Xəbərlər
YAP xalqın partiyasıdır
Şəbnəm Həsənova
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq
Müasir demokratiya siyasi partiyalar olmadan işləyə bilməz. Siyasi və ictimai həyatın mərkəzində dayanan partiyalar zəifdirsə, yaxşı işləmirsə, bu, bütöv bir cəmiyyətin inkişafdan geri qalması deməkdir. Əksinə, ölkədə partiya sistemi nə qədər güclüdürsə, inkişaf da bir o qədər sürətlidir. Bu, siyasi partiyalar və demokratiya haqqında illərlə edilən müzakirələrin ümumi və güclü konsensusudur. Güclü partiyalar demokratik inkişafın önünü açdığı qədər, geriləmənin də qarşısını ala bilir. Tarix boyu sübut olunub ki güclü, sabit siyasi partiyalar yaxşı fəaliyyət göstərdikdə demokratiyanın ən vacib sütunları qismində çıxış edirlər. Güclü partiya sistemləri demokratiyada legitimliyi tələb edir, məmnuniyyəti təşviq edir və bütün cəmiyyəti səfərbər vəziyyətdə saxlayır. Güclü, sabit siyasi partiya geosiyasi və geoiqtisadi amillərlə də birbaşa bağlıdır. Belə ki, güclü olan siyasi partiya idarəetmə qabiliyyətini artırır və siyasətçilərə məsuliyyətli iqtisadi siyasət yürütmək və ictimai mallara investisiya qoymaq, ölkəyə kapital cəlb etmək üçün stimul yaradır. Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi həyatının, iqtisadi sahənin və cəmiyyətin əsas işçi qüvvəsidir. Tarixin bütün çətin dövrlərdən uğurla keçən bu ümumxalq partiyası siyasət gündəliyini idarə etməyin, ayrı-ayrı maraq qrupları və tərəflərlə etibarlı sövdələşmələr aparmağın yollarını hər zaman düzgün müəyyən etməyi bacarmışdır. Milli maraqlar kontekstində son dərəcə zəruri olan bu amilin öhdəsindən gəldiyi üçün YAP cəmiyyətdə həqiqi nüfuz sahibidir.
Siyasi partiyalar demək olar ki, hər bir demokratiyanın mərkəzindədir. Fərdi siyasətçilərdən başqa, partiyalar vətəndaşların ən çox qarşılıqlı əlaqədə olduğu aktordur. Yeni Azərbaycan Partiyası siyasətçilər üçün qarşılıqlı əlaqə imkanı, siyasi platforma, sağlam rəqabət mühiti təqdim edir. YAP həm də güclü, effektiv siyasi partiya olmaqla yanaşı, vətəndaşların demokratiyadan uzaqlaşmasının qarşısını alır. Bununla belə, Partiyamız demokratik partiya sistemlərini ideoloji baxımdan tətbiq edir, ölkənin bütün təlim-tərbiyə ocaqlarında dövlətçiliyimizin güclü əsasları haqqında fundamental bazis, ilkin anlayışlar formalaşdırılır. Partiyaların sayı demokratik ölkələrdə mövcud olan təmsilçilik və hesabatlılıq arasındakı güzəştə birbaşa təsir göstərir. Daha çox partiya ilə təmsil olunan daha çox baxış, nəzər nöqtəsinə çevrilir, lakin hökumətdəki partiyaların sayı artdıqca, müəyyən bir siyasətə kimin cavabdeh olduğunu müəyyən etmək də, zəif nəticə göstərənləri vəzifədən uzaqlaşdırmaq da çətinləşir. 4 noyabr 2022-ci ildə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə zamanı səsləndirdiyimiz fikirlərin, təklif etdiyimiz məsələlərin qeydə alınması o nəticəyə gətirib çıxartdı ki, deməli, siyasi səhnədə kəmiyyət deyil, keyfiyyət lazımdır.
