Xəbərlər
Enerji sahəsində əməkdaşlıq iqtisadi əlaqələrin əsas istiqamətidir
Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri
Yanvarın 8-də Bakıda, “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib. Mərasimdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərək ölkəmizdə enerji sahəsinin, xüsusilə alternativ enerjinin inkişafı istiqamətində görülmüş işlərdən bəhs etdi. Qeyd edək ki, bu stansiya Azərbaycan Respublikası Energetika Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında imzalanmış müqavilə nəticəsində inşa edilib. Elektrik stansiyasının təməlqoyma mərasimi isə 2022-ci ilin yanvar ayında “Gülüstan” sarayında cənab Prezident İlham Əliyevin iştirakı ilə qoyulub.
Çıxışında dövlətimizin başçısı xüsusi qeyd etmişdir ki, son illərdə ölkəmizin enerji siyasətində alternativ və bərpaolunan enerji əsas prioritetlərdən biridir. Cənab Prezident vurğulamışdır ki, bu layihə təkcə enerji sektorunda deyil, ümumilikdə Azərbaycanın enerji strategiyasında mühüm əhəmiyyətə malikdir və 240 meqavat gücündə stansiya ölkəmizin ümumi inkişafına öz töhfəsini verəcəkdir. Qeyd etməliyik ki, “Xızı-Abşeron” Külək Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük külək elektrik stansiyalarından biridir və bu stansiya ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı elektrik stansiyasıdır.
Qeyd etməliyik ki, müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanın əsas enerji ehtiyyatlarını neft və qaz təşkil etsə də alternativ enerji mənbələri daim dövlətimizin nəzarətində olmuş, onların istifadəsi ilə əlaqədar bir sıra məqsədyönlü işlər görülmüşdür. Belə ki ölkə başçısı cənab İlham Əliyev 2004-cü ilin 21 oktyabrında bu məqsədlə müvafiq sərəncam imzalamışdır. Ötən müddət ərzində bu sərəncam uğurla həyata keçirilmiş, ekoloji cəhətdən daha təmiz və bərpa olunan enerji mənbələri əldə etmək üçün stansiyalar inşa edilmişdir. Qısa müddət ərzində ölkədə energetika sahəsindəki irəliləyişləri ölkəyə xarici kapitalın axını güclənmiş və ən əsası da enerji təhlükəsizliyi əldə olunmuşdur. Hər kəsə məlumdur ki, dünyanın ən qabaqcıl ölkələri enerji ehtiyyatlarının tükənməsi, ölkəni sabit enerji ilə təmin etmək kimi məsələlərdə çətinlik çəkir. Xüsusilə dünyanın hazırki geosiyasi vəziyyətində Qərb dövlətlərinin enerji təminatı ilə bağlı düşdüyü çətin vəziyyət hər birimizə məlumdur. Qürurverici haldır ki, ölkəmiz son illər tək neft, qaz deyil, elektrik enerjisi ixracatını da uğurla həyata keçirir.
Hər kəsə məlumdur ki, ənənəvi enerji mənbələri zamanla azalıb tükənə bilər. Bu nöqteyi-nəzərdən bütün dünyada əsas vəzifələrdən biri təmiz enerji mənbələrindən istifadə olunmasıdır. Ölkəmizdə bu məsələyə xüsusi önəm verilmiş, həm gələcəkdə daimi enerji mənbələrinin fəaliyyəti, həm ekologiyanın çirklənməyinin qarşısını almaq məqsədilə daimi enerji mənbələrindən istifadə getdikcə artır. Azərbaycanın yerləşdiyi coğrafi mühit və iqlim şərati də buna imkan verir ki, günəş, külək enerjisi alternativ olaraq istifadə olunsun. Azərbaycanın günəşli və küləkli ölkə olduğunu nəzərə alsaq deyə bilərik ki, məhz bunun nəticəsində Azərbaycanın bir çox rayonlarında enerji hasilatını müəyyən qədər ödəyə bilər. Külək enerjisinin istifadəsi ilə əlaqədar ölkə tarixində ən əlamətdar hadisələrdən biri isə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılış mərasimidir. Bu stansiyanın fəaliyyəti ilə həm ölkədə tükənən enerjinin təminatı ön plana çıxdı, eyni zamanda ixracatda önəmli rol oynaması ölkəyə maliyyə axını imkanları genişəndi.
Dünyaya nəzər salsaq son illər enerji dəyərinin durmadan artımını müşahidə edə bilərik. Belə bir zamanda Azərbaycanın enerji sektorunda yüksəlişi diqqətəlayiqdir və onu deməyə əsas verir ki, yaxın gələcəkdə bir çox ölkələrə ekoloji cəhətdən təmiz mənbələrdən alınan elektrik enerjisi ixracatı da həyata keçiriləcəkdir. Xüsusi olaraq qeyd etməliyik ki, işğaldan azad olunan torpaqlarımızda da zəngin alternativ enerji mənbələri mövcuddur. Həyata keçirilən “ağıllı kənd” və “ağıllı şəhər” layihələrində bu imkanlardan geniş istifadə edilməkdədir. Cənab Prezident çıxışında xüsusi olaraq qeyd etdi ki, son beş il ərzində Qarabağda və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına ümumi potensialı 300 meqavatdan çox olan 40-a yaxın kiçik su elektrik stansiyası inşa edilmişdir.
8 yanvar 2026-cı il tarixində Prezident İlham Əliyevin iştirakı ilə 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılış mərasiminin keçirilməsi isə alternativ enerji sahəsində xüsusi əlamətdar hadisə kimi tarixə düşəcək və inanırıq ki, daha geniş regionun enerji təhlükəsizliyinə töhfə verməklə ölkəmizin dayanıqlı, sabit inkişafını təmin edəcəkdir.
