Xəbərlər
Ümumbəşəri humanizm dəyərlərinə sadiqliyi əks etdirən mühüm təşəbbüs
“Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir, müstəqil Azərbaycan qalib, bütövləşən, yeni dövrə qədəm qoyan ölkə olaraq dünyanın diqqətindədir. Artıq tarixi Zəfərimizin beşinci ilini arxada qoyduq. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qazanılmış şanlı Qələbənin 5-ci ildönümü ilə əlaqədar dövlətimizin başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan olunub. Qalib Azərbaycan xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı Zəfərdən-Zəfərə aparır, dünyaya nümunə olan inkişaf modelinə yeni əlavələr edir, atdığı hər bir addım, qəbul etdiyi qərarlar, irəli sürdüyü təşəbbüslər ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirir. Dövlət başçısı İlham Əliyevin siyasi fəaliyyətinin mərkəzində insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləri dayanır. Məhz bu humanist yanaşmanın nəticəsidir ki, ölkəmizdə cinayət-hüquq siyasətinin formalaşdırılmasında humanizm əsas prinsip kimi qəbul edilib. Prezident İlham Əliyev suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi Qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək 15 dekabr 2025-ci ildə amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb”.
Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkili qeyd edib ki, Amnistiya aktının layihəsinə əsasən, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur: “Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır. Bu, müstəqil Azərbaycanın tarixində ən böyük amnistiya aktı olacaq. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrum etmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır”.
Malik Həsənov vurğulayıb ki, ümumilikdə 1995-ci ildən etibarən qəbul edilən 12 Amnistiya aktı 130 mindən artıq şəxsə şamil edilib: “Prezident İlham Əliyevin təşəbbüsü əsasında 2021-ci ildə 8 Noyabr - Zəfər Günü münasibətilə elan olunan Amnistiya aktı 17 mindən artıq nəfərə şamil olunmuşdur. Onu da qeyd edək ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-2003-cü illərdə 32 Əfv fərmanı imzalanıb, 7 Amnistiya aktı qəbul edilib. Prezident İlham Əliyev isə 2003-2025-ci illər ərzində 39 Əfv sərəncamı imzalayıb, 5 Amnistiya aktı qəbul edilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Milli Məclisin deputatı olarkən irəli sürdüyü təşəbbüslərlə 2007, 2009, 2013 və 2016-cı illərdə Amnistiya aktı qəbul edilib. Mehriban xanım Əliyeva bu çağırışı edir ki, hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. O cəmiyyətdə ki, həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti məhz bu prinsiplər əsasında həm öz həyatını, həm öz fəaliyyətini qurur, demək olar, o cəmiyyət inkişaf etmiş, uğurlu cəmiyyətdir. Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil. Mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etməyi tələb edir. Bir dəfə səhv etmiş insanların bağışlanmaq hüququ var. Bu gün biz yenidən cəmiyyətdə öz yerlərini tutmaları, layiqli həyat yaşamaları üçün onlara şans verməliyik”.
Millət vəkili bildirib ki, Azərbaycan demokratik, hüquqi, sivil dövlətdir: “Demokratik dəyərlərə sadiqlik sözdə deyil, reallıqda öz təsdiqini tapır. Dövlətimizin vətəndaş amilinə verdiyi önəm beynəlxalq səviyyədə təqdir edilir. Cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı ilk gündən “Neft kapitalını insan kapitalına çevirək!” çağırışı özündə bütün məqamları ehtiva edir. Vətəndaş məmnunluğunun təmin edilməsi əsas prioritetlərdəndir. Bu gün hansı sahəyə diqqət yetirsək insan amilinə böyük dəyər verildiyini görərik. İnsan hüquq və azadlıqlarının qorunması, dövrün çağırışlarına uyğun olaraq yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi də bunun bariz nümunlərindəndir. Milli Konstitusiyada əksini tapan maddələrin əksəriyyəti insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. İmzalanan əfv sərəncamları, qəbul edilən Amnistiya aktları cəmiyyətdə humanizm və həmrəylik ideyalarını daha da möhkəmləndirir”.
