YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Geostrateji əməkdaşlıq modeli

Nazimə Şamıyeva

YAP Füzuli rayon təşkilatının sədri

Özbəkistanın paytaxtı Daşkənddə noyabrın 16-da Mərkəzi Asiya Dövlət Başçılarının VII Məşvərət Görüşü keçiriləcəkdir. Mərkəzi Asiya ölkələrinin liderləri – Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rahmon və Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun iştirak edəcəyi toplantıya Azərbaycan Prezidenti İlham Əliyev də dəvət olunub.

Noyabrın 13-də, yəni tədbir ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib. Bu müsahibə yalnız iki ölkə arasındakı münasibətləri əks etdirmirdi, eyni zamanda Azərbaycan diplomatiyasının məqsədyönlü və strateji istiqamətini də aydın şəkildə ortaya qoydu. Ölkə başçısı müsahibədə Azərbaycanın regional siyasətini, ikitərəfli əlaqələrin dərinliyini dolğun şəkildə şərh edərək gələcək əməkdaşlığın dayanıqlı tərəfdaşlığa, qarşılıqlı etimada və regionda sülhün möhkəmlənməsinə xidmət edəcəyini vurğuladı. Müsahibə həmçinin Azərbaycan liderliyinin regional və qlobal səviyyədə nüfuzunun daha da artdığını, Türk dünyası ilə əməkdaşlıqda mühüm rol oynadığını və ölkəmizin strateji təşəbbüslərinin uğurla nəticələndiyini nümayiş etdirdi.

Prezident İlham Əliyev müsahibəsində bildirib ki, bu gün Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ən yüksək – müttəfiqlik səviyyəsindədir. İki qardaş və dost ölkə arasındakı əlaqələrin inkişafına təsir edən mühüm amillərdən biri də Azərbaycan Prezidenti İlham Əliyev ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında formalaşmış şəxsi etimad və dostluq münasibətləridir.

Müsahibədə xüsusilə qeyd edilib ki, Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü daim və dəyişməz şəkildə dəstəkləyib. Eyni zamanda, işğaldan azad edilən Qarabağın yenidən qurulmasına yardım göstərmək təşəbbüsünü irəli sürən ilk ölkə Özbəkistan, ilk lider isə Prezident Şavkat Mirziyoyev olub. Qardaş Özbəkistan tərəfindən azad edilmiş Füzulidə böyük özbək alimi Mirzə Uluqbəyin adını daşıyan və hazırda təxminən 600 şagirdin təhsil aldığı məktəb inşa edilib. Prezident İlham Əliyev bu dəstəyə görə özbək liderinə xüsusi minnətdarlığını bildirib.

Dövlət başçısı həmçinin vurğulayıb ki, ölkələrimiz arasında əməkdaşlıq təkcə ikitərəfli formatla məhdudlaşmır, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir. Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının fəal üzvləridir və türk birliyinin gücləndirilməsinə mühüm töhfə verirlər. Bundan əlavə, əməkdaşlıq BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və digər beynəlxalq platformalarda da səmərəli şəkildə davam edir.

Eyni soy-kökə və uzun tarixi bağlara söykənən Azərbaycan–Özbəkistan əlaqələri yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında indiyədək imzalanmış 170-dən çox sənəd, o cümlədən “Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə” bu əməkdaşlıq üçün möhkəm hüquqi baza formalaşdırıb. Əminik ki, Azərbaycan–Özbəkistan arasında qarşılıqlı etimada əsaslanan, əsrlərdir davam edən dostluq və qardaşlıq münasibətləri gələcəkdə də daha da güclənəcək.