YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası: ölkəmizin tərəqqisi və milli birliyimiz

Fatma Yıldırım

Milli Məclisin deputatı

1992-ci il 21 noyabr tarixi müasir Azərbaycan siyasi tarixində xüsusi əhəmiyyət daşıyır. Həmin gün Naxçıvan şəhərində keçirilən təsis konfransı ilə Yeni Azərbaycan Partiyasının əsası qoyuldu və bu qərar ölkəmizin taleyində dönüş nöqtəsi oldu. O ağır və keşməkeşli dövrdə Azərbaycanı düşdüyü böhrandan çıxarmaq üçün milli məsuliyyət hissi ilə hərəkət edən ziyalıların təşəbbüsü Ulu Öndər Heydər Əliyevin liderliyi ilə böyük siyasi hərəkatın başlanğıcını qoydu.

“91-lər”in Ulu Öndərə müraciəti təkcə bir qrup ziyalının yox, bütün xalqın səsini ifadə edirdi. Məhz bu qətiyyətli addım nəticəsində dağıdıcı proseslərin qarşısı alındı və Azərbaycanın müstəqil dövlət kimi yaşaması üçün yeni siyasi mərhələ açıldı. Ulu Öndər Heydər Əliyevin həmin müraciətə verdiyi müdrik cavab YAP-ın yaradılmasının obyektiv zərurət olduğunu təsdiqlədi, ölkənin gələcək inkişaf modelinin əsas istiqamətlərini müəyyənləşdirdi.

21 noyabr 1992-ci ildə keçirilən təsis konfransında partiyanın Proqramı, Nizamnaməsi qəbul edildi və Heydər Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının sədri seçildi. Bununla da dövlətçilik ideyalarını özündə birləşdirən, Azərbaycan xalqını ümummilli məqsədlər ətrafında birləşdirən siyasi güc formalaşdı. YAP qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrildi və Ulu Öndərin rəhbərliyi ilə “dünənin, bu günün və sabahın partiyası” kimi mövqeyini möhkəmləndirdi.

Ötən illər ərzində YAP siyasi sabitliyin, inkişafın, dövlətçilik ənənələrinin və milli həmrəyliyin təminatçısı kimi tarixə mühüm səhifələr yazdı. Demokratik siyasi mədəniyyətin inkişafında, siyasi dialoqun güclənməsində və yeni siyasi konfiqurasiyanın formalaşmasında partiyanın rolu danılmazdır.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası Ulu Öndərin siyasi xəttinin uğurlu davamçısı kimi fəaliyyətini yeni reallıqlar fonunda daha da təkmilləşdirir. 2021-ci ildə keçirilmiş VII qurultay partiyanın inkişafında mühüm mərhələ oldu, yeni Nizamnamə, yeni idarəetmə strukturu və strateji hədəflər təsdiqləndi. Hörmətli Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini təyin edilməsi isə həm yüksək siyasi etimadın, həm də Azərbaycan qadınının cəmiyyətdəki rolunun dövlət səviyyəsində qiymətləndirilməsinin bariz nümunəsidir.

YAP-ın qəbul etdiyi yeni Proqram müasir çağırışlara adekvat olaraq hazırlanan konseptual sənəddir. Burada siyasi dəyərlər, partiyadaxili münasibətlər, strateji hədəflər Heydər Əliyev irsinin təbliği, güclü iqtisadiyyat, inklüziv cəmiyyət, milli maraqların müdafiəsi və işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış kimi prioritetlər xüsusi yer alır.

Partiyamız həmçinin ölkədə siyasi dialoqun genişlənməsinə daim töhfə verib. Prezident İlham Əliyevin “Ümummilli məsələlərdə fərqli fikir ola bilməz” tezisi milli həmrəyliyin dövlət siyasətində əsas prinsip kimi qəbul edildiyini nümayiş etdirir.

Ölkəmizdə keçirilmiş seçkilərin nəticələri də xalqımızın Yeni Azərbaycan Partiyasına yüksək etimadını aydın şəkildə göstərir. 2024-cü il prezident seçkilərində, eləcə də parlament və bələdiyyə seçkilərində YAP-ın əldə etdiyi qələbələr xalqın gələcəyə inamının, dövlətçilik ideyalarına sədaqətinin təsdiqidir.

Bugünkü inkişafımız, əldə etdiyimiz nailiyyətlər, beynəlxalq arenadakı möhkəm mövqeyimiz və Qarabağın dirçəlişi Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi siyasi kursun nə qədər düşünülmüş və milli maraqlara söykənən bir yol olduğunu bir daha sübut edir.

Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizin tərəqqisi, milli birliyimiz və dövlətçiliyimizin möhkəmlənməsi naminə fəaliyyətini qətiyyətlə davam etdirəcək.