YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib xalqın qalib Lideri ilə Azərbaycan yeni hədəflərə doğru daha inamla irəliləyəcək

“Adı tariximizin qızıl səhifəsinə qalib xalqın qalib Lideri kimi yazılan Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqi çox mühüm mesajlarla yadda qaldı. Dövlətimizin başçısı dərin məzmunlu nitqində bir çox məqamlara aydınlıq gətirdi, Azərbaycanın qarşısında duran yeni hədəflərdən, nəhəng iqtisadi layihələrdən, Ordumuzun daha da gücləndirilməsi istiqamətində görüləcək işlərdən söz açdı, şanlı Zəfərimizi şərtləndirən amilləri  diqqətə çatdırdı”.

Bu fikirləri mediaya açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib. 

Azərbaycan vətəndaşlarının seçkilərdə növbəti qələbələrə səs verdiklərini deyən millət vəkili dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə misilsiz nailiyyətlər qazanan, bölgədə söz sahibinə çevrilən ölkəmizin bundan sonra da regionda sülhə və sabitliyə töhfə verəcək layihələrin müəllifi olacağına əminliyini ifadə edib. Bildirib ki, Azərbaycanın əldə etdiyi uğurların əsasında Prezident-xalq birliyi və dünya azərbaycanlılarının öz liderinə inamı dayanır. Çünki hələ 2003-cü ildə ilk dəfə Prezident seçilən İlham Əliyev o vaxt verdiyi vədlərin hamısını yerinə yetirdi, üzləşdiyi çətinlikləri və problemləri dəf etdi, xalqı vahid amal uğrunda birləşdirnməyə nail oldu. Nəticədə 2020-ci ildə Azərbaycan beynəlxalq təşkilatların 30 il ərzində həll edə bilmədiklərini cəmi 44 gündə yerinə yetirdi, Qarabağ və Şərqi Zəngəzuru işğaldan qurtarmaqla tarixi ədaləti bərpa etdi. Bununla da regionda yeni reallıqlar yaratdı, elə reallıqlar ki, bu gün dünyanın supergücləri ölkəmizlə hesablaşmalı olurlar.

Deputat vurğulayıb ki, dövlətimizin başçısının nitqində xarici siyasətimizin prioritet istiqamətlərindən danışarkən konkret istiqamət müəyyənləşdirdi. Bildirdi ki, bizim beynəlxalq təşkilatlar arasında əsas tərəfdaşımız böyük coğrafiyanı əhatə edən Türk Dövlətləri Təşkilatı olmalıdır və bu istiqamətdə əməkdaşlıq daha da genişləndirməlidir. Əslində, bunun bir çox səbəbləri var. Onlardan biri odur ki, Vətən müharibəsi dövründə bu təşkilatın üzvü olan dövlətlərin demək olar hamısı Azərbaycana birmənalı dəstəklərini ifadə etdilər. Digər məqam isə son bir neçə ildə Təşkilatın nüfuzunun artırılması istiqamətində atılan addımlar, Türk dövlətləri arasında iqtisadi-ticari əlaqələrin genişlənməsi və yüksəksəviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsidir.

Millət vəkili diqqətə çatdırıb ki, Prezident İlham Əliyev nitqində əsas vəzifələrdən birinin Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi olduğunu bəyan etməsi heç də təsadüfi deyil. Çünki bu gün dünya Üçüncü Dünya müharibəsi ərəfəsindədir, qlobal miqyasda qarşıdurmalar, qeyri-sabitlik mövcuddur. Ona görə də belə bir məqamda ölkələrin öz təhlükəsizliklərini təmin etmələri bir nömrəli vəzifə kimi meydana çıxır ki, burada da Azərbaycan Prezidentinin fikirləri tamamilə başadüşüləndir. Həm də nəzərə almaq lazımdır ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində Qələbəsini həzm edə bilməyən qüvvələr Ermənistanı mənasız olsa da, revanşizmə sürükləyirlər. Düzdür, Vətən müharibəsində sonra Azərbaycan Ordusunun komplektlədirilməsi istiqamətində çox geniş, effektiv islahatlar həyata keçirilib, Ordumuz ən müasir silah və hərbi texnikalarla təchiz olunur. Amma bu proses davamlı olmalıdır ki, ölkəmizə qarşı olan qüvvələrin təxribatlarına dərhal və sarsıdıcı cavab verilsin.

Ağalar Vəliyev onu da qeyd edib ki, güclü iqtisadiyyat, güclü ordu, xalq-iqtidar birliyi, ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə daha da artması Azərbaycanın müstəqil xarici siyasət yürütməsini şərtləndirir. Prezident İlham Əliyevin dediyi kimi: “Dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv, 120 ölkə bizi Qoşulma Hərəkatına sədr seçməzdi, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi”. Heç şübhəsiz, ölkəmizin beynəlxalq nüfuzunun artmasında Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən uğurlu siyasət mühüm rol oynayır. Bu siyasət beynəlxalq ictimaiyyətin əksər üzvləri tərəfindən də dəstəklənir. Bölgəmizdə yaşanan son hadisələr zamanı ölkəmizə göstərilən beynəlxalq dəstək bunun bariz nümunəsidir. Bütün bunlar ölkəmizin etibarlı tərəfdaşa, beynəlxalq aləmdə mühüm aktora çevrilməsindən, Avropanın enerji təminatında, Şərqlə Qərb arasında əlverişli tranzit məkanı kimi oynadığı xüsusi roldan irəli gəlir. Bu gün həyata keçirilməkdə olan və planlaşdırılan layihələr, atılan addımlar və qazanılan zəfərlər onu deməyə əsas verir ki, qalib xalqın qalib Lideri kimi İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha böyük hədəflərə doğru inamla irəliləyəcək, ölkəmizin qarşısında daha geniş üfüqlər açılacaq.

“Xalqımız bundan sonra da öz Liderinin ətrafında bir yumruq kimi sıx birləşərək daha böyük uğurlara imza atacaq. Buna heç kimin şübhəsi ola bilməz. Artıq xalqımızın və dövlətimizin həyatında yeni, parlaq bir dövr başlayır. Bizi qarşıda fəth ediləcək yeni zirvələr və böyük zəfərlər gözləyir. Yeni dövrdə milli maraqlara əsaslanan və güclü ideoloji təməli olan dövlət siyasətimiz ardıcıl və qətiyyətli şəkildə davam etdiriləcək. Prezident İlham Əliyevin andiçmə mərasimində bildirdiyi kimi, biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Yeni dövrdə də Azərbaycanın müstəqil, güclü dövlətçiliyi daim möhkəmlənəcək və inkişaf edəcək”, - deyə deputat əlavə edib.