Xəbərlər
Humanizm siyasətinin bariz nümunəsi
Natiq Allahverdiyev
YAP Qax rayon təşkilatının sədri
Müasir Azərbaycan dövlətçiliyi hüququn aliliyinə, insan və vətəndaş hüquqlarının qorunmasına, sosial ədalət prinsipinə əsaslanan möhkəm dövlətçilik ənənələri üzərində formalaşıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət ölkədə siyasi sabitliyi, ictimai həmrəyliyi və dayanıqlı inkişafı təmin edən fundamental dəyərlərə söykənir. Amnistiya təşəbbüsü də bu ardıcıl və sistemli dövlətçilik xəttinin məntiqi davamıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin növbəti amnistiya elan edilməsi təşəbbüsünü irəli sürməsi cəmiyyətimizdə böyük rəğbətlə qarşılanır. Bu da təsadüfi deyil. Çünki humanizm xalqımızın ən ali xüsusiyyətlərindən biridir.
Tarix boyunca formalaşan və Azərbaycan xalqının böyüklüyünü təcəssüm etdirən humanizm ənənələri həmçinin dövlət siyasətində də özünün əksini tapır. Belə ki, ölkəmizdə qanunun aliliyi yüksək səviyyədə təmin olunmaqla yanaşı, əlamətdar tarixlər, hadisələr ərəfəsində amnistiya aktları da elan olunur. Cənab Prezidentin bu təşəbbüsü də “Konstitusiya və Suverenlik İli”ndə xalqımıza ərməğandır! 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ildə bir günlük antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Bu əməliyyatların keçirilməsinin hüquqi əsaslarını da məhz Konstitusiyamız təşkil etmişdir. Bu gün biz qürurla qeyd edirik ki, ölkəmizin bütün ərazisində konstitusiya quruluşu tətbiq olunur!
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu humanizm siyasəti sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən də eyni ardıcıllıqla davam etdirilib və onun tətbiqi dairəsi daha da genişləndirlib. Ümumiyyətlə, müstəqillik dövründə respublikamızda xeyli sayda əfv sərəncamı və amnistiya aktı verilib ki, bunların nəticəsində 10 minlərlə insan azadlığa qovuşub.
Prezident İlham Əliyevin siyasi fəaliyyətində humanizm prinsipi xüsusi yer tutur. Dövlət başçısı insan taleyinə, sosial ədalətə və mərhəmətə əsaslanan qərarları ilə hüquqi dövlət modelinin humanist mahiyyətini ön plana çəkir. Amnistiya təşəbbüsü cəmiyyətin mənəvi sağlamlığının qorunmasına, insanlara ikinci şans verilməsinə yönəlmiş mühüm humanist addımdır.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiyanın elan edilməsi təşəbbüsü Prezident İlham Əliyevin ümumbəşəri humanizm dəyərlərinə, insan hüquqlarına və beynəlxalq hüquq normalarına sadiqliyinin bariz nümunəsidir. Bu təşəbbüs Azərbaycan dövlətinin gücünü cəza sərtliyində deyil, ədalət və mərhəmətdə görən siyasi fəlsəfəyə malik olduğunu bir daha nümayiş etdirir.
Amnistiya aktı müxtəlif kateqoriyalara aid olan şəxsləri əhatə edərək, xüsusilə az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş şəxslərə, habelə sosial həssas qruplara münasibətdə humanist yanaşmanı ön plana çıxarır. Bu, həm reinteqrasiya prosesini sürətləndirir, həm də cəmiyyətə faydalı fərdlərin yenidən qazanılmasına şərait yaradır.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə həyata keçirilən 12 amnistiya və 71 əfv təşəbbüsü dövlətin humanist siyasətinin davamlı və sistemli xarakter daşıdığını sübut edir. Bu təşəbbüslər minlərlə ailənin sevincinə səbəb olmuş, sosial ədalətin və insanpərvərliyin real təzahürü kimi tarixə düşmüşdür.
“Konstitusiya və Suverenlik İli” münasibətilə irəli sürülən bu amnistiya təşəbbüsü müstəqil Azərbaycanın tarixində miqyası və əhatə dairəsinə görə ən böyük humanist addımlardan biri kimi qiymətləndirilir. Bu təşəbbüs suveren, güclü və hüquqi Azərbaycan dövlətinin vətəndaşına verdiyi dəyərin, insan amilini ali prioritet kimi qəbul etdiyinin parlaq göstəricisidir.
Amnistiya aktı tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrum etmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacaq. Bu dəfəki amnistiya 20 mindən çox şəxsə şamil ediləcək. İmzalanan əfv sərəncamları, qəbul edilən amnistiya aktları törətdikləri müxtəlif cinayətlərə görə azadlıqdan məhrum edilmiş məhkumların cəmiyyət üçün yararlı vətəndaşa çevrilmələri naminə yaradılmış imkanların ən ümdəsidir.
Amnistiya aktının layihəsinə əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Bununla yanaşı, layihəyə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır.
