YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğurlarla, qələbələrlə dolu illər

Abil Ağasəfov

YAP Qəbələ rayon təşkilatının sədri

“İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı mənə öz dəstəyini göstərir. 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi. 2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi.” Prezident İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimindəki nitqində onu da bildirdi ki, biz qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik. İkinci Qarabağ müharibəsi şanlı tariximizdir.

2023-cü ildə isə tariximizin növbəti zəfər səhifələri yazıldı. Aprel ayında Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə ərazi bütövlüyümüz, 19 sentyabr tarixində həyata keçirilən bir günlük lokal antiterror tədbirləri nəticəsində  suverenliyimiz tam bərpa olundu.  Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağı ucaldıldı.  2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda,  Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi.

Bu gün Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Cənab İlham Əliyev andiçmə mərasimində yeni dövrün hədəflərindən bəhs edərkən hərbi gücümüzün artırılması ilə yanaşı, tarixi sahibinə qovuşan torpaqlarımızda bərpa-quruculuq işlərinin də  davam etdirilərək soydaşlarımızın qayıdacaqları ünvanları diqqətə çatdırdı.

Qeyd edək ki, 2022-ci ildə ilk “ağıllı kənd” - Zəngilanın Ağalı kəndi sakinlərinə qovuşdu. 2023-cü il bu baxımdan daha da yaddaqalan oldu. Belə ki, Füzuli və Laçın şəhərləri, Talış və Zabux kəndləri sakinlərinə qovuşaraq yeni həyata başladılar. Andiçmə mərasimində “Növbəti önəmli vəzifə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir” söyləyən cənab İlham Əliyev bəzi statistik rəqəmləri diqqətə çatdırdı.  Bu günə qədər təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə göndərilib, orada yerləşdirilib və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır. Böyük Qayıdış proqramının birinci mərhələsi 2026-cı ilin sonunda başa çatdırılacaq  və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq. Bununla paralel olaraq, bütün sosial infrastruktur inşa edilir, xəstəxanalar, məktəblər, idman obyektləri, infrastruktur obyektləri, yollar, 130-dan çox tunel və körpü inşa edilir: “Yəni, bu, sadəcə olaraq işin miqyasını göstərir, bütün elektrik təsərrüfatı yenidən qurulub, dəmir yolları çəkilir, iki beynəlxalq hava limanı açılıb, üçüncüsü də Laçında açılacaq. Yəni, geniş quruculuq işləri görüləcək. Əlbəttə ki, köçkünlər üçün yeni evlər, bütün müasir şəhərsalma qaydalarına uyğun olan yaşayış yerləri qurulacaq və tarixi şəhərlərimizin tarixi siması bərpa ediləcək.”

Görülən bu işlər həm Azərbaycan xalqının necə qurucu xalq olduğunu, həmçinin iqtisadi imkanlarımızı nümayiş etdirir. Ölkəmiz tarixi Zəfərindən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə başlamaqla dünya hərb tarixində ilkə imza atmışdır. Müharibədən yeni çıxan ölkənin bərpa işlərinə başlaması qeyri-mümkündür. Amma Azərbaycan bunun heç də mümkünsüz olmadığını təsdiqlədi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilib. Bu gün bu torpaqlara gələn xarici qonaqlar görülən işlərin miqyasından heyrətlənirlər. 30 il erməni vəhşilikləri ilə üz-üzə qalan ərazilərimiz son üç ildə tamamilə yenidən qurulur, bərpa edilir. Əvvəldə də qeyd etdiyimiz kimi, görülən işlər Azərbaycanın müasir şəhərsalma təcrübəsini nümayiş etdirir.

Artıq hər bir azərbaycanlı qürurludur. Torpaqlarımız azaddır. Ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edilib. Cənab İlham Əliyevin andiçmə mərasimində böyük qürur hissi ilə qeyd etdiyi kimi, biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır, uğurla da davam edəcək.