YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Hüquqi təminatlar əsasında demokratik idarəetmə nümunəsi

Nazimə Şamıyeva

YAP Füzuli rayon təşkilatının sədri

Prezident İlham Əliyevin 15 dekabr 2025-ci il tarixində amnistiya elan edilməsi təşəbbüsünü irəli sürməsi ölkəmizdə həyata keçirilən humanist siyasətin bariz nümunəsi kimi dəyərləndirilir. Dövlət başçısının bu qərarı hüquqi dövlət prinsiplərinə, insan hüquq və azadlıqlarına, eyni zamanda ümumbəşəri humanizm dəyərlərinə sadiqliyin növbəti təzahürüdür.

Amnistiya aktları Azərbaycan dövlətçiliyində xüsusi yer tutur və bu mexanizm cəmiyyətin sağlamlaşmasına, sosial ədalətin təmininə, insanlara yeni həyat şansı verilməsinə xidmət edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən siyasət sistemli və ardıcıl xarakter daşıyır. Müxtəlif illərdə imzalanan əfv fərmanları yüzlərlə ailəyə sevinc bəxş etmiş, cəmiyyətə reinteqrasiya imkanlarını genişləndirmişdir.

Amnistaiya təşəbbüsü məhz bu humanist yanaşmanın davamıdır. Cəzasının müəyyən hissəsini çəkmiş, davranışları ilə islah olunma yolunda olduqlarını sübut etmiş şəxslərə münasibətdə mərhəmət göstərilməsi dövlətin gücünün və mənəvi dəyərlərə bağlılığının göstəricisidir.

Prezident İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edib ki, insan amili, vətəndaş rifahı və sosial ədalət dövlət siyasətinin mərkəzində dayanır. Əfv fərmanları da bu konseptual yanaşmanın praktik nəticəsidir. Bu addımlar həmçinin cəmiyyətdə bağışlama, mərhəmət və qarşılıqlı anlayış kimi dəyərlərin möhkəmlənməsinə xidmət edir.

Beynəlxalq təcrübəyə nəzər saldıqda da görünür ki, əfv və amnistiya aktları inkişaf etmiş hüquqi dövlətlərin humanist siyasətinin ayrılmaz hissəsidir. Azərbaycan bu baxımdan mütərəqqi beynəlxalq ənənələrə sadiq qalaraq, milli dəyərlərlə ümumbəşəri prinsipləri uğurla uzlaşdırır.

Nəticə etibarilə, Prezident İlham Əliyevin bu təşəbbüsü dərin mənəvi məzmun daşıyan mühüm ictimai-siyasi hadisədir. Bu təşəbbüs dövlət başçısının yüksək insani keyfiyyətlərini, humanizmə, ədalətə və insan taleyinə həssas münasibətini bir daha təsdiqləyir və Azərbaycan dövlətinin güclü, mərhəmətli və sosialyönümlü siyasətini aydın şəkildə nümayiş etdirir.