YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Haqq və ədalət uğrunda mübarizədə

Azərbaycan xalqının milli dəyərlər sistemində Vətənə, torpağa sədaqət, azad və müstəqil yaşamaq ideyası hər zaman xüsusi yer tutub. Tarixin müxtəlif mərhələlərində bu ideya xalqımızı bir amal ətrafında birləşdirib, haqq və ədalət uğrunda mübarizədə sarsılmaz iradə nümayiş etdirməsinə səbəb olub. Lakin bu yol ağır sınaqlarla, faciələrlə də müşayiət olunub. Belə qanlı faciələrdən biri 36 il əvvəl – 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verib.

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadənin sözlərinə görə, həmin gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə Bakıya və respublikanın bir sıra rayonlarına yeridilən sovet ordusu dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq nümayiş etdirib. Qadın, uşaq, qoca demədən insanlar tanklardan, zirehli texnikadan və müxtəlif silahlardan atəşə tutulub. Bu, insanlığa qarşı əvvəlcədən planlaşdırılmış ağır cinayət idi.

Deputat qeyd edib ki, 20 Yanvar faciəsinə aparan proseslər 1987-ci ildən – azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından kütləvi deportasiyası və  Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri ilə başlanıb. Gərginliyi aradan qaldırmaq əvəzinə, sovet rəhbərliyi Azərbaycan xalqına qarşı hərbi təcavüz yolunu seçdi. Mixail Qorbaçovun birbaşa əmri ilə həyata keçirilən “Bakı əməliyyatı”na 66 mindən artıq hərbçi cəlb olunmuş, fövqəladə vəziyyət elan edilməmişdən əvvəl şəhərə qoşun yeridilmişdi.

Faciə nəticəsində Bakıda və respublikanın digər bölgələrində ümumilikdə 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər isə qanunsuz həbs olundu. Dövlət və şəxsi əmlaka milyonlarla rubl məbləğində ziyan vuruldu. Bu qanlı hadisə sovet imperiyasının Azərbaycandakı bütün siyasi və hüquqi dayaqlarını sarsıtdı.

Pərvin Kərimzadə bildirib ki, informasiya blokadasının yaradıldığı, imperiya təbliğat maşınının qurbanları “qiyamçı” kimi təqdim etdiyi bir vaxtda Ulu Öndər Heydər Əliyevin mövqeyi xalq üçün böyük mənəvi dayaq oldu. O, faciənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək baş verənləri hüquqa, demokratiyaya və humanizmə zidd hərbi təcavüz kimi qiymətləndirdi, günahkarların cəzalandırılmasını tələb etdi. Bu çıxış bütün təhlükələrə baxmayaraq, xalqın haqq səsinin dünyaya çatdırılmasına xidmət etdi.

Millət vəkili vurğulayıb ki, 20 Yanvar hadisələrinə baxmayaraq, Azərbaycan xalqı milli azadlıq mübarizəsindən geri çəkilmədi. Əksinə, bu faciə xalqın mübarizə əzmini daha da möhkəmləndirdi və müstəqilliyə aparan yolu dönməz etdi. Məhz bu iradənin nəticəsi olaraq Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyini bərpa etdi.

Faciəyə tam siyasi-hüquqi qiymət yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildi. Onun təşəbbüsü ilə əvvəlcə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində, daha sonra isə 1994-cü il martın 29-da Milli Məclis səviyyəsində 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş hərbi təcavüz və cinayət kimi rəsmən qiymətləndirildi.

Eyni zamanda, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atıldı. 1998-ci ildə “20 Yanvar şəhidi” fəxri adı təsis edildi, Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə kompleksi ucaldıldı. Bu siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. 20 Yanvar şəhidlərinin ailələrinin və əlillərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə mütəmadi qərarlar qəbul olunur, təqaüdlər artırılır, mənzil və digər sosial təminatlar verilir.

Deputatın sözlərinə görə, 20 Yanvar təkcə faciə deyil, eyni zamanda, xalqımızın ləyaqət, cəsarət və qəhrəmanlıq salnaməsidir. Həmin gün Vətən uğrunda canından keçən oğul və qızlarımız azadlıq yolunda ilk şəhidlərimiz oldular. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə ərazi bütövlüyümüzün, 2023-cü ildə isə suverenliyimizin tam bərpa olunması 20 Yanvar şəhidlərinin də müqəddəs arzularının gerçəkləşməsi deməkdir.

20 Yanvar hadisələri unudulmur, xalqımız hər il bu günü dərin hüzn və ehtiramla yad edir. Azərbaycan xalqı azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman övladları ilə daim fəxr edir və onların xatirəsini uca tutur.