YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Biz haqlı olaraq gənclərimizlə fəxr edirik

Abil Ağasəfov

YAP Qəbələ rayon təşkilatının sədri

“Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər.” Bu fikirləri dövlət başçısı İlham Əliyev 2019-cu ildə keçirilən Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında qeyd etmişdir.

Həmin vaxtdan 5 il keçir.  Müasir tariximizə Zəfər səhifəsinin yazılması ilə bu gün Azərbaycan müasir müstəqil, eyni zamanda, qalib ölkə olaraq dünyanın diqqətindədir. Bu şanlı Qələbə Azərbaycan gəncinin hansı potensiala malik olduğunu təsdiqlədi. Dövlətin gənclərə diqqət və qayğısı onlarda özünəgüvən hissini yaratdı və illər keçdikcə bu inam daha da artdı. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər gənc nəslə qayğını əsirgəmədi.  Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratdı, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etdi.

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra gənclərin təhsilinə xüsusi diqqət göstərdi. Təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam və inkişaf etdirilməyə başlandı. Gənclərin qarşısında dayanan vəzifələr keçirilən gənclər forumlarında diqqətə çatdırıldı. Belə ki, 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.”

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb.  2007-ci il “Gənclər ili” elan olundu. Prezident İlham Əliyevin bu addımı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb oldu.

Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənc nəslin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Azərbaycan gəncləri azad, sabitlik olan, özünə güvənən ölkədə yaşayır. Gənclər öz gələcək həyatını düzgün müəyyən etmək və dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar.

Azərbaycan xalqının gənclərə inamı 44 gün davam edən İkinci Qarabağ döyüşündə Zəfər salnaməmizlə təsdiqləndi. 30 il Ermənistanın işğalı altında qalan torpaqlarımızı azad edən Azərbaycan Ordusu sıralarında mətinlik göstərən gənclərimizin sayəsində ərazilərimiz əsl sahiblərinə qaytarıldı. Ən çətin məqamlarda, hərbi əməliyyatlarda düşmənə öldürücü zərbə vuran, keçilməz istehkamları məharətlə yaran əsgər və zabitlərimiz torpaqlarımızı canları, qanları  bahasına düşməndən azad etdilər. Bir gün də olsun geri çəkilmədilər. “Mən bilirəm ki, bu günlər ərzində mənim hər bir çıxışımı Azərbaycan xalqı səbirsizliklə gözləyirdi. Çünki biz ilk günlərdən qələbə qazanmışdıq və bu 44 gün ərzində bir gün də olmamışdır ki, biz haradasa geriyə çəkilək, bir dəfə də. Halbuki müharibələrdə belə olur, ordular hücum edir, geri çəkilir, taktiki manevrlər edir. Biz bir gün də geri çəkilmədi” sözləri ilə gənclərin döyüş ruhunun tükənməzliyini bildirən Prezident İlham Əliyevin Sərəncamları ilə Vətən müharibəsində qəhrəmanlıq göstərən hərbçilərimizə Milli Qəhraman adının verilməsi, müxtəlif orden və medallarla təltif olunmaları, onlara xüsusi imtiyazların verilməsi, mənzil-məişət şaraitlərinin yaxşılaşdırılması gənc nəslə diqqət və qayğının əyani təzahürüdür. Dövlətimizin başçısının böyük qürur hissi ilə qeyd etdiyi kimi, biz haqlı olaraq gənclərimizlə fəxr edirik.