Xəbərlər
“Yeni Azərbaycan Partiyası - Zəfər Partiyası”
Goranboy rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 33-cü ildönümü münasibətilə “Yeni Azərbaycan Partiyası - Zəfər Partiyası” adlı tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub. Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.
Daha sonra Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev çıxış edərək partiyanın yaranma tarixindən, keçdiyi mürəkkəb və şərəfli yoldan bəhs ediblər. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu, zəngin siyasi və dövlətçilik təcrübəsinə söykənən Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır.
Vurğulanıb ki, 1992-ci il 21 noyabr tarixi Azərbaycanın ictimai-siyasi həyatında yeni başlanğıc nöqtəsi sayılır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan YAP-ın 33 illik inkişaf tarixi göstərib ki, partiyanı yaradanlar, bu partiyanın təməl daşını qoyanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi və sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. Bu gün də Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır.
Daha sonra Milli Qəhrəmanın həyat yoldaşı Rübabə İsmayılova, şəhid anası Nailə Məmmədova, deputat köməkçisi Gündüz Hacıyev, partiya veteranı Əzra Həşimova və YAP Goranboy rayon təşkilatının qurucularından olan Fizuli Almuradov bildiriblər ki, YAP tarixi zərurətdən yaranıb və ölkənin ərazi bütövlüyünün bərpası və dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində mühüm işlər görüb.
Sonra yubiley yaşında olan partiya veteranlarına fəxri fərman və hədiyyələr təqdim edilib. YAP sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
