Xəbərlər
YAP: Dövlətçilik, sabitlik və inkişaf
Anar Məmmədov
Milli Məclisin deputatı
1992-ci ilin noyabrında Naxçıvanda təməli qoyulan Yeni Azərbaycan Partiyası ötən müddət ərzində sadəcə siyasi təşkilat deyil, Azərbaycanın müstəqillik, inkişaf və ərazi bütövlüyü uğrunda mübarizəsinin əsas hərəkətverici qüvvəsinə çevrilmişdir. Partiyanın keçdiyi keşməkeşli yola nəzər saldıqda ötən illər ərzində onun ümumxalq partiyası kimi Azərbaycan dövlətinin və xalqının həyatında mühüm əhəmiyyətli rol oynadığının şahidi olarıq. 1993-cü ildən başlayaraq, ölkədə keçirilən bütün seçkilərdə xalqın etimadını qazanan YAP-ın əldə etdiyi uğurlar təşkilatın qarşısına qoyduğu məqsədlərin respublikamızın daxili və xarici siyasətinin həyata keçirilməsində yaxından iştirak etməsi ilə sıx şəkildə bağlıdır. Ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni-humanitar sahələrinin inkişafında partiyanın qarşısına qoyduğu vəzifələr Heydər Əliyev yoluna sadiqliyi ilə layiqincə yerinə yetirilib.
YAP-ın yaranması, ölkədə siyasi sabitliyi bərpa etmək, dövlətçilik institutlarını gücləndirmək və Azərbaycanda anarxiyanın qarşısını almaq üçün yeganə çıxış yolu idi. 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı və YAP-ın hakim partiyaya çevrilməsi ilə Azərbaycanın tarixinə “Qurtuluş Missiyası” yazıldı. Partiyanın təsis edilməsi birbaşa xalqın müraciəti və Azərbaycanın gələcəyini xilas etmək missiyası ilə bağlı idi.
33 illik fəaliyyəti ərzində YAP, Heydər Əliyevçilik ideologiyasına sadiq qalaraq, müasir Azərbaycan dövlətinin fundamental təməllərini qurdu. Partiya bu gün özünün Müzəffər Sədri, Prezident İlham Əliyevin rəhbərliyi altında fəaliyyətini yeni mərhələdə davam etdirir.
Sözlə əməl birliyi, tutduğu yola sadiqliyi YAP-ın cəmiyyətdə nüfuzunun artmasında əhəmiyyətli rol oynadı. O tarixi hadisədən ötən 33 il Yeni Azərbaycan Partiyasının həyatında xalqa, dövlətə və dövlətçiliyə xidmət kimi səciyyələnir. Eyni zamanda, 33 ilin təcrübəsinə əsaslanaraq bu reallığı da böyük fəxr hissi ilə qeyd edirik ki, ötən müddət ərzində Azərbaycan dövləti qarşıya qoyulan bütün vəzifələri yüksək səviyyədə yerinə yetirib. Bu gün Azərbaycan dünya miqyasında böyük hörmətə malik ölkə kimi tanınır. Təbii ki, bu uğurlar Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu düşünülmüş və məqsədyönlü siyasətin, eyni zamanda, bu xəttin son 22 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.
Prezident İlham Əliyevin sədri olduğu partiya məramı, proqramı, həm də fəaliyyəti və əldə etdiyi nailiyyətlərlə kifayətlənmir, Azərbaycanın parlaq gələcəyi naminə ilklərə imza atır, cəmiyyətimizdəki yeniliklərlə, dəyişikliklərlə bir addımlayır.
Partiyanın tarixində dönüş nöqtəsi 2020-ci ildə, cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan tarixi Zəfər oldu. YAP-ın ideoloji xəttinin və dövlətçilik siyasətinin ən böyük təsdiqi olan bu Qələbə, Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etdi.
Dünənin, bu günün və gələcəyin partiyasının VII qurultayı siyasi təşkilatın tarixində yeni mərhələ oldu. Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi və qurultayda yeni Nizamnamənin qəbul olunması, müəyyən yeniliklərin edilməsi, struktur dəyişikliyi siyasi islahatların tərkib hissəsi kimi dəyərləndirildi. VII qurultayda qəbul olunmuş qərarlar milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Qurultayda 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulmaq barədə qərarı milli həmrəyliyin gücləndirilməsinin təqdimatı oldu. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 5 mart 2021-ci il tarixində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva YAP Sədrinin Birinci müavini təyin edildi. Prezident İlham Əliyev qurultaydakı geniş məzmunlu çıxışında partiyanın yarandığı vaxtdan indiyə kimi müstəqil dövlətçiliyin və demokratik siyasi sistemin möhkəmlənməsi, ölkəmizin davamlı inkişafı, milli birliyin və vətəndaş həmrəyliyinin təmin olunması istiqamətində göstərdiyi fəaliyyətlə bağlı dəyərli fikirlər irəli sürdü. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var. Partiyanın VII qurultayı bir daha göstərdi ki, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasında, təkmilləşməsində siyasi təşkilatın rolu və yeri xüsusidir.
Bu gün YAP, yenidənqurma dövrünə qədəm qoyub. Partiyanın əsas məqsədi Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramını dəstəkləmək, azad edilmiş ərazilərdə infrastrukturun bərpası, iqtisadiyyatın canlandırılması və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasını təmin etməkdir. Yeni Azərbaycan Partiyası 33 il ərzində dəyişməz bir amala xidmət etmişdir: Güclü, Müstəqil və Bütöv Azərbaycan. Partiyanın yubileyi, həm də Azərbaycanın sarsılmaz dövlətçiliyinin və Qalib Xalqın sarsılmaz iradəsinin təcəssümüdür.
