Xəbərlər
Mütərəqqi gənclər siyasəti milli güc amilidir
Nurlan Həsənov
Milli Məclisin deputatı
Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışı idman siyasətinin strateji mahiyyətini və uzunmüddətli hədəflərə əsaslandığını bir daha nümayiş etdirir. Dövləmizin başçısının vurğuladığı fikirlər idmanın gənclərin hərtərəfli inkişafında və sağlam cəmiyyətin formalaşmasında mühüm yer tutduğunu, bu sahədə əldə olunan nailiyyətlərin isə ardıcıl siyasət, məqsədyönlü proqramlar və davamlı diqqət hesabına mümkün olduğunu sübut edir.
2025-ci il ərzində idmançılarımız tərəfindən beynəlxalq arenalarda qazanılmış 2000-dən çox medal, o cümlədən yüzlərlə qızıl medal ardıcıl və məqsədyönlü fəaliyyətin nəticəsi kimi dəyərləndirilir. Bu uğurlar sistemli hazırlıq prosesinin, peşəkar məşq mexanizmlərinin və idmana göstərilən davamlı diqqətin məntiqi nəticəsidir. Medalların sayının əvvəlki illərlə müqayisədə artması aparılan siyasətin effektivliyini aydın şəkildə ortaya qoyur, qarşıya qoyulan məqsədlərin düzgün müəyyən edildiyini və həyata keçirilən tədbirlərin real nəticələr verdiyini təsdiqləyir. Bu göstəricilər idman sahəsində formalaşmış sabit və davamlı inkişaf xəttinin mövcudluğunu sübut edir.
İdman infrastrukturunun qısa müddət ərzində yenidən qurulması bu sahəyə verilən önəmin ən bariz göstəricilərindən biridir. Bölgələrdə Olimpiya İdman komplekslərinin sayının 46-ya çatması idmanın regionları əhatə edən ümumi inkişaf modeli əsasında təşkili istiqamətində atılan ardıcıl addımların nəticəsidir. Gəncə və Yevlaxda yeni komplekslərin istifadəyə verilməsi regionlarda gənclərin idman imkanlarına çıxışını genişləndirməklə yanaşı, sağlam həyat tərzinin təşviqinə də mühüm töhfə verir. Bu yanaşma idmanın kütləviləşməsinə, istedadların vaxtında üzə çıxarılmasına və bölgələr üzrə balanslı inkişafın təmin olunmasına xidmət edir.
Sağlam gənc nəslin formalaşdırılması cəmiyyətin uzunmüddətli inkişaf strategiyasının əsas prioritetlərindən biri kimi dəyərləndirilir. Uşaqlıq və yeniyetməlik dövründən idmana göstərilən maraq təkcə gələcək idman nailiyyətlərinin deyil, eyni zamanda fiziki və mənəvi cəhətdən sağlam, Vətəninə bağlı və məsuliyyətli vətəndaşların yetişməsinin əsasını qoyur. İdmanla müntəzəm məşğul olan gənclər intizamlı, məqsədyönlü və öz üzərində çalışmağı bacaran fərdlər kimi formalaşır. Bu xüsusiyyətlər isə ümumi ictimai həyatın keyfiyyətinin yüksəlməsinə mühüm təsir göstərir.
İdman siyasətində gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması xüsusi əhəmiyyət daşıyır. İdman meydanlarında formalaşan mübarizlik, iradə, dözümlülük və qələbəyə inam kimi keyfiyyətlər gənclərin mənəvi dünyasına da sirayət edir. Cəmiyyətdə mövcud olan birlik və həmrəylik mühiti bu prosesə əlavə stimul verir. Fiziki hazırlıqla mənəvi dəyərlərin uzlaşdırılması gənc nəslin formalaşmasında mühüm rol oynayır və davamlı inkişafın əsas şərti kimi ön plana çıxır.
Beynəlxalq yarışlarda Dövlət Bayrağının yüksəldilməsi hər bir vətəndaş üçün qürur mənbəyidir və milli özünüdərkin güclənməsinə xidmət edir. Son illərdə əldə olunmuş tarixi Qələbə idmançıların məsuliyyət hissini daha da artırmışdır. Onlar artıq yarışlara yalnız idmançı kimi deyil, eyni zamanda müzəffər xalqın layiqli nümayəndələri kimi çıxırlar. Bu amil həm motivasiya, həm də psixoloji hazırlıq baxımından mühüm üstünlük yaradır və idman nəticələrinə müsbət təsir göstərir.
III MDB Oyunlarının bir neçə şəhəri əhatə etməklə yüksək səviyyədə təşkili regionların potensialını geniş miqyasda nümayiş etdirir. Yarışların paytaxtla yanaşı digər şəhərlərdə keçirilməsi infrastruktur imkanlarının kifayət qədər geniş olduğunu, təşkilati və logistik bacarıqların yüksək səviyyədə formalaşdığını göstərir. Minlərlə qonağın iştirakı ilə baş tutan bu mötəbər tədbirlər bölgələrin tanıdılması, yaradılmış şəraitin nümayişi və idman mədəniyyətinin daha geniş kütlələrə yayılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
UFC üzrə beynəlxalq turnirin təşkili və Formula 1 yarışlarının artıq davamlı xarakter alması idmanın ölkənin beynəlxalq təqdimatında oynadığı rolu ortaya qoyur. Formula 1 yarışlarının geniş auditoriya tərəfindən izlənilməsi şəhərin müasir infrastrukturu, təhlükəsizlik imkanları və təşkilati bacarığının nümayişinə şərait yaradır. Bu cür mötəbər idman tədbirləri idmanla yanaşı turizm, xidmət, nəqliyyat və digər sahələrin inkişafına da güclü təkan verir.
Şahdağ Xizək Mərkəzində keçiriləcək Dünya Kuboku yarışları qış idmanı sahəsində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Yeni trasların salınması, mövcud infrastrukturun genişləndirilməsi və turizm imkanlarının artırılması bölgənin sosial-iqtisadi həyatına müsbət təsir göstərir. Bu proses yalnız idman sahəsinin inkişafı ilə məhdudlaşmır, eyni zamanda ətraf yaşayış məntəqələrində məşğulluğun artmasına və ümumi canlanmaya səbəb olur.
Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi idman sahəsində görülən işlərin beynəlxalq miqyasda yüksək dəyərləndirilməsinin göstəricisidir. İdmançıların və mütəxəssislərin mükafatlandırılması isə bu sahədə formalaşmış ədalətli və stimullaşdırıcı yanaşmanın davamı kimi çıxış edir. Əməyə verilən dəyər yeni uğurlar üçün güclü motivasiya yaradır və idman mühitinin daha da möhkəmlənməsinə xidmət edir.
2025-ci ilin idman yekunları bir daha təsdiqləyir ki, bu sahədə aparılan siyasət möhkəm təməllərə söykənir və gələcəyə hesablanmış ardıcıl strategiya üzərində qurulub. İdman sağlam gənclik, güclü cəmiyyət və milli ruhun möhkəmlənməsi deməkdir. Məhz bu yanaşma qarşıdakı illərdə də yeni nailiyyətlərin əldə olunması üçün etibarlı zəmin yaradır.
