Xəbərlər
Qaxda “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə rayon birinciliyi keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatı tərəfindən partiyanın yaradılmasının 33-cü ildönümü münasibətilə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatları təmsil edən komandalar arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə rayon birinciliyi keçirilib.
Yarışda 16 komanda mübarizə aparıb.
Tədbir iştirakçıları əvvəlcə “Gənclik” parkında təşkil olunan ağacəkmə aksiyasında iştirak ediblər.
Daha sonra Qax Rayon Heydər Əliyev Mərkəzində yarışın rəsmi açılış mərasimi baş tutub. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, rayon Təhsil sektorunun müdiri Babək Heydərov və Heydər Əliyev Mərkəzinin direktoru Arzu Dunusova çıxış ediblər. Bildirilib ki, intellektual oyunun keçirilməsində əsas məqsəd Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi və təbliği, gənclərin dünyagörüşünün genişləndirilməsi, Azərbaycanın milli mədəniyyət və tarixinin təbliği, eləcə də iştirakçıların asudə vaxtlarının səmərəli təşkilidir.
Yekun nəticələrə əsasən, Qax Dövlət Kukla Teatrının komandası birinci yerə, “Kapital Bank”ın Qax rayon filialının komandası ikinci, şəhər 5 saylı tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüb.
Qaliblər YAP Qax rayon təşkilatı tərəfindən kubok, medal və diplomlarla mükafatlandırılıb.
