə bir inam da ifadə edildi ki, Gürcüstanın Qara dəniz sahilində Kulevi  limanının genişləndirilməsi əməkdaşlığımızı daha da gücləndirəcək. Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılması və yaxın gələcəkdə fəaliyyətə başlaması da  Orta Dəhlizin güclənməsinə xidmət göstərəcək.

Energetika sahəsində ənənəvi sahələrdən başqa hazırda Azərbaycanla Gürcüstanı birləşdirən “Yaşıl enerji dəhlizi” layihəsidir. İki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edir və yaxın aylarda bu layihənin texniki-iqtisadi əsaslandırması hazır olacaq. Böyük sərmayə qoyuluşu nəzərdə tutulur. “Yaşıl enerji dəhlizi”, enerji kabeli inşa edilərək həm Azərbaycanla Gürcüstanın, həm də tərəfdaş ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək. İki dost ölkənin birgə icra etdiyi layihələr təkcə Cənubi Qafqaz regionu  deyil, Avrasiya üçün böyük məna daşıyır. Cənab İlham Əliyev bildirir: “Bizdə həm güclü siyasi iradə var, artıq yaradılmış güclü infrastruktur var. Ən əsas amil isə Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığıdır.”

Ölkə Prezidenti mətbuata bəyanatında diqqəti regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana edilən sülh təklifinə yönəltdi.  Sülh müqaviləsinin imzalanması fonunda region ölkələrinin üçtərəfli formatda əməkdaşlığa başlamaq imkanlarının artacağı xüsusi qeyd edildi. “Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu, bütün bunlar, mümkündür” söyləyən Prezident İlham Əliyev  Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını bölgədəki gərginliyin normallaşmaya doğru  addım kimi dəyərləndirdi. Bildirildi ki bu vəziyyətin sağlam düşüncə, heç kimin təsiri və təzyiqi olmadan həllinin məqamı çatıb. Bu şansı əldən vermək isə böyük səhv olar. Çünki bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Birtərəfli və qərəzsiz istənilən vasitəçilik  qəbul ediləndir. “Ancaq mənim fikrimcə, ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi” qeyd edən cənab İlham Əliyev onu da əlavə etdi ki,  biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik və Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm üçtərəfli görüşə gələ bilərlər.  

Səfər çərçivəsində hazırkı dövrün əsas çağırışları əsasında aparılan müzakirələrdən belə bir qənaət yarandı ki, bölgənin sabitlik məkanına çevrilməsi  üçün Cənubi Qafqazın hər üç ölkəsi regional məsələləri özləri həll etməlidirlər.