Xəbərlər
Yeni mərhələnin başlanğıcı
Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri
Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbulu zamanı səsləndirdiyi fikirlər müasir idarəetmə sistemində dərin məzmun daşıyan strateji konsepsiyanı göstərir. Bu çıxış ölkənin idarəçilik modelində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.
Fakt odur ki, hər bir təyinat böyük etimad və yüksək məsuliyyətdir. Rəhbər vəzifəyə gətirilən şəxslər xalqın etimadını doğrultmalı, gündəlik fəaliyyətlərini məhz vətəndaşlara xidmət prinsipi üzərində qurmalıdırlar. Möhtərəm Prezidentimizin “Xalqa xidmət etmək, xalqla bir yerdə olmaq” fikri bir daha sübut edir ki, dövlət idarəetməsində əsas məqsəd xalqa yaxın, şəffaf və ədalətli xidmət anlayışının tətbiqidir.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən məqamlardan biri son illərdə həyata keçirilmiş infrastruktur layihələrinin miqyası ilə bağlı idi. Respublikanın bütün bölgələrində əsas infrastruktur layihələri, o cümlədən elektrik enerjisi, qaz, içməli su, yol və sosial obyektlərlə bağlı layihələr demək olar ki, başa çatıb. Magistral və şəhərlərarası yollar müasir standartlara uyğun şəkildə yenidən qurulub.
Prezident İlham Əliyevin Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbulu zamanı çıxışında qeyd edib: “Bütün digər infrastruktur layihələri, o cümlədən sosial infrastruktur layihələri, məktəb tikintisi, xəstəxanalar, idman obyektləri bu gün Azərbaycanın bölgələrində bütün bu məsələlər öz həllini tapır.
Dövlətimizin başçısının çıxışında bir daha ölkənin bütün bölgələrində idarəçiliyin əsas prinsipinin sosial ədalət olduğu diqqətə çatdırılıb. Hər bir kənddə, hər bir bölgədə yaşayan insanlar ədalətin mövcudluğunu hiss edir. Bu amil sadəcə sosial məsələ deyil, eyni zamanda, idarəetmədə etimadın və sabitliyin qorunması üçün fundamental dəyərdir. İdarəetmə sistemində əsas məqsəd vətəndaşla dövlət arasında etimad körpüsünün möhkəmləndirilməsidir.
Prezident İlham Əliyevin “İnsanlara diqqət göstərmək, onların qayğıları ilə yaşamaq, daim onların arasında olmaq lazımdır” fikri çıxışın mənəvi və siyasi qayəsini formalaşdırdı. Bu, sadəcə tövsiyə deyil, dövlət xidmətində çalışan hər bir rəhbərin fəaliyyətində əsas prinsiplərdən biri olmalıdır. Rəhbərlər vəzifə məsuliyyətini yalnız inzibati öhdəlik kimi deyil, xalq qarşısında mənəvi borc kimi qəbul etməlidirlər. Xalqla birbaşa ünsiyyət, yerlərdə vətəndaş məmnunluğuna nail olunması idarəetmədə yeni keyfiyyət mərhələsini müəyyənləşdirir.
Dövlət başçısının müvafiq tapşırıqlarına uyğun olaraq ölkənin bütün bölgələri, şəhərləri və kəndləri yüksək standartlara cavab verməli, insanlara daha yaxşı şərait yaradılmalıdır. Bu məqsədlə dövlət büdcəsi hesabına icra olunan infrastruktur və sosial layihələr birbaşa vətəndaş rifahına yönəlmişdir. Qəbul zamanı səsləndirilən fikirlər dövlət idarəetməsinin gələcək mərhələsi üçün rol oynayır.
Cənab Prezident çıxışı bir daha təsd edir ki, dövlətin gücü yalnız iqtisadi göstəricilərlə deyil, xalqa göstərilən xidmətin səviyyəsi və ədalət prinsiplərinə sadiqliyi ilə ölçülür.
