YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Amnistiya təşəbbüsü ədalətli, mərhəmətli və hüquqa əsaslanan dövlətçiliyin nümayişidir

Əli Hüseynli

Milli Məclisin deputatı

2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi müasir dövlətçilik tariximizin iki fundamental sütununun – hüquqi dövlətçilik və tam suverenliyin siyasi-fəlsəfi və praktik məzmun baxımından yenidən dəyərləndirilməsinə şərait yaratmışdır. Bu il çərçivəsində Prezident İlham Əliyevin irəli sürdüyü amnistiya təşəbbüsü yalnız hüquqi mexanizm deyil, eyni zamanda Azərbaycan dövlətçilik ənənələrinin, humanizm prinsipinin və insan amilinin ali siyasi dəyər kimi qəbul olunmasının növbəti təzahürüdür.

Amnistiya institutu konstitusion dövlətçilik fəlsəfəsi bir-biri ilə sıx əlaqədədir. Amnistiya aktları hüquqi baxımdan cəzanın fərdiləşdirilməsi və cəmiyyətə reinteqrasiya mexanizmi olmaqla yanaşı, siyasi baxımdan dövlətin öz vətəndaşına humanist münasibətinin göstəricisidir. Konstitusiyanın aliliyini və insan hüquqlarının təmin edilməsini əsas prinsip kimi qəbul edən dövlət kimi Azərbaycanda amnistiya institutu ədalət–humanizm–təhlükəsizlik balansı üzərində qurulur.

Azərbaycan Respublikasının Konstitusiyası da insan hüquq və azadlıqlarını ali dəyər kimi təsbit edir. Məhz bu konstitusion yanaşma amnistiya və əfv mexanizmlərinin dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilməsinə hüquqi zəmin yaratmışdır.

Müstəqil Azərbaycanda amnistiya və əfv institutlarının sistemli və davamlı dövlət siyasəti kimi formalaşması humanist dövlətçilik modelinin banisi Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Ulu öndərin hakimiyyəti dövründə hüquqi dövlət quruculuğu prioritet elan edilmiş, insan amili dövlət siyasətinin mərkəzinə çəkilmiş və amnistiya aktları siyasi sabitliyin, ictimai barışın və sosial ədalətin təmin vasitəsi kimi tətbiq olunmuşdur.

1995-ci ildən ötən 30 il ərzində qəbul edilən amnistiya aktları və əfv sərəncamları on minlərlə insanı əhatə etmişdir.  ümumilikdə qəbul edilən 12 amnistiya aktı və imzalanan 71 əfv sərəncamı on minlərlə insanı əhatə etməklə cəmiyyətdə dövlətə etimadı gücləndirmiş, hüquqi islahatların humanist mahiyyətini nümayiş etdirmişdir. Bu yanaşma təsadüfi deyil, Heydər Əliyev dövlətçilik məktəbinin güclü dövlət – humanist siyasət qarşılığını ehtiva edən əsas fəlsəfəsidir.

Bu baxımdan İlham Əliyev dövrünü humanizmin müasir mərhələsi kimi dəyərləndirmək mümkündür. Dövlətimizin başçısı ölkəyə rəhbərlik etdiyi 22 il ərzində bu siyasi xətti ardıcıl olaraq yeni tarixi reallıqlar və müasir çağırışlar fonunda uğurla, yeni keyfiyyətdə davam etdirmişdir. Onun prezidentliyi  dövründə onlarla əfv sərəncamı imzalanmış, bir neçə genişmiqyaslı amnistiya aktı qəbul edilmiş, minlərlə məhkum və onların ailə üzvləri bu humanist addımlardan faydalanmışdır. Cənab İlham Əliyevin bu istiqamətdəki fəaliyyəti amnistiya institutuna sosial-mənəvi ölçü qazandırmış, bu sahədə dövlət siyasətinin yalnız hüquqi deyil, eyni zamanda etik və insani əsaslara söykəndiyini göstərmişdir.

 Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, bu amnistiya və əfv siyasəti sosial ədalət, cəmiyyətə reinteqrasiya, ailə institutunun qorunması və postmünaqişə dövrünün psixoloji reabilitasiyası kimi amillərlə üzvi şəkildə əlaqələndirilmişdir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən amnistiya təşəbbüsü də bu baxımdan rəmzi və məntiqi xarakter daşıyır: suveren dövlət öz gücünü yalnız sərtliklə deyil, mərhəmət və hüquqi yetkinliklə nümayiş etdirir.

Humanizmin institusional ifadəsi kimi amnistiya və əfv siyasətində mühüm rol oynayan şəxslərdən biri də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva olmuşdur. O, Milli Məclisin deputatı olduğu dövrdə 4 amnistiya təşəbbüsünə müəlliflik etmişdir. Bu prosesdə xüsusilə qadınlar, azyaşlı uşağı olan məhkumlar, ahıllar və sosial həssas qruplar diqqət mərkəzində saxlanılmış, humanitar və sosial yanaşma hüquqi mexanizmlərlə uzlaşdırılmışdır.

Beləliklə, yeni müstəqil Azərbaycanda Ümummili lider Heydər Əliyev dövründən başlayaraq formalaşan amnistiya və əfv siyasətinin statistik mənzərəsi humanizm prinsiplərinə və insan amilinə yanaşmanın uğurlu siyasi nəticələrini əks etdirir. Bu göstəricilər Azərbaycan dövlətinin cəza siyasətində humanist yanaşmaya üstünlük verdiyini, cinayət hüququnun məqsədini cəza deyil, islah və reinteqrasiya kimi gördüyünü, sosial sabitliyi və ictimai barışı strateji hədəf seçdiyini təsdiqləyir.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Prezident İlham Əliyevin amnistiya təşəbbüsü isə ulu öndər Heydər Əliyevdən miras qalmış dövlətçilik ənənələrinin ardıcıl davamı, humanizm prinsiplərinin siyasi praktikada real ifadəsi və insan amilinin Azərbaycan dövlətinin siyasi kredosunun əsas tərkib hissəsi olduğunu bir daha nümayiş etdirir. Bu siyasi addım sübut edir ki, müasir Azərbaycan dövləti suverenliyini yalnız ərazi bütövlüyü ilə deyil, eyni zamanda ədalətli, mərhəmətli və hüquqa əsaslanan idarəçilik modeli ilə möhkəmləndirir.