YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Münasibətlər yeni mərhələdə

David İbramxəlilov

YAP Qusar rayon təşkilatının sədri

Azərbaycan və Rusiya prezidentlərinin cari ilin 22 aprel tarixindəki görüşü iki dövlət arasında mövcud qonşuluq və dostluq münasibətlərinin sağlam və səmimi olduğunu bir daha göstərdi. Dövlətimizin başçısı İlham Əliyevin qonşu ölkəyə səfəri bütün aspektlərdən mühüm əhəmiyyətə malikdir. Bu, eyni zamanda, Azərbaycan ilə Rusiya arasın­da iqtisadi-siyasi əməkdaşlığın bundan sonrakı inkişafına verəcəyi töhfəni şərtləndirir.
Hazırda iki ölkə arasında iqtisadi-si­yasi və mədəni sahələrdə əməkdaşlıq yüksək səviyyədədir. Bu səfər həm də göstərdi ki, Azərbaycan və Rusiya döv­lətləri arasındakı mehriban qonşuluq və dostluq siyasətinin mövcud vəziyyəti hər iki ölkənin maraqlarına cavab verir və tərəflər münasibətlərin daha da inkişafın­da maraqlıdırlar.
Bu il yanvar ayının 22-də imzalanan “2024-2026-cı illər üçün əməkdaşlığın əsas istiqamətlərinin inkişafı üzrə Yol Xəritəsi” Azərbaycan-Rusiya arasında qarşılıqlı faydalı əməkdaşlığa mühüm töhfə verir, ticari-iqtisadi və investisiya qoyuluşunu sürətləndirir, nəqliyyat, səna­ye, aqrar və qida təhlükəsizliyi, həmçinin innovasiya və informasiya texnologiyaları sahələrində birgə layihələrin gerçəkləşdi­rilməsinə əlverişli zəmin yaradır.
Hazırda iki dövlətin əməkdaşlıq müna­sibətlərinin uğurlu inkişafı  regionda sabitlik və təhlükəsizliyin mü­hüm amilidir. Azərbaycan MDB ölkələri arasında Rusiyanın əsas ticarət partnyor­larından biridir. Azərbaycan-Rusiya hö­kumətləri arasında sərbəst ticarət, hava nəqliyyatı, elektroenergetika sahələrində əməkdaşlıq, qarşılıqlı ticarətdə vasitəli vergilərin tutulması prinsipləri, beynəlxalq avtomobil əlaqələri, dəmir yolu nəqliyya­tı ilə sərnişin və yük daşınmasının təşkili üzrə sazişlər mövcuddur.
Ölkələrimiz arasında investisiya sahəsin­də əməkdaşlıq da yüksələn xətlə inkişaf edir. Respublikamızda Rusiyanın iştirakı ilə böyük investisiya layihələrinin real­laşdırılması məhz bunun bariz ifadəsidir. Rusiyanın Azərbaycandakı şirkətləri yeni istehsal sahələri, xidmət mərkəzləri ya­radaraq, sənaye sahəsində daha geniş əməkdaşlığa töhfə verirlər.
Rusiya və Azərbaycan arasında turizm imkanları da davamlı olaraq genişlənib. Rəsmi məlumatlara əsasən, ötən il Ru­siyadan respublikamıza 625 mindən çox turist səfər edib. Qısa müddət ərzin­də Dağıstan, Tatarıstan, Başqırdıstan, Udmurt, Həştərxan, Ryazan vilayətləri, Perm diyarı və Rusiya Federasiyasının digər subyektləri ilə qarşılıqlı səfərlər hə­yata keçirilib.
Qeyd edək ki, iki ölkə arasında müşa­hidə olunan bütün bu uğurların təməlində, qarşılıqlı əlaqələrin möhkəmlənməsində Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti dayanır. Yeri gəlmişkən, dahi şəx­siyyət istər 1969-1982-ci illərdə Azərbay­cana uğurla rəhbərlik etdiyi illərdə, istərsə də 1982-ci il noyabrın 22-də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi­nin Siyasi Bürosunun üzvü seçiləndən və noyabrın 24-də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin ediləndən sonra ölkələrimiz arasında münasibət­lərin möhkəmlənməsini daim diqqətdə saxlayıb, dostluq körpülərinin sarsılmaz sütunlarının formalaşmasında yorulmaz səy göstərib.50 illiyi qeyd olunan dövrün ən böyük infrast­ruktur layihələrindən olan Baykal-Amur Magistralı tikintisinin sürətləndirilməsində yeni ideyaları ilə adını Azərbaycan-Rusi­ya dostluq tarixinə qızıl hərflərlə yazdırıb.
Xatırladaq ki, BAM magistralı ilə ildə, təx­minən, 180 milyon ton yük daşınıb. Ru­siyanın vaxtilə insan ayağı dəyməyən, ucu-bucağı görünməyən əyalətlərində BAM hesabına müasir şəhərlər yaradı­lıb. Bu yol Rusiyanın tranzit sahəsində də inkişafına böyük təkan verib. Çin, Kore­ya Respublikası, Vyetnam, Hindistan və digər cənub Şərqi Asiya və Orta Asiya dövlətlərinin Avropa ilə ticarət əlaqələri məhz BAM vasitəsi ilə qurulub. Rusiya ekspertlərinin bildirdiklərinə görə, 2030-cu ilədək BAM-in daha 3,5 min kilometr uzadılacağı, yeni stansiyaların tikiləcəyi nəzərdə tutulub.
Bu gün Azərbaycan Ulu öndərin ide­yalarını uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, regionda əməkdaşlı­ğın və davamlı inkişafın təmin olunması üçün ardıcıl səyləri uğurla həyata keçirir. Bu prosesdə Rusiya ilə əlaqələrin inki­şaf etdirilməsi xüsusi yer tutur. Prezident İlham Əliyevin Rusiyaya növbəti işgüzar səfəri böyük əhəmiyyət daşıyır.