Xəbərlər
Dinamik əməkdaşlıq formulu
Anar Məmmədov
Milli Məclisin deputatı
Azərbaycan–Slovakiya münasibətləri son illərdə sürətli inkişaf edərək yeni strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin Bratislavaya rəsmi səfəri iki ölkə arasında həm siyasi dialoqun dərinləşdirilməsi, həm də iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi baxımından olduqca önəmlidir.
Səfər çərçivəsində dövlət başçılarının mətbuata birgə bəyanatları, təkbətək və geniş tərkibdə görüşləri çərçivəsində müzakirə olunan məsələlər, səsləndirilən fikirlər strateji tərəfdaş olan Azərbaycan və Slovakiya əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf edəcəyini təsdiqlədi.
Slovakiya və Azərbaycan arasında əlaqələr, sözün əsl mənasında qarşılıqlı etimad və dostluq prinsiplərinə əsaslanır və iki ölkə arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu münasibətləri yüksək səviyyəyə çatdırmışdır. Bu gün birgə iqtisadi işçi qrupunun fəaliyyəti genişlənir, müxtəlif sahələr üzrə müştərək komandalar ardıcıl şəkildə layihələr üzərində çalışır. Slovakiya Azərbaycanı Cənubi Qafqazın ən etibarlı tərəfdaşı kimi qəbul edir və əməkdaşlığın dərinləşdirilməsi qarşılıqlı marağa, qarşılıqlı etimada əsaslanır. Bu baxımdan Slovakiya Prezidentinin “gələcəkdə daha sıx əməkdaşlıq edəcəyik” mesajı da yalnız siyasi jest deyil, həm də real iqtisadi və təhlükəsizlik perspektivlərinin konkret ifadəsidir. Bratislavada keçirilən görüş göstərdi ki, iki ölkə arasında strateji tərəfdaşlıq kağız üzərində deyil, praktik və davamlı məzmunla zənginləşir və bu dinamik inkişaf regionda sabitlik və əməkdaşlıq mühitinin güclənməsinə xidmət edir.
Prezident İlham Əliyevin Slovakiyaya səfəri zamanı aparılan müzakirələr enerji təhlükəsizliyi gündəmini xüsusi ön plana çıxardı. Enerji əməkdaşlığı Azərbaycan-Slovakiya münasibətlərinin əsasını təşkil edir. Slovakiyanın Avropa İttifaqının mühüm üzvü, Azərbaycanın isə Cənubi Qafqazın əsas enerji və logistika mərkəzi kimi mövqeyi bu dialoqun əhəmiyyətini daha da artırır.
Prezidentlərin bəyanatlarında vurğulanan qarşılıqlı etimad, tamamlayıcı iqtisadi potensial və enerji sahəsində yeni əməkdaşlıq platformaları gələcək illərdə iki ölkə arasında münasibətlərin daha da inkişaf edəcəyinə dair aydın mesaj verdi. 2024-cü ildə ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya nəql olunub və ölkəmiz bu dost dövləti istənilən həcmdə enerji resursları ilə təmin etmək imkanına malikdir. Bu gün Azərbaycanın qaz ixracatının ümumi həcmi 25 milyard kubmetrə çatıb və bunun yarısı Avropa İttifaqı ölkələrinə yönəldilir. Bununla da Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan etibarlı tərəfdaş kimi çıxış edir. Bu isə regionda dövlətimizin lider mövqeyini təsdiqləyir.
Azərbaycanın nəqliyyat sektoruna yatırdığı investisiyalar ölkənin Şərq–Qərb və Şimal–Cənub marşrutlarının əsas həlqəsinə çevrilməsinə imkan verib. Orta Dəhliz layihəsi çərçivəsində Azərbaycan Avrasiyanın etibarlı nəqliyyat qovşağı kimi mühüm rol oynayır. Gələcək illərdə nəqliyyat infrastrukturuna əlavə sərmayə qoyulması planlaşdırılır ki, bu da Slovakiya ilə əməkdaşlıq üçün yeni imkanlar açacaqdır. Həmin sahə hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır və böyük potensiala malikdir.
Səfər zamanı informasiya texnologiyaları və data mərkəzlərinin yaradılması məsələləri də müzakirə olundu. Hazırda ölkəmizin istifadə olunmayan enerji gücü 2 giqavata bərabərdir və növbəti beş ildə sözügedən rəqəmin 8 giqavata çatdırılması planlaşdırılır. Mövcud potensial beynəlxalq data mərkəzləri üçün yüksək enerji təminatı imkanı yaradır. Həmçinin, ölkədə iqlim müxtəlifliyi mövcuddur, soyuq bölgələrin olması data mərkəzlərinin səmərəli fəaliyyətinə töhfə verir. Azərbaycan sözügedən sahədə regional hab kimi çıxış etməyə hazırdır və Slovakiya şirkətləri ilə əməkdaşlığa xüsusi maraq göstərilir.
Təbii ki, hər bir səfər münasibətlərdə yeni səhifənin başlanğıcı kimi dəyərləndirilir. Bu gün ölkələrimiz arasında diplomatik münasibətlər strateji tərəfdaşlığı möhkəmləndirir, gələcək üçün geniş imkanlar açır. Günün aktual məsələləri ətrafında aparılan müzakirələr fonunda ümumi mövqeyin ortaya qoyulması, müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması münasibətləri siyasi jestlərdən konkret nəticələrə və uzunmüddətli tərəfdaşlığa yönəldəcək.
