Xəbərlər
Strateji tərəfdaşlıq münasibətləri yeni mərhələdə
Nurlan Həsənov
Milli Məclisin deputatı
Prezident İlham Əliyevin 8 dekabr tarixində Slovakiyaya rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə arasında mövcud dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafını nümayiş etdirir. Bəyanatda, həmçinin enerji, müdafiə, nəqliyyat və informasiya texnologiyaları sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları vurğulanıb.
Slovakiya və Azərbaycan sözün əsl mənasında dost ölkələrdir və strateji tərəfdaşlıq əlaqələri müxtəlif sahələrdə aktiv şəkildə davam etdirilir. Ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu münasibətləri yüksək səviyyəyə çatdıran sənəd kimi diqqət çəkir. Bu sənədin imzalanmasından sonra ayrı-ayrı istiqamətlər üzrə əməkdaşlıq fəallaşıb, müştərək komandalar davamlı şəkildə fəaliyyət göstərir.
Azərbaycanın zəngin qaz yataqları ölkəyə dünya bazarında geniş ixrac imkanları yaradır. Ötən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya təchiz edilib və ölkənin ehtiyacları istənilən həcmdə qarşılanır. Hazırda qaz ixracımızın ümumi həcmi 25 milyard kubmetr təşkil edir ki, bunun da yarısı Avropa ölkələrinə çatdırılır. Azərbaycan qazını alan ölkələrin sayı artıq 14-ə çatıb və boru kəmərləri ilə ixrac olunan qazın təchizatçısı kimi lider mövqedəyik. Yeni yataqların işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək, bu da həm Slovakiyaya, həm də qonşu ölkələrə qaz təchizatının genişləndirilməsini mümkün edir.
Slovakiya ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları genişdir. Azərbaycan bu əməkdaşlığı sənayenin inkişafı və texnoloji innovasiyalar baxımından dəyərləndirir. Slovakiya texnologiyaları ilə Azərbaycanın maliyyə imkanlarının birləşdirilməsi nəticəsində yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Bu layihələr həm də ölkədə texnoloji inkişafın bir qolu kimi fayda verir. Noyabrın 8-də azadlıq müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş paradda Slovakiyanın Baş nazirinin müavini və müdafiə nazirinin iştirakı əməkdaşlığın dostluq əsaslarını bir daha göstərmiş oldu.
Slovakiyanın uğurlu inkişafı və sabitliyi, eləcə də güclü sənaye potensialı Azərbaycan tərəfdən böyük maraq doğurur. Xüsusilə Slovakiyanın müstəqil xarici siyasət yürütməsi ölkəyə hörmət qazandırır. Bu yanaşma regionda sabitlik və uzunmüddətli əməkdaşlıq üçün əhəmiyyətli amildir. Azərbaycan öz xarici siyasət prioritetlərini müəyyən edib və Şərqlə Qərb arasında körpü rolunu oynayır. İnfrastruktur, nəqliyyat və logistika sahələrinə qoyulan sərmayələr Azərbaycan ərazisini Şərq-Qərb nəqliyyat dəhlizinin etibarlı və təhlükəsiz hissəsinə çevirir.
Gələcək illərdə nəqliyyat sahəsinə əlavə investisiyaların qoyulması logistika imkanlarını genişləndirəcək və Azərbaycan-Slovakiya əlaqələrində mühüm rol oynayacaq. Eyni zamanda informasiya texnologiyaları və beynəlxalq data mərkəzlərinin yaradılması sahəsində də əməkdaşlıq perspektivləri mövcuddur. Dövlətimiz böyük enerji potensialına malikdir, istifadə olunmayan enerji həcmi təxminən 2 giqavatdır və beş il ərzində 8 giqavata çatdırılması planlaşdırılır. Bu amillər süni intellekt və data mərkəzlərinin fəaliyyəti üçün əsas enerji mənbəyini təmin edir. Prezident İlham Əliyev mətbuata bəyanatında vurğulamışdır: “Baxmayaraq, biz Cənub ölkəsiyik, amma bizim çox soyuq bölgələrimiz də var ki, orada ilin böyük hissəsində şaxtalı hava şəraiti mövcuddur. Ona görə beynəlxalq data mərkəzləri habı kimi biz öz rolumuzu görürük və Slovakiya şirkətləri ilə bu istiqamətdə çalışmaq fikrindəyik”.
Slovakiyanın Azərbaycandakı səfirliyi 1 oktyabr 2019-cu ildən fəaliyyət göstərir, Azərbaycan isə Slovakiyada səfirliyini 14 iyul 2023-cü il tarixində təsis edib. Bundan əlavə, Azərbaycanın Slovakiyadakı fəxri konsulluğu fəaliyyət göstərir. İki ölkə arasında hüquqi baza 13 sənəddən ibarətdir və iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Slovakiya Birgə İşçi Qrupu fəaliyyət göstərir. Bu struktur ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır və əlaqələrin davamlı olaraq genişləndirilməsi üçün zəmin yaradır.
Ümumilikdə, Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq və dostluq prinsipləri üzərində qurulub və davamlı inkişaf perspektivlərinə malikdir. Hər iki ölkənin rəhbərliyi qarşılıqlı etimad və əməkdaşlıq ruhunu gücləndirərək, enerji, müdafiə, nəqliyyat, sənaye və informasiya texnologiyaları sahələrində yeni layihələr həyata keçirməyi planlaşdırır. Bu yanaşma yalnız dövlətlərarası əlaqələrin dərinləşməsinə deyil, həm də regionda sabitlik, iqtisadi inkişaf və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verir.
