Xəbərlər
“Güclü dövlət və dinamik inkişaf strategiyasının müəllifi”
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu ərazi partiya təşkilatında “Güclü dövlət və dinamik inkişaf strategiyasının müəllifi” mövzusunda tədbir keçirilib.
Tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev tədbiri giriş sözü ilə açaraq bildirib ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətin hüquqi əsaslarının daha da möhkəmləndirilməsinə, suverenliyin gücləndirilməsinə xidmət edir. O vurğulayıb ki, hər bir xalq üçün müstəqil və suveren dövlət qurmaq, onu qorumaq və davamlı şəkildə inkişaf etdirmək ən böyük tarixi nailiyyətdir. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin memarı olduğu müstəqil respublika yeni dövrün çağırışlarına uyğun şəkildə hərtərəfli inkişaf mərhələsini yaşayır. Əldə olunan sürətli irəliləyiş və yüksək nəticələr isə Ulu Öndərin siyasi irsini uğurla davam etdirən, güclü dövlət və dinamik inkişaf strategiyasının müəllifi, Qalib Dövlətin Qalib Lideri İlham Əliyevin adı ilə bilavasitə bağlıdır.
Təşkilatın sədri vurğulayıb ki, cənab İlham Əliyev ötən 22 il ərzində həyata keçirdiyi məqsədyönlü və ardıcıl fəaliyyətlə tarixi inkişaf yolunu yeni məzmunla zənginləşdirərək daha yüksək mərhələyə yüksəltmişdir: “Bu dövrdə sabitlik möhkəmlənmiş, beynəlxalq nüfuz artmış, dövlət quruculuğu prosesində yeni dinamika formalaşmışdır. Bütün istiqamətlər üzrə əldə edilən ciddi nailiyyətlər daxili və xarici siyasətin vəhdətinin təmin olunduğunu göstərir. Nəticə etibarilə, ölkə hazırda sabit şəraitdə sürətli inkişafını davam etdirir və həyata keçirilən kurs müasir, səmərəli və uzunmüddətli perspektivlər baxımından uğurlu xarakter daşıyır”.
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev bildirib ki, güclü dövlət və dinamik inkişaf strategiyasının müəllifi olan, Qalib Xalqın Qalib Lideri İlham Əliyevin fəaliyyəti təkcə davamlı inkişafın deyil, eyni zamanda sabitliyin möhkəmləndirilməsi və vətəndaş cəmiyyətinin inkişafını təmin edib. Qeyd olunub ki, dövlətimizin başçısının milli maraqları daim üstün tutması daha da beynəlxalq mövqelərin güclənməsinə, əhalinin rifahının yüksəlməsinə xidmət edir. Bu fəaliyyət xalq tərəfindən yüksək dəyərləndirilir.
Daha sonra partiya veteranı Qafar Məmmədovun “Güclü dövlət və dinamik inkişaf strategiyasının müəllifi” mövzusunda məruzəsi dinlənilib. Ardınca partiya fəalları Sara Məsimova və digərləri çıxış edərək vurğulayıblar ki, bütün uğurların təməlində Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi və bu siyasi xəttin Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilməsi amili dayanır. Çıxışlarda bildirilib ki, nəticədə Azərbaycan regionun ən güclü və qalib dövləti kimi mövqeyini möhkəmləndirib və formalaşmış liderlik xətti uzunmüddətli perspektivdə də davamlı olacaq.
Sonra rayonun ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup şəxsə YAP Göygöl rayon təşkilatının təşəkkürnamə və hədiyyələri təqdim olunub.
Tədbirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekun vurulub.
