YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır

Samir Qocayev

YAP Goranboy rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyevin fevralın 14-də Milli Məclisdə andiçmə mərasimi keçirildi.  Müasir tariximizə Zəfər seçkiləri kimi yazılan 7 fevral prezident seçkiləri Azərbaycanın son 20 ildə qazandığı uğurlara verilən dəyərin, cənab İlham Əliyevə etimadın, inamın təqdimatı oldu. Xalqın 92,12 faiz səsini qazanan cənab İlham Əliyev andiçmə mərasimində Azərbaycan xalqına göstərdiyi böyük etimada,  dəstəyə görə təşəkkürünü bildirdi və belə bir əminliyi ifadə etdi ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm.

Andiçmə mərasimində Azərbaycanın son 20 ildə keçdiyi inkişaf yoluna nəzər salındı. Hər bir ölkənin tərəqqisində iqtisadi amil əsasdır. Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” çağırışı bütün dövrlər üçün öz aktuallığını qoruyur. Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bu günümüzə və gələcəyimizə hesablanmış addım idi. Cənab İlham Əliyev andiçmə mərasimində bu məqamları xüsusi qeyd etdi. Regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən Azərbaycan etibarlı və arzuolunan tərəfdaş kimi nüfuzunu günbəgün artırır. Təkcə son illərdə Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir.

Dövlət başçısı İlham Əliyev bu hədəfi də açıqladı ki, gələcəkdə ixrac coğrafiyamız Avropa istiqaməti üzrə genişlənəcək. Bu yaxınlarda yeni resurs bazamız işə salınıb. “Şahdəniz” yatağından sonra ikinci resurs bazamız “Abşeron” qaz-kondensat yatağından ilk qaz çıxarılıb və yəqin ki, yaxın gələcəkdə bu yatağın işlənilməsinin ikinci mərhələsinə də başlanılacaq: “Gələn il “Azəri-Çıraq-Günəşli” yatağının dərin laylarından qaz hasilatı nəzərdə tutulur. Bu da bizim resurs bazamızı artıracaq. Ondan başqa, “Ümid”, “Babək”, “Şəfəq”, “Asiman”, “Qarabağ” neft və qaz-kondensat yataqlarından hasilata başlamaq üçün bir çox xarici investorlar tərəfindən təkliflər var. Vaxtilə bizi istəməyən qüvvələr şayiə yayırdılar ki, Azərbaycanda neft yoxdur. Azərbaycan 1997-ci ildən bəri neft hasilatını yüksək səviyyədə saxlayır və bir çox ölkələrə neft ixrac edir. Sonra deyirdilər ki, Azərbaycanda qaz yoxdur. Təbii ki, bu da cəfəngiyatdır, bax, sadaladığım bu yataqlar onu əyani şəkildə göstərir.”

Hazırda Azərbaycan yalnız neft deyil, həmçinin qaz, elektrik enerjisi ixracatçısıdır. Hər dövrün öz çağırışı vardır. Bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması əsas hədəflərimiz sırasındadır. Dövlət başçısı bildirdi ki, planlarımıza görə 2030-cu ilin sonuna qədər Azərbaycanda 5 min meqavata yaxın bərpaolunan enerji növləri yaradılmalıdır. Elektrik enerjisinin böyük hissəsi bərpaolunan enerji hesabına istehsal ediləcək. İqlim dəyişikliyi məsələlərinə də öz töhfəmizi verəcəyik.

Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsində də məqsəd bu sahədə əməkdaşlığa töhfələr verməkdir. O da məlumdur ki, bu ilin dekabr ayında ölkəmiz COP29-a - dünya miqyasında ən böyük beynəlxalq konfransa ev sahibliyi edəcək. Bu mühüm hadisə  bərpaolunan enerji növləri ilə bağlı  hədəflərimizə işıq salır.

Ümumilikdə Azərbaycanın hər bir hədəfə doğru inamla addımlamasında əsas amillərdən olan iqtisadi imkanlarımız günbəgün artır. Cənab İlham Əliyev andiçmə mərasimində 2024-cü ilin ilk ayının sosial-iqtisadi göstəricilərini diqqətə çatdırmaqla ümumilikdə ölkəmizin dayanıqlı iqtisadi inkişafının aydın mənzərəsini təqdim etdi. Cari ilin yanvar ayında ümumi daxili məhsul 5 faiz, qeyri-neft sektorunda isə 12 faizdən çox artıb. Müqayisə üçün qeyd edildi ki, 2003-cü ildə  ümumi daxili məhsulumuz 7 milyard dollar idi, keçən ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollardır. Bu, 20 ildə iqtisadiyyatımızın inkişafının əsas göstəricisidir. 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,5 milyard dollardır. Bu, bizə iqtisadi və maliyyə müstəqilliyi verən əsas amillərdən biridir.  Sosial sahədə görülmüş işlər də göz qabağındadır. 2003-cü ildə  minimum əməkhaqqı 9 manat idisə, hazırda  345 manatdır. Minimum pensiya 2003-cü ildə 20 manat idi. Bu gün 280 manata çatıb. Orta pensiya 500 manatdan çoxdur. Orta əməkhaqqı 940 manatdır. Artan dinamika gözəl perspektivlər vəd edir. Bu gün iqtisadi sahədə aparılan islahatlar artıq Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaradıb. Əgər əvvəlki illərdə investisiyalar daha çox neft-qaz sahəsinə qoyulurdusa, bu gün qeyri-neft sektoruna qoyulan sərmayə milyardlarla dollar səviyyəsindədir. Belə ki, son 20 ildə ölkə iqtisadiyyatına 310 milyard dollar investisiya yatırılıb ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Yoxsulluq 5 faiz səviyyəsindədir. 2003-cü ildə təxminən 50 faiz idi.

Göründüyü kimi, dövlətin siyasətində vətəndaş amili əsasdır. Cənab İlham Əliyev daim bu çağırışı edir ki, vətəndaş məmnunluğunun artırılması prioritetdir. 2003-cü ildə keçirilən andiçmə mərasimində belə bir çağırış səsləndirilmişdir ki, yoxsulluq deyilən sosial bəla aradan qaldırılacaq. İqtisadi tərəqqi yalnız sosial-iqtisadi rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Son 20 ildə iqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlandığı reallıqdır. Azərbaycan beynəlxalq aləmdə sosial dövlət kimi tanınır.

Cənab İlham Əliyev andiçmə mərasimində Azərbaycanın qazandığı uğurlardan geniş bəhs edərək bu reallığı xüsusi qeyd etdi ki, əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Bu çağırış da səsləndirildi ki, birliyimiz daimi olmalıdır.