YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfərlərə davam!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Biləsuvar rayonunda seçicilərlə görüşlər keçirilib.

Əvvəlcə rayonun Təzəkənd kəndinin mərkəzində şəhidlərin xatirəsinə inşa olunmuş  kompleks ziyarət olunub.

Daha sonra baş tutan görüşlərdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, şəhid atası Rafət İsayev, təşviqat qrupunun üzvləri Zakir Şahbazov, Mirnəsib Kazımov, Ramil Ağayev, Mirzə Cəfərov, Nailə Mehdiyeva və Əjdər Niftiyev çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, Prezident İlham Əliyev ölkə daxilində və beynəlxalq miqyasda məqsədyönlü siyasət həyata keçirib. Son 20 ildə Azərbaycan böyük və şərəfli inkişaf yolu keçib, möhtəşəm tarixi zəfərlər qazanıb. Ərazi bütövlüyünü tam təmin etmiş müstəqil Azərbaycanın tarixində ilk dəfə seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bu, həm də Zəfər seçkiləri olaraq Azərbaycanın siyasi tarixinə yazılacaq. Doğma torpaqlarına qayıtmış keçmiş məcburi köçkünlər öz yurdlarında seçici olaraq səsvermədə iştirak edəcəklər.

Natiqlər vətəndaşları dövlətimizin dinamik inkişafını təmin edən, ölkəmizi uğurdan-uğura aparan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər artıq seçimlərini etdiklərini və 7 fevralda seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.