YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dostluq, qarşılıqlı anlaşma, məqsədyönlülük

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyev bu günlərdə Rusiya Federasiyasına işgüzar səfər etdi. Hər bir səfər əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, mahiyyəti ilə diqqətdə olur. Belə ki, cənab İlham Əliyev sözügedən səfər çərçivəsində Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşündə iştirak etdi. İstər Rusiya Prezidenti ilə təkbətək, istərsə də qeyd etdiyimiz görüşdə iki ölkə arasında əlaqələrin gündəliyinə diqqət yetirildi. Bir daha qeyd edildi ki, əlaqələrin bütün sahələrdə uğurlu inkişafı üçün imkanlar mövcuddur. Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır.

“BAM-ın tikintisinə başlanmasının yarıməsrlik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevi şəxsən təbrik etməkdən çox məmnunam. Onun atası, - bunu bütün BAM inşaatçıları yaxşı bilir, - Heydər Əlirza oğlu BAM-ın tarixində müstəsna, böyük rol oynayıb. Heydər Əlirza oğlu SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində Baykal-Amur Magistralının tikintisinə rəhbərlik edir və bu çətin layihənin həyata keçirilməsi üçün əlindən gələni əsirgəmirdi” söyləyən Rusiya Prezidenti Vladimir Putin onu da əlavə etdi ki, bu işdə ona böyük bilik və təcrübə, idarəçilik istedadı, ən mürəkkəb problemləri həll etmək bacarığı və əlbəttə ki, xüsusi şəxsi keyfiyyətlər, ilk növbədə, çalışdığı insanlara qayğıkeş, hörmətli münasibət kömək etdi və o, bu nəhəng problemləri həll edə bildi. Ulu Öndər BAM-ın obyektlərində olmuş, inşaatçılar, yeni qəsəbə və şəhərlərin sakinləri ilə söhbət etmişdi. Rahatlıqla ona yaxınlaşa, problemlərini danışa, cari məsələləri müzakirə edə bilərdin.

Rusiya rəhbərliyinin, həmçinin ictimaiyyətinin Heydər Əliyevin xatirəsinə göstərdikləri ehtiramı Azərbaycan xalqının yüksək qiymətləndirdiyini bildirən cənab İlham Əliyev  qeyd etdi ki,  Ulu Öndər Heydər  Əliyev vaxtilə Ümumittifaq tikintisi adlandırılan nəhəng layihənin həyata keçirilməsində fəal iştirak edib və onun reallaşdırılmasına öz töhfəsini verib. Tarixin müxtəlif məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, münasibətlərimizin gələcəkdə də ardıcıl inkişafına töhfə verir. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında Kremldə imzalanmış əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik. Gündəlik kifayət qədər genişdir. Gündəlikdə nəqliyyat komponenti də var. Ölkələrimizi və tərəfdaşlarımızı birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi yük daşımalarının təhlükəsizliyi baxımından və bir çox ölkələr arasında ticari münasibətləri stimullaşdırmaq üçün qlobal əhəmiyyətə malikdir.

Cənab İlham Əliyev qeyd etdi ki, regional təhlükəsizlik məsələləri həmişə aktualdır. Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir. Ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışırıq. Ulu Öndər Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaqdır. 2000-ci illərin əvvəllərində ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Putin və Heydər Əliyev qoyublar. Ulu Öndər sovet dövlətinin həyata keçirə biləcəyi tikintinin miqyasından deyil, ilk növbədə, ən çətin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrdə, yolsuzluq şəraitində həyatlarını riskə atan BAM-çıların fədakarlığından təsirlənmişdi.

Vaxtilə Azərbaycan və Rusiyanın vahid ittifaqda yer alması ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Müstəqillik illərində əlaqələr daha da inkişaf etdi. Müstəqil Azərbaycan və Rusiya arasında diplomatik əlaqələr 1992-ci il aprelin 4-də quruldu. 1992-ci il sentyabrın 25-də Rusiyanın Azərbaycanda səfirliyi fəaliyyətə başladı. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanıldı. Prezident İlham Əliyev də Rusiya ilə ikitərəfli əlaqələrin genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayır. Azərbaycan Prezidentinin 2004-cü ilin əvvəllərində Rusiyaya ilk rəsmi səfəri bu baxımdan əlamətdar oldu. Dövlətimizin başçısının Rusiyaya ardıcıl rəsmi səfərləri Azərbaycanın şimal qonşumuzla dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına verdiyi önəmi təsdiqləyir. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni - müttəfiqlik səviyyəsinə qaldırdı. Azərbaycan-Rusiya əlaqələrinin inkişafı üçün möhkəm hüquqi baza mövcuddur.