Yeni Azərbaycan Partiyası güclü institusional sistem qurmağı, təşkilatlanmağı, milli maraqlar uğrunda mübarizə aparmağı hər zaman bacarmışdır. 2021-ci il 5 mart tarixində keçirilmiş YAP-ın VII qurultayında qəbul edilmiş qərarla Partiyamızın yeni Nizamnaməsinin, 40 nəfər tərkibdən ibarət İdarə Heyətinin, 13 nəfərdən ibarət Təftiş Komissiyasınin və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibinin təsdiq edilməsi siyasi sistemimizdə yeni reallıqların baş tutmasının, daha işlək mexanizmin tətbiqinin nəticəsidir.
Qurultayda alınan hər bir qərar, müraciət edilən hər bir ritorika, xüsusilə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin keçmişə şəffaf baxışı, gələcəyə olan aydın vizyonu qədər qadın siyasətçiləri sevindirən mühüm, tarixi bir hadisə də baş tutdu.Azərbaycan xalqının, məhz Azərbaycan qadının böyütdüyü qəhrəman oğullarımızın canı-qanı bahasına torpaqlarımızı yad tapdağından azad etdikdən sonra yaratdığımız yeni reallıqlarda qadının siyasətdəki obrazına, roluna sanki yenidən nəzər yetirildi. YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında çoxdan arzusunda olduğumuz qərarla-Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın sədri cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il 5 mart tarixində hörmətli Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilidi. Şübhəsiz ki, bu təyinat yüksək etimad demək idi. Bu həm də vitse-prezidentlik institununun özünü artıq tam təsdiqi anlamına gəlirdi. Bu gün hörmətli Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadını fəal ictimai-siyasi fəaliyyətlə məşğul olur, sosial məsuliyyəti, vətəndaş mövqeyini düzgün dərk edən qadınlar ordusu formalaşır ki, məhz bu amilin özü cəmiyyətimizin, gələcək nəslin sağlam əsaslarla inkişafı deməkdir.
Yeni Azərbaycan Partiyasına mənsubiyyət cəmiyyətin gözündə nüfuz sahibi olmaq deməkdir. Bu isə illərə dayanan ikitərəfli fəaliyyətin nəticəsidir. O baxımdan ikitərəfli ki, Yeni Azərbaycan Partiyası öz sıralarına üzv seçmə işində olduqca seçici davrandığı kimi, zənn edirəm ki, ən az o qədər də bu üzvlər Partiyanın ictimai nüfuzunu daha da qaldırmaq üçün əzmlə, sədaqətlə xidmət etməlidirlər. Söhbət ritorikada xidmətdən deyil, əməldə sədaqətdən keçir. Bunun isə ən düzgün yolu aid olduğun sahənin peşəkarı olmaq istiqamətində atdığın qətiyyətli addımlarla düz mütənasib olmalıdır.
İnsanın, vətəndaşın, əqidədaşın mövqeyi hər zaman, hər yerdə bilinməlidir. Hər gün yenilənən, müasirləşən, daim inkişafda olan Partiyamızda güclü, savadlı əqidədaşlar bazası formalaşmışdır. “Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır”. Məhz bu kəlamla formalaşan belə əqidədaşlar Ümummilli Liderimiz Heydər Əliyevin müdrik kəlamını fəaliyyətlərində ana xətt olaraq müəyyənləşdirir, onu atılan hər addımda yaddaş kitabçası olaraq görürlər, Yeni Azərbaycan Partiyasının dünəninə, onun ideallarına sadiq qalmaqla bu günün və gələcəyin partiyasını daha da inkişaf etdirmək yolunda əzmlə irəliləyirlər. Ulu Öndər Heydər Əliyev deyirdi ki, "Həyatda insan hər şeyi öyrənir, iki keyfiyyətdən başqa: sədaqət və cəsarət, bu keyfiyyətlər insanın qanında olur!". Bir şəxs, ələlxüsus da bir siyasətçi üçün bundan dəqiq müəyyən edilən keyfiyyətlər ola bilməz.
