YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP və AK Parti sədrlərinin müavinləri arasında görüş keçirilib

Fevralın 25-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə keçiriləcək tədbirdə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin Türk dövlətləri ilə əlaqələr üzrə müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Kürşad Zorlunun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasındakı bütün dünyaya nümunə olan sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin iki ölkənin liderləri – Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın məqsədyönlü siyasəti nəticəsində uğurla inkişaf edərək keyfiyyətcə yeni mərhələyə - strateji müttəfiqlik səviyyəsinə yüksəldiyi məmnunluqla vurğulanıb. Bu gün iki ölkənin bir-birinə qətiyyətli dəstək ifadə etdiyi, Böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ümummilli Lider Heydər Əliyevin “Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir” kəlamlarının öz əməli təsdiqini tapdığı vurğulanıb.

2021-ci il 15 iyun tarixində imzalanmış Şuşa Bəyannaməsindən irəli gələn öhdəliklərin ardıcıl olaraq yerinə yetirilməsinin istər ikitərəfli əlaqələrin, istərsə də regionda çoxşaxəli işbirliyinin genişləndirilməsi kontekstində önəmi diqqətə çatdırılıb. Müstəqil, milli maraqlara və beynəlxalq hüquq normalarına əsaslanan siyasət həyata keçirərək dünyada söz və nüfuz sahibinə çevrilən iki müttəfiq dövlətin qlobal miqyasda bir-birini fəal şəkildə dəstəkləməsinin ortaq strateji hədəflərin gerçəkləşdirilməsi baxımından əhəmiyyəti xüsusi qeyd olunub.

Azərbaycanın ərazi bütövlüyü və mütləq suverenliyinin bərpasından sonra regionda yeni reallıqların yarandığı, bu tarixi mərhələnin ölkələrimiz və partiyalarımız üçün milli prioritetlərdən irəli gələn mühüm vəzifələr müəyyənləşdirdiyi vurğulanıb.

Azərbaycan ilə Türkiyənin birgə təşəbbüslərinin bölgədə sülhə, sabitliyə və təhlükəsizliyə xidmət etdiyi, ölkələrimizin birliyinin daha geniş coğrafiyada, o cümlədən Türk dünyasında təhlükəsizlik və əməkdaşlıq faktoru olduğu, eləcə də son illərdə yüksələn güc mərkəzinə çevrilən Türk Dövlətləri Təşkilatının beynəlxalq münasibətlər sistemində mövqelərinin möhkəmlənməsinə mühüm töhfələr verdiyi bildirilib.

Görüşdə Türk dövlətləri, o cümlədən etibarlı strateji müttəfiqlər olan Azərbaycan ilə Türkiyə arasında münasibətlərin inkişafı xüsusunda partiyalararası əlaqələrin gücləndirilməsinin zəruriliyi də vurğulanıb. 2021-ci il iyunun 2-də YAP ilə AK Parti arasında imzalanmış Əməkdaşlıq Protokolunda əksini tapan vəzifələrin uğurla icra olunduğu qeyd edilərək aktual çağırışlar fonunda ortaq hədəflərə və yeni perspektivlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Partiyalar arasında fikir və təcrübə mübadiləsinin genişləndirilməsi üçün qarşılıqlı səfərlərin önəminin vurğulandığı görüş zamanı AK Parti Sədrinin Türk dövlətləri ilə əlaqələr üzrə müavini Kürşad Zorlu Yeni Azərbaycan Partiyasının nümayəndələrini cari ildə Türkiyədə keçirilməsi nəzərdə tutulan Türk Dünyası Birinci Siyasət Forumuna dəvət edib.