Xəbərlər
“20 Yanvar: Hüzn, Qürur və Milli İradə”
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş “20 Yanvar: Hüzn, Qürur və Milli İradə” adlı anım tədbiri keçirilib.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru, Universitetin nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Azərbaycan İlahiyyat İnstitutunun reltoru Aqil Şirinov, Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə, Milli Məclisin VI çağırış deputatı Elnur Allahverdiyev, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, Bakı şəhər Narkoloji Dispanserin baş həkimi Qalib Məmmədov, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Vüsal Hüseynov, YAP Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP Yasamal rayon ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri və fəal gənclər iştirak ediblər.
Əvvəlcə Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət edilib, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib. YAP Yasamal rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Dövlət Himni səsləndirilib.
Sonra 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və Bakı Biznes Universitetinin rektoru İbad Abbasov qeyd ediblər ki, Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar faciəsindən 36 il keçməsinə baxmayaraq, bu qanlı hadisə öz tarixi-siyasi mahiyyətini itirmir. Vurğulanıb ki, həmin gün azadlıq və istiqlaliyyət uğrunda ayağa qalxmış dinc əhaliyə qarşı törədilən bu vəhşilik insanlığa qarşı ağır cinayət idi və beynəlxalq hüquq normalarının, o cümlədən İnsan Haqları Bəyannaməsinin kobud şəkildə pozulması demək idi.
Çıxışlarda bildirilib ki, 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. Ulu Öndər 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransında Sovet rejiminin cinayətkar mahiyyətini açıq şəkildə ifşa edib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı il noyabrın 21-də bu hadisəyə siyasi-hüquqi qiymət verib. Heydər Əliyev Prezident seçildikdən sonra isə 1994-cü il martın 29-da Milli Məclisin qəbul etdiyi qərarla 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi və 20 Yanvar - Ümumxalq Hüzn Günü elan olundu.
Vurğulanıb ki, Azərbaycan xalqı 20 Yanvar şəhidlərini heç vaxt unutmur. Şəhidlər Xiyabanı azadlıq qurbanlarına sonsuz ehtiramın rəmzidir. Eyni zamanda qeyd edilib ki, 20 Yanvar və Qarabağ müharibəsi şəhidlərinin ən böyük qisası Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı qələbələrlə alınıb.
Sonra Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının təqdimatında bədii hissə təqdim olunub.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
