YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Növbəti kağız parçası

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Azərbaycan suverenliyini tam təmin etməklə yeni dövrə qədəm qoydu. Təbii ki, bu yeni dövr hədəfləri ilə  də diqqətdə olacaq. Qürurvericidir ki, Azərbaycan hər bir ölkənin inkişafında  vacib olan iki amilə malik olmaqla davamlı uğurlarını təmin edir, yeni-yeni zəfərlərə doğru addımlayır. Güclü Liderin və düşünülmüş siyasətin nəticəsində müasir tariximizin Zəfər səhifəsi yazıldı. Bundan üç il sonra isə Silahlı Qüvvələrimizin  ötən il 19 sentyabr tarixində  həyata keçirdiyi birgünlük antiterror tədbirləri nəticəsində separatçılar ərazilərimizdən çıxarıldı, suverenliyimiz tam təmin olundu.

Dövlət başçısı İlham Əliyev daim irəli baxmağa, əldə olunan uğurlarla kifayətlənməməyə çağırışlar edir. Ölkəmizin bu illər ərzində uğurlarının əsasında daim cənab İlham Əliyevin çağırışına uyğun olaraq irəliyə inamla addımlamaq,  yeni-yeni hədəfləri reallığa çevirmək dayanır. “Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi” söyləyən cənab İlham Əliyev onu da bildirir ki, indi bəzi ölkələr var öz tarixi keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər. Halbuki onların özlərinin o zəfərlərə heç bir aidiyyəti yoxdur. Yəni, biz o ölkələrdən olmaq istəmirik. Biz nə etmişiksə etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək.

Cənab İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində  bu mühüm çağırışı da səsləndirdi: “Biz hər zaman çox ayıq olmalıyıq… Çünki biz dünya miqyasında çox böyük layları tərpətdik. Bəlkə də təhlilçilər görürlər ki, bizim Zəfərimizin bəzi ölkələr üçün fəsadları onlara çox baha başa gəlib. Böyük layları tərpətdik biz. Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilibdir. Təbii ki, bizə qarşı olan mənfi münasibət, ənənəvi mənbələrdən gələn mənfi münasibət dayanmayacaq.”

Azərbaycanın uğurlu inkişafı, müstəqil siyasəti daim xarici antiAzərbaycan qüvvələr tərəfindən qısqanclıqla qarşılanıb. Son üç ildə bu qısqanclıqdan irəli gələn qarayaxma kampaniyalarının miqyasının daha da genişləndiyi diqqətdən kənarda qalmır. Təbii ki, bu, Azərbaycanın tarixi Zəfərə imza atması və yeni dövrün başlanmasına səbəb olan ərazi bütövlüyümüzün, suverenliyimizin tam təmin oluması ilə bağlıdır.  Avropa Şurasının son qərarı da bunun bir daha təsdiqi oldu. Hazırkı dövrdə Fransa və Almaniyanın əlində oyuncaq olan AŞPA Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini məhdudlaşdırmaqla açıq-aşkar ölkəmizə qarşı qərəzli mövqeyini, Ermənistana isə dəstəyini nümayiş etdirdi.

Reallıq budur ki, Avropa Şurası müxtəlif Avropa ölkələrinin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkəfob təfəkkürlü nümayəndələrinin düşərgəsidir. Uzun illər ərzində bu qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız hərdən  heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. Azərbaycanın AŞPA-da nümayəndə heyətinin etimadnaməsinin substantiv əsaslarla mübahisələndirilməsi ilə bağlı təşəbbüsü Sosialistlər siyasi qrupunun rəhbəri Frank Şvabe irəli sürmüş və həmin təşəbbüs təsdiqlənmişdir. Qalmaqallı təşəbbüs formal olaraq almaniyalı deputat Frank Şvabe tərəfindən irəli sürülsə də məsələnin arxasında AŞPA rəhbərliyinin özünün durduğu, sadəcə sosialistləri qabağa verdiyi bilinən faktdır. AŞPA-nın sabiq və qüvvədə olan prezidentinin əleyhimizə səs verməsi təşkilat rəhbərliyinin mövqeyinin göstəricisidir. Bəllidir ki, Fransa və Almaniya tandem şəklində çıxış edirlər. Bir sıra hallarda Fransa öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışır. Buna səbəb Fransanın xarici siyasətində yaşanan ardıcıl uğursuzluqlar və adıçəkilən ölkənin nüfuzdan düşməsidir. Buna görə də Fransa Almaniya vasitəsilə AŞPA-nı Azərbaycana qarşı vasitə kimi istifadə etməyə çalışır.

AŞPA Almaniya və Fransanın əlində oyuncaqdır. Fransa Azərbaycana qarşı bu qurumdan istifadə edir və ölkəmizə təzyiq göstərir. Onu da qeyd edək ki, AŞPA-da Azərbaycana qarşı gedən proses təsadüfi deyil. AŞPA-nın davranışı Fransanın ölkəmizə qarşı kampaniyasının davamıdır.

Təbii ki, təsadüfi heç nə yoxdur. Avropa Şurası məqsədli şəkildə bu qərarı qəbul etməklə 7 fevral növbədənkənar prezident seçkiləri ərəfəsində Azərbaycanın demokratik ölkə imicinə zərbə vurmağa, ölkəmizə təzyiq göstərməyə cəhd edir. Bu kimi cəhdlər hazırkı dövrə qədər ölkəmizə çox olub. Həmin cəhdlər Azərbaycanın tarixi ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti, real həqiqətlərə, tarixi faktlara əsaslanan təbliğatı nəticəsində boşa çıxıb. AŞPA-nın bu qərarı Azərbaycan üçün növbəti kağız parçasıdır. Məqsədli şəkildə qəbul olunan belə qərarlar yalnız aid olduqları beynəlxalq təşkilatlara, dövlətlərə qarşı mənfi rəy, inamsızlıq yarada bilər. Bu isə artıq onların söz sahibliyinin sıfra enməsi deməkdir.