YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qanunvericilik sahəsində lazımi addım

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Ölkəmizin Prezidenti İlham Əliyevin 10 mart 2020-ci il altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında tarixi, proqram xarakterli çıxışı bu gün tam təsdiqini tapıb. Qalib Liderimizin irəli sürdüyü siyasi iradə, başlatdığı inqilabi islahatlar kursunu uğurla həyata keçirən Milli Məclis ölkədə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə töhfələrini verir. Ölkədə yeni islahatlar kursu, parlament üzvləri qarşısında qoyulan məsuliyyətli vəzifə layiqincə, uğurla həyata keçirilir.

Prezident İlham Əliyevin xeyir-duası ilə işinə başlayan VI çağırış Milli Məclis qanunun aliliyinin təminatı məqsədilə aparılan islahatların əsasında üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirir.

“Hesab edirəm ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir. Mənim tövsiyəm ondan ibarətdir ki, nəinki kəmiyyətə, daha çox keyfiyyətə fikir verilsin. Çünki mövcud olan qanunların təkmilləşdirilməsinə baxmaq, onları təftiş etmək lazımdır”. 10 mart 2020-ci il tarixində VI çağırış Milli Məclisin keçirilən ilk iclasında zəmanəsinin ən parlaq liderlərindən olan cənab İlham Əliyev proqram xarakterli çıxışı ilə qarşıdakı dövrün hədəflərini açıqladı. Qanunvericilik hakimiyyətinin fəaliyyətini təkmilləşdirmək və sağlam siyasi münasibətlərin bərqərar olunmasına xidmət edən sistemli islahatların həyata keçirilməsini tövsiyə edən dövlət başçısı İlham Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayan Milli Məclis keçən müddət ərzində ölkəmizdə siyasi sistemin təkmilləşdirilməsinə, xalqın suveren iradəsini ifadə edən, vətəndaşların rifahının yüksəldilməsinə xidmət edən qəraralara imza atdı.

Azad, demokratik parlament seçkilərindən sonra yeni formalaşan Azərbaycan Parlamenti dahi rəhbər, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan ölkəmizin parlamentarizm ənənələrini uğurla davam etdirərək qanunvericilik bazasını yeniləyir, yeni çağırışlara uyğun təşəbbüslərlə çıxış edir.

Ölkə həyatının müxtəlif sahələrində ictimai münasibətləri tənzimləyən qanunlar, qərarlar qəbul edən Milli Məclis milli maraqları ilə bağlı məsələlərdə daim prinsipial, qətiyyətli mövqe göstərir. Ən əsası, zamanın tələbinə uyğun təkmilləşən qanunverici qurum dövlətimizin strateji xətti ilə bağlı bütün məsələlərdə insan amilinə söykənən dövlət siyasətini əsas götürür. Demokratiya, çoxpartiyalılıq, plüralizm, qanunun aliliyi prinsipləri üzərində quran Azərbaycan Parlamenti milli maraqların təminatında və təhlükəsizlik mühitinin təmin edilməsində qanunvericilik sahəsində lazımi addımlar atır.

44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərimizdən sonra ölkələrarasında əlaqələrin inkişafında parlamentin artan rolu atılan addımlardan daha aydın görünür. Birlik, həmrəylik qanunvericilik bazasının təkmilləşdirilməsinə də öz müsbət təsirini göstərən Azərbaycan Parlamenti inkişaf etmiş dövlətlərin hüquqi dövlət quruculuğu təcrübəsini, ümumbəşəri demokratik prinsipləri əsas götürərək fəaliyyətini uğurla davam etdirir. Prezident İlham Əliyevin proqram xarakterli tövsiyələrindən güç alan Azərbaycan Parlamenti zamanın yaratdığı yeni reallıqlar fonunda yeni dövrdə qanunvericilik sahəsində lazımi addımlar atacaq və Qalib ölkəmizin tərəqqisinə, inkişafına xidmət edəcək.